23 Avqust 2014 14:57
2 262
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həmid Herisçinin başladığı “Gənc yazarlar xalqa ağıl öyrətməlidirmi?” polemikası müzakirələrə səbəb olub.

Teleqraf.com bu məsələ ilə bağlı 1937-nin sorğusu təqdim edir:

Vahid Əziz:

– Yazıçı ölkədə gedən proseslərə, onu narahat edən məsələlərə münasibət bildirməlidir. Xalqın həmişə maariflənməyə ehtiyacı var. İndi bu ehtiyac daha çoxdur. Çünki kəndlərə kitab gedib çıxmır. Sovet dövründə kənd kitabxanaları fəaliyyət göstərirdi. Rayonlarımızda kitab mağazası yoxdur.

Oxucu oxuduğu romanlarda ideal qəhrəman tapır və ondan nəticə çıxarır. Ədəbiyyatın insanın tərbiyələnməsində böyük xidməti var. Ona görə yazıçı, şair sözünə ehtiyac var.

Həmid Herisci vətənpərvər oğlandı, onun fikirləri həmişə maraqlıdır.


Aysel Əlizadə:

– Oxucu kimi deyə bilərəm ki, ağıl öyrədən yazıçıları sevmirəm. Amma istiqamət vermək lazımdır. Yazıçı çalışır ki, cəmiyyətdə gördüyü qüsurları işıqlandırsın. Problemləri həll edə bilməsə də, heç olmasa, qabartsın. Sadəcə, bunu kobud tərzdə, başqalarını aşağılayaraq etməyi düzgün deyil. Əgər biz Azərbaycanda kitabın dəbdən düşdüyünü deyiriksə, insanların kitab oxumamağını tənqid ediriksə, bu tənqidləri oxucunu aşağılayacaq tərzdə deməməliyik. Nəzərə almalıyıq ki, biz bu yazını hazırda kitab oxuyan adamlar üçün yazırıq. Mütaliə etməyən adam onsuz da həmin yazıçını da oxumayacaq. Onda sən bunu kimin üçün yazırsan? Biz müəyyənləşdirməliyik ki, niyə, kimin üçün yazırıq? Auditoriyamız kimlərdən ibarətdir? Əgər onlar ötəri, gündəmə gəlmək üçün hay-həşir salırlarsa, buna ciddi yanaşmaq olmaz.

Məncə, yaradıcı adamları “Niyə elə yazırsan?” deyib qınamaq lazım deyil. Əgər bəyənmirsənsə, sadəcə olaraq, onu oxuma.

Həmid Herisçinin adlarını çəkdiyi yazarları mən bir neçə dəfə oxumuşam. Ancaq sonradan oxumamağa başladım və bu məsələni özlüyümdə həll etdim. Elə yazarlar var ki, ondan nəsə öyrənə bilirsən. Burada da yazı tərzindən asılıdır. Oxuyan kimi başa düşürsən ki, bu adamın niyyəti nədir. Həqiqətən problemi həll etmək istəyir, yoxsa, sadəcə, hay küy yaratmaq fikrindədir? Adi beş yaşlı uşağa sərt desən ki, bunu etmək olmaz, o, acığa düşüb, gedib onu edər. Biz başqa yol seçməliyik. Döyməklə, aşağılamaqla həm özümüzü gözdən salırıq, həm də nəticə əldə edə bilmirik.


Tehran Əlişanoğlu:

– Düzü, Həmid Herisçinin adlarını sadaladığı adamların fəaliyyəti ilə bağlı məlumatlı olmasam da, Həmid bəylə razılaşıram. Yazıçı cəmiyyətə fikir aşılamaq istəyirsə, bu ilk növbədə bədii əsər vasitəsilə olmalıdır. Publisistika yazıçının ara-sıra müraciət etdiyi bir janrdır. O, sözünü bədii əsərlə deməlidir. Əməllə, analizlə, göstərməklə maarifləndirməlidir.

Avropa uzun illərdir ki, bu yolla gedir və nəticə göz qabağındadır. Didaktika ilə heç nə əldə etmək olmaz. İndi də roman dövrüdür. Müəyyən məqamlarda yazıçılardan cəmiyyət didaktika umur. Həmin məqamda gərək onlar danışsınlar. Çünki danışmayanda onları qınayırlar ki, axı niyə Ramiz Rövşən, Anar və yaxud da Rasim Qaraca söz deməkdən çəkindi? Yəni bu cür vəziyyətlərdə söz demək lazımdır.

Bədii yaradıcılığı kənara atıb yalnız didaktika ilə məşğul olmaq da yolverilməzdir. Cəmiyyət bunları qəbul etmir.

Cəlil Məmmədquluzadə öz dövrünün tənqidi analizini verib. Onun publisist adı ilə tanınan əsərləri elə bədii nümunələrdir. O, “Poçt qutusu”, “Danabaş kəndinin əhvalatları”nı yazıb “Molla Nəsrəddin” buraxıb. Yəni dilinə görə dilçəyi də olub. Mirzə Cəlil didaktikadan uzaq olub.

XX əsrin əvvəllərini bu günə gətirmək doğru deyil. Bu günün sözünü elə bu günün yazıçısı deməlidir. Yazıçı didaktika yolu ilə yox, düşündürmək yolu ilə öz sözünü cəmiyyətə çatdırmalıdır.


Teymur Kərimli:

– Nə qədər ki, insan cəmiyyəti var, o qədər də maarifçiliyə ehtiyac olacaq. Ola bilsin ki, zaman-zaman kimlərsə müxtəlif yol axtaralar. Ümumilikdə, didaktikadan imtina etmək doğru deyil. Kim deyirsə ki, Cəlil Məmmədquluzadənin maarifçiliyinin heç bir xeyri olmayıb, onlar yanılırlar. Çünki biz bilmirik ki, əgər “Molla Nəsrəddin” olmasaydı, cəmiyyətimiz indi hansı vəziyyətdə olardı. Belə bir deyim var ki, bir adam həm içir, həm çəkir, çoxlu da yağlı yemək yeyir. Ancaq yüz il yaşayır. Amma ola bilər ki, o, bunları etməyəydi, ancaq yüz əlli il yaşayaydı. İndi biz bilmirik ki, Cəlil Məmmədquluzadəgil olmasaydı, bundan daha pis olacaqdı, ya yox.

Maarifçilik olmasaydı cəmiyyət özünü kimsəsiz adaya düşmüş uşaq kimi hiss edərdi, vəhşiləşərdi. İnsanları kamilləşdirmək, onun içindəki potensialı oyandırmaq lazımdır. Bunun üçün də maarifləndirməyə ehtiyac var.


Arif Əliyev:

– Təəsüf ki, bizdə didaktikanın dövrü heç vaxt keçmir. Bizdə jurnalistlər daha çox müəllim rolunda çıxış etməyi və ağıl verməyi xoşlayırlar, nəinki faktları araşdırıb onlardan yazmağı. Eyni zamanda, ağıl verənlərin çoxunun bığ yerləri təzəcə tərləyib. Köşə yazarlarının çoxu tələbə partasından çıxmayıblar, amma köşəbazlıqla məşğuldurlar. Bu medianın bir növ xəstəliyidir. Məncə, bu xüsusiyyət bizim milli mentalitetimizdən irəli gəlir. Çünki görürsən ki, biri bir iş görəndə, qıraqdan hamı ona məsləhət verir.

Hər bir yazıçı özünü ifadə edir. Biz yazıçılara “bunu etməlisən”, ya da “etməməlisən” deyə bilmərik. Ondan maarifçiliklə məşğul olmağı və ya milli mənəvi dəyərlərimizi təbliğ etməyi tələb edə bilmərik. Bizim seçimimiz var. İstədiyin yazıçını seçə bilirsən. Əgər hansı yazardansa razı deyilsənsə, sadəcə olaraq, onu oxumamaqla kifayətlənə bilərsən. Yanaşma tərzi bu cür olmalıdır.


Nərgiz Cabbarlı:

– İstənilən dövrdə xalqın maariflənməyə ehtiyacı var. Amma Həmid bəyin köşə yazarlarımızla bağlı dediyi fikirlə razılaşıram. Kiməsə ağıl öyrətmək, yol göstərmək yanlışdır. Bu yolu tutan gənc yazıçılara daha çox rast gəlirik. Bu cür yazarlara münasibətimiz, sadəcə olaraq, oxumamaq ən yaxşı variantdır. Amma elə yazılar da var ki, ondan nəsə öyrənmək olur.


Kəmaləddin Qədim:

– Əvvəla, Həmid Herisçinin dediyi “Quran” ayəsi-filan deyil. Bu, onun şəxsi fikridir.

Ümumiyyətlə, qələm adamını qabağına qoyub ağıl öyrətməyə, nəyi necə yazmaq dərsi keçməyə heç kimin haqqı çatmır, eləcə də, Həmid Herisçinin. Yazıçı müstəqildir, azaddır, yazı da yaradıcılıq işidir.

Yazıçı var ki, onun yaradıcılığından xalq çox şey öyrənir, əxz edir. Yazıçı da var ki, yaradıcılığı ilə xalqa yaltaqlıq, əxlaqsızlıq dərsi keçir. Bütün bunları oxucu adlandırdığımız xalq yaxşı anlayır. Millət hər dərsi qəbul edəcək durumda deyil, şükürlər olsun. Xalqın informasiya, bilik səviyyəsi bizdən aşağı səviyyədə deyil ki, hər dərsi qəbul etsin, onun təsirinə düşsün.


Müəllif: