12 Dekabr 2018 14:22
2 244
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabr ayının 9-da anam dünyasını dəyişdi. Kəndimizin qəbiristanlığında dəfn elədik anamı. Mən təzəcə qazılmış qəbrə düşüb anamın nəşini öz əllərimlə torpağa qoydum. Anam haqda nə vaxtsa yazdığım bu yazını bütün analara sevgi ilə təqdim edirəm.

Ata yurdumuzda qalan kiçik qardaşımın həyat yoldaşı rusdu, özləri də Rusiyada yaşayıb kiçik kommersiya ilə məşğul olurlar. İki qız övladları var. Böyüdükdən sonra qızlarını Rusiyada oxuduqları məktəbdən çıxarıb altıncı sinifdən kəndə, anamın yanına gətiriblər. İndi qızlar bizim kəndin orta məktəbində oxuyurlar. Lakin Rusiya vətəndaşı olduqlarına görə onlara da pasportu Rusiyadan almaq lazım gəlir. Qayda üzrə övladlarına pasport almaq üçün anası Uzaq Şərqdən gəlib uşaqları öz yanlarına aparmışdı. Mən kənddə olanda qardaşımla zəngləşib hal-əhval tutur, həm də uşaqların sənədləri ilə maraqlanırdım. Qızların pasport alma prosesi üç ay çəkəsi oldu. Odur ki, qoca anamı evdə tək qoymayaq deyə həyat yoldaşımla birlikdə müvəqqəti yaşamaq üçün doğma kəndimizə, anamın yanına köçdük.

Dedim, kənddə yaşamışkən, ətrafdakı tarixi yerlər, maraqlı adamlar haqda yazılar yazım. Baxdım ki, maraqlı insanlardan biri də mənim anamdı, elə yazını ondan başlamaq gərək.

Uşaqlıq illərini nəzərə almasaq, mən ağlım kəsəndən heç vaxt anamla bu qədər uzun müddətdə birgə yaşamamışdım. Kəndə gələndə bir-iki günlüyə qalıb çıxıb gedirdim. Elə uşaqlıqda da bizi atamın anası nənəm böyütmüşdü.

Nənəm sovet hökumətinin ağır repressiyasına düçar olmuş zəngin bir nəslin nümayəndəsi idi. Özü savadsız olsa da elmin və təhsilin çılğın tərəfdarı idi. Keçən əsrin otuzuncu ilində hələ oğlu, yəni atam bələkdəykən ərini güllələməyə aparmışdılar. Nənəm ömrünün axırına qədər vur-tut bir il birgə yaşaya bildiyi həyat yoldaşına sadiq qalmış, qul əməyi tələb edən kolxoz işlərinə dözərək tənha yaşayıb yeganə oğlunu böyütmüş, ona ali təhsil vermişdi. Gəncədə Kənd Təsərrüfatı İnstitutunda oxuyan oğlunu evləndirməyə tələsmiş, onu elə tələbəliyinin ortalarında evləndirmişdi.

Qonşuluqda yaşayan anamı nənəmin özü seçib bəyənmişdi. Anam gəncliyində qoçaq, işlək qız olduğuna görə zirəklik tələb olunan bir zəmanədə çox qiymətli görünürmüş. Anamın dediyinə görə, onun meyli öz dayısı oğlunda imiş. Lakin nənəmin istəyi və tapşırığı ilə nəslimizin bir neçə kişisi yığılıb onu zorla götürüb qaçaraq atama həyat yoldaşı eləmişlər.

Həmişə evimizdə qayınana-gəlin ziddiyyətləri olurdu. Nənəm gəlini ilə, yəni anamla tez-tez dalaşardı. Atam meşə təsərrüfatı fakültəsini (nədənsə sonralar həmin fakültəni bağlayıblar) bitirdiyinə görə, göndərişlə müxtəlif rayonlarımızda işləyir, ona verilən xüsusi mənzillərdə yaşayırdı. Evdəki ziddiyyətlərdən bezən atam məcburən anamı da öz yanına aparırdı. Anam yeddi övladının bəzisini Tovuzda yox, müxtəlif rayonlarda dünyaya gətirmişdi. Məsələn, məndən böyük qardaşım Şuşada, mən isə Qəbələ rayonunda (o vaxtlar Qutqaşen adlanırdı) doğulmuşam. Mən altı aylıq olanda valideynlərim yenə Tovuza qayıdıblar. Anam deyirdi ki, Qutqaşendə yaşayanda qonşuluğumuzda Ruqiyyə adlı ibtidai sinif müəlliməsi yaşayırdı. Ailə qurmuş, övladı olmadığına görə həyat yoldaşından ayrılmışdı. Deyir, hər gün dərsdən qayıdan kimi bizə gələr, mənə ev işlərində kömək eləyər, səninlə oynayardı. Anam söyləyirdi ki, Ruqiyyə sənə o qədər bağlanmışdı, gecə yatmaq vaxtına qədər bizdə olur, səni öpüb qoxlayırdı. Bir gün mənə yalvararaq dedi, bu, sənin dördüncü övladındı, nolar, Muradı mənə övladlığa ver. Anam deyir, onun bu istəyindən nə qədər təsirlənsəm də səni ona verə bilmədim. Nəhayət, altı aydan sonra öz rayonumuza köçəsi olduq. Atan bizim ev əşyalarımızı bir "Villis" maşınına yüklətdi və biz öz rayonumuza qayıdası olduq. Deyir, Ruqiyyə müəllimə sona qədər səni bağrına basıb dururdu, axırda vidalaşmalı olduq, səni onun qucağından zorla qoparıb maşına oturdum. Anam söyləyirdi ki, Ruqiyyə müəllimə bizim maşınımızın yanı ilə ağlaya-ağlaya qaçırdı. Qaçdı-qaçdı, axırda maşın sürətlənəndə az qaldı üzü üstə yıxılsın. Mən pəncərədən əlimi çıxarıb ona geri qayıt deyirdim. Axırda gördüm, Ruqiyyə dayandı və yolda çöməlib gur saçlarını əlləri arasına aldı.

Anam bunu danışanda mən altıncı sinifdə oxuyurdum. Bu əhvalatdan çox təsirlənmişdim, anama qəzəblə demişdim, niyə vermirdin, axı məni ona? Anam da "necə verəydim, ay bala, adam övladını başqasına verə bilərmi?" - cavabını vermişdi. Bu söhbətdən sonra həmişə mənə elə gəlirdi mənim doğma anam elə həmin Ruqiyyədi. Yadımdadı, evdə mənə qarşı narazılıq olanda bir neçə dəfə anama demişdim, mən də acıqcan Ruqiyyə müəllimənin, əsl anamın yanına gedəcəm. Bu sözlərimdən anam yaman qorxardı. İllər sonra, 2000-ci ilin əvvəllərində şair dostum Kəramət Şükürlə yolumuz Qəbələ rayonuna düşmüşdü. Orda evində qaldığımız qadından Ruqiyyə müəllimə haqda soruşdum. Xeyli fikirləşdikdən sonra yadına salıb tanıya bildi və dedi ki, Ruqiyyə elə ömrünün axırına qədər tənha yaşadı, çoxdan vəfat edib. Mən bircə dəfə də olsun gəlib Ruqiyyə xanıma dəymədiyimə görə vicdan əzabı yaşadım. Harda dəfn olunduğunu soruşdum, deyə bilmədi.

Nə isə. Məktəb yaşımızda nənəm bizi valideynlərimizdən alaraq öz kəndimizdə oxudub tərbiyə eləyirdi. Hamımız nənəmin ciddi nəzarəti altında oxuyub ali təhsil almışıq.

Mən orta məktəbi bitirdikdən sonra iki dəfə cəhd eləsəm də ali məktəbə qəbul ola bilməmişəm. Ona görə əsgərliyə getmişəm. Əsgərlikdən sonra dərhal geri Rusiyanın müxtəlif şəhərlərinə getmiş, oralarda yaşamışam. Buna görə öz doğma anamı doyunca görməmiş, yetərincə tanımamışdım. Gec də olsa, indi anamla uzun müddət birgə yaşayacağımıza çox sevinirdim.

Anam mənim Avropadan geri dönməyimə, ən azı, nəvələri Rusiyadan gələnə qədər birgə yaşayacağımıza görə əllərini sonsuz göylərə qaldırıb minnətdarlığını bildirirdi.

İkiqat olmuş belini dikəldibən özü tikdiyi torbanı açaraq içindən mənə məlum olmayan dərmanları cütləyib içən anama baxır, onun şax yeriyən vaxtlarını gözlərimin qarşısına gətirirdim. Əsasən də bu yorulmaz qadının, yarısı şagird, yarısı isə tələbə olan övladlarına ruzi qazanmaq üçün Kürün qırağında hektarlarla bostan becərdiyi vaxtları xatırlayırdım. O zamanlar atamı Şəmkir rayonundakı Meşə Qırıntısı İdarəsinə mühəndis göndərmişdilər.

Şəmkir Su Elektrik Stansiyası inşa edildiyinə görə Kür çayının qabağı kəsilirdi. Kürün suyu tədricən qalxdıqca su altında qalacaq meşələri qırıb oduncağını Dəllər stansiyasına daşıyır, ordan da qatarlarla harasa yola salırdılar. Ətraf ərazilərdə yaşayan sakinlər isə idarədən müəyyən öhdəlik götürərək ağaclardan təmizlənmiş torpaqlarda müvəqqəti olaraq qarpız, yemiş, kartof, soğan, bibər, badımcan, kələm əkərdilər. Xam torpaqda yetişən bol tərəvəz məhsullarını yığıb-yığışdırmaq mümkün olmurdu.

O vaxtlar biz də bostan üçün iki hektara yaxın əkin sahəsi götürmüşdük. Məktəbimizin yay tətili başlayan kimi atamdan bizi bostana aparmasını xahiş edirdik. Ən gözəli o idi ki, biz açıq havada, atamın düzəltdiyi çardaqda gecələyirdik. Gecə ağcaqanadlardan qorunmaq üçün dəmir çarpayılarımıza "miçətkən" deyilən xüsusi cuna çəkirdik. Mən hər səhər tezdən böyük qardaşımla Kürə salladığımız qarmağı yoxlamağa gedir, ilişən balıqları həvəslə dartıb çıxarırdıq. Ancaq nə qədər tez qalxsaq da, anamdan ertə oyana bilmirdik. Baxırdıq ki, anam artıq əlində toxa (kətmən) qarpız şitillərini alaq otlarından təmizləyib diblərini yumşaldır. O, hər gün beləcə, alaqaranlıqdan günortanın dözülməz istisinə qədər işləyirdi. Günorta vaxtı yemək yeyib çay içdikdən sonra mürgüləyər, axşam sərinliyində yenə toxasını işə salardı. "Balıqçılığımızı" yekunlaşdırdıqdan sonra biz də bostan işlərinə başlayardıq. Ancaq anam heç vaxt bizi ertədən oyatmaz, onunla birgə işləməyimizə qıymazdı. Məhsul yetişənə qədər anamın qollarına tabe olan iri toxası iki hektar torpağı dəfələrlə o üz-bu üzünə çevirirdi.

Meşəçi olsa da, atam bostan təsərrüfatını o qədər də dərindən bilməzdi. Ona görə bostanımızın müqəddəratı anamın fəhmindən və əməyə alışqanlığından asılı olurdu. Çox vaxt bostan qonşularımız bitkiyə gübrə-dərman verməyin, suvarmanın, dərmənin vaxtını, üsulunu gəlib anamdan öyrənirdilər.

Atamın rəhbərliyi ilə ağaclar qırılır, iri maşınlarda Dəllər stansiyasına daşınırdı. Meşənin əsas sərvəti olan saysız-hesabsız nəhəng çinar və palıd ağacları məhv edildikcə Kür qırağının yaşıl sahilləri yoxa çıxır, ətrafda cansıxıcı bozluq yaranırdı. Ağaclar hər dəfə gurultu ilə yerə səriləndə yüzlərlə quş yuvası məhv olur, gözəl və bəzəkli quşlar oralardan perik düşürdü. Burda elə qocaman ağaclar vardı, əlində "Drujba" mişarı olan iki nəfər bir həftəyə onu güclə üzüb dizini yerə gətirə bilirdi. Gecələr cırcıramaların səsindən qulaq tutulurdu…

O yerlərdə gecə-gündüz yorulmadan qol işlədib toxa vuran anam indi iki qatlanıb. Gah başağrısı, gah mədə sancısı, gah da təzyiq adı ilə əlinə keçən dərmanı içir. İlk vaxtlar düşünürdüm, yaşı səksəni ötmüş anamın, yəqin ki, hansısa ağrıları olur. Doğrudan da, anamın ağrıları olur. Ancaq vaxtında yatıb-durmasını, normal qidalanmasını müşahidə etdikcə məndə onun xəstə olmasına şübhələr əmələ gəldi. O isə hər dəfə israrla ağrılardan əziyyət çəkdiyini deyir, onu həkimə aparmağımı tələb edirdi. Mən anamın dərdini öyrənmək üçün onu Gəncədəki klinikaların birinə aparmağı planlaşdırdım. O ərəfədə kiçik qardaşım tez-tez Rusiyadan zəng vurub hal-əhval tuturdu. Bir telefon söhbəti zamanı anamın vəziyyətini ona danışdım. Qardaşım gülüb dedi, o, xəstəlik adı ilə mənim də başıma çox oyun açıb, aparmadığım diaqnostika, göstərmədiyim həkim qalmayıb. Bütün yoxlamalardan da sapsağlam çıxıb. Anamız, sadəcə, dərman xəstəsidi, vəssalam! Ona bir torba iynə-dərman yazmayan həkimin savadına şübhə eləyir. Həm də ona elə gəlir, uzaqdakı həkimlər daha yaxşı bilirlər.

Nəhayət, bir gün anamın sürəkli istəyinin qarşısında duruş gətirə bilməyib, onu Şəmkir rayon xəstəxanasında ad çıxarmış Əhməd doktorun yanına apardım. Həkim anamı başdan-ayağa, hərtərəfli müayinə etdikdən sonra heyrətlə dedi, mən məmnuniyyətlə öz orqanlarımı onunku ilə dəyişərdim, belə sağlam bədənə dərman yeritmək günahdı. Geri qayıdanda hiss elədim ki, iynə-dərman yazılmadığına görə anam pərt olub.

Anama elə gəlirdi, dərmanlar adamı ölümsüz eləyə bilir. Son vaxtlar taksomanlar kimi, əlinə keçən dərmanı içirdi. Ona görə evdə ona aid olmayan dərmanları gizlədirdik.

Bir dəfə möhkəm soyuqlamışdım, burnuma qrip əleyhinə dərman damcıladırdım. Anam bunu görüb mənə yaxınlaşdı və yalvarıcı səslə dedi: "Anan döyüləmmi, ay oğul, noolar, onnan mənim də burnuma damcılatsana!". Məni bir dəli gülmək tutdu, gəl görəsən.

Anam qətiyyən sivilizasiyanı sevməz. Çəngəl-qaşıqdan heç xoşu gəlmir, istənilən yeməyi əli ilə yeyir. Paltar şkafına paltar etibar eləməz. Paltarlarını boğçalarda saxlayar. Mənə elə gəlir o, özünü daim bostandakı kimi hiss eləyir. Evdə çoxlu sayda boğçası var. Yaddaşı zəiflədiyindən qoyduğu şeyi yerində tapa bilmir, nəsə axtaranda bütün boğçaları açıb-tökərək evdə bomj xaosu yaradır. Onun bəzən əlinə keçən ərzaqları ora-bura soxaraq gizlətməsini uşaqlıq illərində yaşadığı aclığın vurduğu ağır travmaların nəticəsi kimi yozuram. Demək, zamanla unutduğu uşaqlıq travması yaşlandıqca gizləndiyi yerdən üzə çıxaraq yavaş-yavaş geri qayıdır. Bu hərəkətləri ilə bərabər anamın hərdən yalan danışmasını, yaxud uşaq kimi hiylə işlətməsini görəndə onun atasız və yoxsul uşaqlığının nə qədər ağır keçməsini təsəvvür edirəm.

Qayıdaq qoca anamın indiki həyatına. Həyətdə başını toyuq-cücə ilə qatır, uzun gecələrdə səs salıb tənha günlərinə həyan olan itini gündə azı beş dəfə yemləyir.

Anam həm də çox yumorlu adamdı. Kefinə düşəndə qohum-qonşuda olan maraqlı adamların ağzını yamsılayıb bizi güldürərdi. O, indiki halında da öz komikliyindən qalmır, vəhşiliyini itirmiş ev pişiyimizi tez-tez lağa qoyub onunla baməzə söhbətlər eləyir.

Hər dəfə gənclik xatirələrinə baş vuranda atama ərə gəlmək istəmədiyini dilinə gətirir. Bostan becərdiyi çağları isə ömrünün ən parlaq xatirəsi kimi yada salır. Görünür, anam çöllərdə azad yaşamağı, torpaq əkib tərəvəz becərməyi, ondan müasirlik uman, səliqə-sahman tələb edən qayınanası ilə birgə yaşamaqdan üstün tutub.

Zorla qaçırıb atama arvad etdiklərinə görə, hələ də bu nəslə - tomaxlılara nifrət edir. Bir tərəfimiz tomaxlı olduğuna görə, anamın hətta bizə, yəni öz övladlarına qarşı gizli nifrətini də hiss etmişəm. Və heç zaman onun ağladığını görməmişəm. Ümumiyyətlə, anamın yas yerlərində ağlaşan arvadlara qoşulub ağladığını da görən olmayıb. Ağlamaqdan xoşu gəlmir.


Müəllif: Murad Köhnəqala