21 Yanvar 2015 12:28
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Xızı rayon sakini Elnur Heybətovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, hadisə 2014-cü ilin oktyabrın 14-də Xızı rayonun Xələc kəndində qeydə alınıb. Xasməmməd Rəsulovun bıçaqla qətlə yetirilmiş meyiti evində tapılıb.

Xızı rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş kənd sakini Elnur Heybətov tutulub.

8-ci sinif şagirdi olan Elnur Heybətov həmkəndlisi Xasməmməd Rəsulovun evinə gəlib. Bu zaman məktəbli ilə Xasməmməd arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Mübahisə zamanı həyətdə olan stolun üstündən bıçağı götürən Elnur Heybətov özündən 30 yaş böyük olan kişiyə çoxsaylı zərbələr vurub. İstintaqa ifadə verən Elnur Heybətov törətdiyi cinayəti etiraf edib. O, özündən 30 yaş böyük kişini söyüş üstündə öldürdüyünün bildirib.

Öldürülən Xasməmməd Rəsulov Əfqanistan döyüşlərində iştirak edib.

Elnur Heybətov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Prosesdə Elnur Heybətovun anket məlumatları dəqiqləşdirilib, məhkəmə baxışı yanvarın 22-nə təyin edilib.

Hacı Zeynalov


Müəllif: