21 Avqust 2018 12:11
5 673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən uzun müddətdən sonra dəyərli yazıçı, filosof Əlisa Nicatla görüşdüm.

Əlisa bəyin xeyli söhbətlərini dinləmiş, 80 illiyi ilə bağlı kitab hazırlamış biri kimi onun haqqında çox bilgilərə sahibəm.

Amma dünən ilk dəfə bilmədiyim maraqlı bir xatirə danışdı.

Bu xatirə Azərbaycan Cümhuriyyətinin var olmasına bilavasitə dəstək olmuş Ənvər paşa ilə bağlıydı.

1991-ci ildə Əlisa Nicat “Turan” adlı jurnal nəşr edir.

Jurnalın üçüncü sayında Ənvər Paşanın şəkli və onunla bağlı bir şərqi dərc olunub.

Əlisa bəy bu şərqi ilə bağlı bunları danışdı: “Bu şərqini həmişə atam söyləyərdi. Uşaq vaxtı ondan dinləmişdim. O zamandan yadımda qalmışdı. “Turan” jurnalını çıxaranda Ənvər paşanın şəklini və yadımda qalan şərqinin bir hissəsini də özüm bərpa edib çap etdim”.

Jurnalda Əlisa bəyin də bərpa etdiyi həmin şərqinin mətni bu şəkildə verilib:

Ənvər paşa şərqisi

1910-cu illərdən yadigar...

Ey olan millətə sərvər,

Dili-can Ənvər bəy!

Canım olsun sənə qurban,

Qəhrəman Ənvər bəy!

Çatmısan Tiflisə sən,

Şiri-nəyan, Ənvər bəy!

Sənə yoxdur nəzər heç

Etmə güman, Ənvər bəy!

Necə fəxr eyləməsin

Sən kimi sərdarı olan,

Əsgərinlə yaşa ey

Ruhi-rəvan, Ənvər bəy.

Əlisa Nicat Ənvər paşa ilə bağlı başqa maraqlı xatirə də danışdı: “1970-ci illərdə bir fransız ensiklopediyasından Ənvər Paşanın şəklini kəsmişdim, onu oğlumun şəklinin ramkasının arxasında gizlətmişdim”.

Bu xatirə ilə bağlı 1990-cı ilin yanvarında “Ənvər paşaya” başlıqlı şeiri də var:

Şəklini neçə il

Gizlədib saxlamışam

Sənin igidliyinə

Fəxr edib ağlamışam

Qoca Şərqin üstündə

Min bir tufan eylədin!

Azadlığı bizlərə

Sən ərməğan eylədin!

Sən çatdırdın qəhrəman

Ordunu dadımıza!

Azərbaycan sözünü

Bağladın adımıza.

Sən girib son döyüşə

Bir aslan kimi öldün!

Tarixdə görünməyən

Qəhrəman kimi öldün!

Bilən azmı, ya çoxmu?

Sənin sayəndə varıq!

Qılıncının, qeyrətinin

Kölgəsində yaşarıq!


Müəllif: Dilqəm Əhməd