Xalq artisti Ağadadaş Ağayevlə insident yaşayan “MedEra” Hospitalın mühafizəçisi Nurəddin Cəlilovun məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrlik etdiyi prosesdə şahidlər ifadə verib.
Prosesdə Binəqədi rayon Mənzil-Kommunal İstismar Sahəsinin işçisi Validə Cabbarova, “MedEra” Hospitalda xəzinədar vəzifəsində çalışan Güldəstə Aşurlu və xadimə Xuraman Abbasova dindirilib.
Təqsirləndirilən Ağadadaş Ağayevin vəkili hər üç şahidin məhkəmədəki ifadələri ilə ibtidai istintaqa verdikləri ifadə arasında ziddiyyət olduğunu bildirib. Eyni zamanda şahidlərə yalan ifadəyə görə məsuliyyət daşıdıqlarını xatırladıb.
Cinayət işi üzrə şahidlərin dindirilməsi başa çatıb.
Növbəti prosesdə sənədlərin tədqiqi mərhələsi başlayacaq.
Məhkəmədə səhhəti ilə əlaqədar Ağadadaş Ağayev iştirak etməyib.
Proses fevralın 6-da davam etdiriləcək.
Qeyd edək ki, bundan əvvəl eyni ittihamla Ağadadaş Ağayevin cinayət işi ayrı icraatda Binəqədi Rayon Məhkəməsinə göndərilib. Ağadadaş Ağayevin cinayət işinə hakim Vüsal Tağıyevin sədriyi ilə baxılır.
İttihama görə, ötən il iyulun 22-də Bakı şəhər sakini olan Nurəddin Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 7 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini Ağadadaş Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə hədələdiyini bildirib.
Nurəddin Cəlilov daha sonra izahatında Ağadadaş Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan Nəzakət Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.
Xatırladaq ki, tərəflər arasında rəsmi şəkildə barışıq əldə olunub.