11 İyul 2018 23:29
7 356
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna iki yol ayrıcında qalanda-5 il qabaq uğurlu bir keçid formulu tapa bilməyəndə böyük bir inqilabi çevrilişin içərisinə düşdü.Viktor Yanukoviç 2013-cü ildə Soçiyə gəlib Rusiya prezidentinə dedi ki, Avropa Birliyi assosiativ sazişi imzalaması üçün aşkar şəkildə ona təzyiq edir, taxt-tacı itirəcəyi ilə hədələyirlər, əks təqdirdə, onu bütün siyasi rəqiblərinin əliylə boğacaqlar.

Putin həmişə olduğu kimi soyuqqanlı tövrünü pozmayaraq, yenə də uzlaşma yollarını təklif etdi və 6 ölkənin xarici işlər nazirini Kiyevə toplamağa nail oldu və Qərbin Moskva ilə regional maraqlarını nuzlaşdırmasına dair razılıq sənədini imzlaya bildi.Ancaq nə faydası..Heç bir ay keçməmiş Yanukoviçi Putinin xüsusi xilasediciləri qəzəblənmiş kütlənin əlindən zorla aldılar və Maydan inqilabi ilə ABŞ-ın vitse prezidenti Cozef Bayden okenaın o tayından gəlib ukraynalılara yeni hakimiyyət komandasını təqdim etdi.

Lakin çevrilişin nəticəsi millət üçün çox ağır oldu.Ukrayna Krımı itirdi və Donbas kimi strateji-varlı regionu qanlı savaşın içərisinə atdı.

O zamanlar Azərbaycanın lideri qüvvələr nisbətini düzgün hesablayaraq, Qərbin Rusiya əleyhinə hazırladığı “Yaxın qonşuluq siyasəti”ni bölgəsəl maraqlar baxımından korreksiya etməyə çalışdı və bu gün Brüsseldə səfərdə olan prezident İlham Əliyevin Avropa İttifaqı ilə ölkəmiz arasında yüksək səviyyəli görüşlər keçirməsi, sonda əməkdaşlıq müqalivəsinin paraflanmasına dair imzalanma mərasiminin düzənlənməsi ayıq təhlilçilərin yadına bir neçə il əvvəlki Ukrayna dramasını saldı.Əcəba, son günlər Azərbaycanın 2-ci böyük şəhərinin baş meydanında böyük Nizaminin “Sirlər xəzinəsi”nin yenidən ictimaiyyətə təqdim edilməsi rəsmi Bakının geopolitik seçim qərarı ilə nə dərəcədə bağlıdır?

Cavab xeyli ritorik ola bilər.Çünki yalnız diletantlar hadisələrə lokal prizmadan yanaşar. Çünki millətin enerji blokunu kiberhücumla zərbəyə məruz qoyandan sonra dini-siyasi zəmində hakimiyyət ətrafında növbəti həyacanlanma və gərginlik ocağının yaradılmas neft-qaz sektorunda böyük razılaşmaları və Cənubi Qafqazda siyasi çəkisini artırması ilə varlı Avropa Birliyi mühüm söz sahibinə çevrilməsinin birbaşa nəticəsi sayıla bilər.. Söz yox ki, həmin sənədlər demokratiya və insan haqlarına dair öhdəlikləri də hakimiyyətin üzərinə qoyur, amma Kremlin Brüssel elitası ilə siyasi müharibə şəraitində olduğu bir dövrdə, İrəvanda antirusiya devriminin yaşanması, indi də Bakının qitələrarası miqyasda öz yerini möhkələndirməyə çalışması təsirsiz ötüşə bilməzdi.

Yeni saziş prezident İlham Əliyevin strateji liderlik qabiliyyətini bir daha nümayiş etdirməklə yanaşı, daxildən aldığı sarsıntıların səbəblərini və axıdılan yeraltı suların haradan qaynaqlandığını hamıdan yaxşı görməyə imkan verir.

Təhlükəsizlik və iqtisadi-siyasi maraqlar taxtasında daşların yerini azca dəyişən kimi yeni ektesslər yaşanır və əgər belə demək olarsa, diversifikasiya olunmuş xarici siyasət kursu daxildən sınağa çəkilir.Bu gün çox rahatlıqla Donald Tusk və Federika Moqerini ilə görüşlər keçirən İlham Əliyev atası, həm də siyasi ustadı böyük Heydər Əliyevin bir vaxtlar daha dəhşətli çevrilişlərdən və vətəndaş müharibəsindən keçərək ABŞ-a yollanmasını yaxşı xatırlayır, üstəlik, orada 1994-cü ildə imzalanmış neft-qaz sazişlərinin gələcək taleyinin birdəfəlik həll olunduğunu da unutmur.

Bakı Kremllə strateji dostluğunu yüksək səviyyədə qoruyub saxlayır, Tehran əleyhinə hər hansı separat razılaşmalara getmir, eyni zamanda, dünyanın 2 nömrəli gücü olan Avropa Birliyi ilə daha yaxından tərəfdaşlığa can atdığını da heç kəsdən gizlətmir.Sizcə, bundan yaxşı barış düsturunu başqa necə tapmaq olar? Axı onsuz Putin də Qərblə eyni masaya əyləşərək nəhayət, sanskiyalardan qurtulmağa və ortaq çalışmalara can atır.

Gəncəyə yola düşən sürət qatarı Moskva və Brüsseldən gələn siqnallara həssas olsa da son dayanacağa doğru inadla irəliləyir.İmamzadə məscidindən ucalan azan səsləri təkcə Vətən yolunda qurban gedən 2 zabitlə vidalaşmır, həm də yeni doğulan körpələri qarşılamağa hazırlaşır!


Müəllif: Zahid Oruc