10 Avqust 2017 22:10
8 670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikada yaşayan Azərbaycan əsilli alim Lütfi Zadənin oğlu atasının vəsiyyətini açıqlayıb.

Deyib ki, atam Azərbaycanda dəfn olunmaq istədiyini xahiş edib, qorxunc gün gələndə biz onun nəşini vətəninə gətirəcəyik.

Bizlər isə bir neçə gündür tanınmış alimin son istəyini müzakirə edirik.

Bəzilərimiz ömrünü, elmini Amerika üçün xərcləyən alimin son istəyinə ironiya edir, bu hərəkətinə görə qınayır, bəzilərimiz isə Azərbaycanda yaşasaydı, ən yaxşı halda universitetdə aşağı maaşla ömür sürən bir müəllim olacağını, buna görə də qürbətdə yaşamağını daha düzgün hesab edirik.

Bəzilərimiz onun Azərbaycan torpaqlarında dəfn edilməsini, bəzilərimiz isə Amerikada son mənzilə yola salınmasını doğru hesab edirik.

Hansımız haqlıyıq?

Etiraf edək ki, bir neçə gündür müzakirəyə səbəb olan bu sual çox gülməlidir.

Çünki xəstə yatağında yatan bir insanın son arzusunu, torpağımızda dəfn edilmək istəyini müzakirəyə açmaq etik bir şey deyil.

Lütfi Zadə bizdən nə evimizi, nə mülkümüzü, nə də bir obyektimizi istəyib.

Lütfi Zadə nə də bizdən Azadlıq meydanında heykəlinin qoyulmasını istəyib.

Nə də ki ona ağı deyib ağlamağımızı, Quran oxumağımızı, qırx gün yas saxlamağımızı istəyib..

Nəşini hava limanında qarşılamağımızı, AZTV-də canlı yayımla məzarlığa gətirilməsini, qəbrinə gül-çiçək düzməyimizi istəməyib.

Hansısa universitetə, küçəyə, qəsəbəyə adının verilməsini də istəməyib.

Sadəcə cəsədinin qoyulması üçün iki qarış torpaq istəyib.

Buna haqqı yoxdurmu?

71 il ərzində mühacirətdə Azərbaycanda dəfn olunmaq arzusu ilə ölən minlərlə mühacirimiz oldu. Onların arasında Məhəmməd Ağaoğlu, Əhməd Cəfəroğlu kimi tanınmış elm adamlarımız da vardı.

İstanbul, Ankara, Paris, Buenos-Ayres kimi dünyanın mühüm mərkəzlərinin torpaqlarında nə qədər azərbaycanlı dəfn olundu.

Şübhəsiz ki, o insanların hər biri vətəndə basdırılmaq istəyərdilər.

Unutmayaq ki, həyatın bizi haraya aparacağını, nəşimizin hansı torpağa qismət olacağını heç birimiz bilmirik. Bəzən isə elə faciəli ölümlər olur ki, torpağa qoymağa bir parça da tapılmır.

Həyat Lütfi Zadəni Amerikaya aparıbsa, ona hər cür imkanı yaradan ölkəyə və oranın vətəndaşlarına xidmət edibsə, burada günah varsa, ən azı Lütfi Zadəyə məxsusdur.

Lütfi Zadə xəstə yatağında Azərbaycanı və azərbaycanlıları sevmədiyini desə belə, onun bu torpaqlarda dəfn edilməyə haqqı var.

Nə çoxdur Fəxri Xiyabanda “Müsavat cəlladları” tərəfindən öldürüldüyü iddia olunan qəhrəmanlar? Vətən xainlərinə bu torpaq məzar olubsa, dünya aliminə iki qarış torpağı çoxmu görəcəyik?

25 ildir düşmən əlində olan torpağımız olduğu halda, Lütfi Zadəyə bir məzarı hansı haqla çox görürük?

Ən əsası Lütfi Zadənin milli kimliyini, elmi dərəcəsini bir kənara qoyaq və düşünək: Dünyada bir insan ölmək üzrədir və o, Azərbaycanda dəfn olunmaq istəyir!

Buna hansı vicdanla “yox” deyə bilərik?

P.S. Lütfi Zadənin dəfn xərclərinin dövlət tərəfindən ödənilməsinə qarşı çıxanları müəyyən qədər başa düşmək mümkündür. İnanmıram ki, onun oğlunun belə bir istəyi olsun. Hər halda böyük alim dəfni üçün bir kənarda pul saxlayıb.


Müəllif: Dilqəm Əhməd