25 May 2017 16:30
1 635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda gənc dostum Qələndər Məmmədli Feysbukda belə bir status yazdı: “Azərbaycandan xaricə gedən hər tələbə Azərbaycanın səfiridir. Ölkəni təmsil edir və arxasından gələn millətə aiddir. Özünü kənara çəksə də, bu belədir”.

Başdan deyim ki, mən Qələndər bəyin fikrinə haqq verirəm, arqumentlərimi yazacam. Amma öncə bu fikri inkar edəcək arqumentləri tapmağa çalışaq.

Əvvəla, dünyanın harasında olmağından asılı olmayaraq, hər kəs bir fərddir, istədiyi şəkildə həyatını yalnız öz fərdi maraqları üzərində qura bilər. Bu, onun ən təbii haqqıdır.

Və ya dünyanın başqa bir yerində yaşayan Azərbaycan vətəndaşı özünü həmin ölkənin vətəndaşı kimi hiss edib və ya rəsmi şəkildə qəbul edib azərbaycanlılıqdan çıxa bilər. Necə ki, İstanbulda tanıdığım universitet müəllimlərindən tutmuş, müxtəlif işlərdə çalışan gənclərə qədər çoxları bu seçimi ediblər.

Eləcə də xaricə gedən tələbənin əsas hədəfi ancaq təhsil ola bilər, yaxşı mütəxəssis kimi yetişib o ölkədə çalışa bilər, azərbaycanlı olmaq onun maraqları çərçivəsinə daxil olmaya bilər.

Və ya bir tələbə “Azərbaycanı onsuz da ölkənin səfirlikləri, konsulluqları, diaspora təşkilatları təmsil edir, mənə nə” deyib bunda maraqlı olmaya bilər.

Yəni, unutmayaq ki, insan haqq və hüquqları, seçimləri hər şeydən öndə gəlir.

Amma məsələnin bir də cəmiyyət tərəfi var ki, hər bir fərdə birbaşa təsir edə bilir.

Misallarla açıqlayım.

Mərmərə Universitetində təhsil almağa gələndə, çox hörmət etdiyim bir müəllimlə söhbət edəndə belə bir misal çəkdi: “Siz azərbaycanlılar çox intellektual olursunuz. Mənim azərbaycanlı tələbələrim həmişə məni teatra, operaya dəvət ediblər. Bizim öz tələbələrimizdə teatr, film, ədəbiyyat kimi mövzulara azərbaycanlılar kimi maraq görməmişəm. Bir azərbaycanlı tələbəm vardı. Çox kasıb idi, hətta qrup yoldaşları dərsə hər gün eyni paltarla gəlir deyə söz də atmışdılar. Amma dərsdə həmin azərbaycanlı Fransa kino tarixindən tutmuş, rus ədəbiyyatına qədər misallarla müzakirələrdə iştirak edəndə hamısı onun intellekti qarşısında əzilirdilər”.

Əlbəttə, bu sözlər məni çox sevindirmişdi, bəlkə də, heç bir zaman kim olduğunu bilməyəcəyim həmin gəncə ürəyimdə təşəkkür də etmişdim. Çünki İstanbulda və ya dünyanın bir çox yerində bir ölkənin vətəndaşının yaratdığı obraz bütövlükdə cəmiyyətə şamil olunur. Qələndər bəyin də demək istədiyi budur.

Eləcə də, dövlət idarələrində, müxtəlif təşkilatlarda, vətəndaşlar içində də bu kimi hallara rast gəlinir.

Əgər bir dövlət idarəsində bir azərbaycanlı özünü qanunlara tabe olmayan, ictimai qaydalara əməl etməyən biri kimi aparırsa, həmin məmurun təsəvvüründə bütün azərbaycanlılar eyni kriteriyalara daxil olur və sabah türklər demişkən, duyarlı bir azərbaycanlı gələndə ona da xoş üz göstərmirlər. İstəsək də, istəməsək də, bu, belədir.

Çünki bunun əks hallarını da görmüşəm. Universitetlərin birində bir müəllimin “azərbaycanlılar yaxşı oxumur, gəlirlər gün keçirirlər, ona görə onları qəbul etməyə şübhə ilə yanaşırıq” dediyini də eşitmişəm. Bu da bir obrazdır və həmin universitetdə oxumaq istəyən azərbaycanlı gənclər üçün yaradılmış bir səddir.

Bu baxımdan mən də razıyam ki, hər bir azərbaycanlı Azərbaycanı təmsil etmək istəməsə də, özündən sonra gələnlərin qarşısını almamaq üçün yaşadığı ölkədə örnək davranışlar sərgiləməlidir.

Çünki sizin özünüz də başqa bir azərbaycanlının yaratdığı problemin qurbanı ola bilərsiniz.


Müəllif: Dilqəm Əhməd