6 Mart 2019 19:22
1 262
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin vəfatından 64 il ötdü.

Rəsulzadə 1955-ci il martın 6-da saat 22:50-də həyata gözlərini yumub. Martın 7-si saat 22:45-də Ankara radiosu vəfat xəbərini dünyaya yayıb.

Martın 8-də isə Ankaranın Hacı Bayram məscidində onunla vida mərasimi keçirilib. Mərasimdə Rəsulzadəni sevənlər, mücadilə yoldaşları iştirak edib. Saat 12:30-da cənazə namazı qılınıb. Tabut Ankara Ədliyyə sarayına çiyinlərdə aparılıb. Daha sonra cənazə maşınına qoyulub və Əsri məzarlığına aparılıb…

Rəsulzadənin vəfatından sonra dostları, mücadilə yoldaşları mətbuatda onun haqqında xatirələrini, mübarizəsi ilə bağlı düşüncələrini yazıblar.

Onlardan biri də Türkiyənin təhsil naziri Həsən Əli Yücəldir.
1955-ci il martın 27-də “Cümhuriyyət” qəzetində H.Ə.Yücəlin “Rəsulzadə” adlı yazısı dərc olunub. O, yazısına bu cümlə ilə başlayıb:

“Üç həftə öncə Ankarada bir qərib həyata gözlərini yumdu. Hər türk al-ulduzlu bayrağın dalğalandığı hər yerdə vətənindədir. Buna şübhə yoxdur. Fəqət yenə hər türk evinə, kəndinə, şəhərinə sevgi bəslədiyi, könül verdiyi üçün evindən, kəndindən və şəhərindən uzaqda qalınca özünü yenə də qərib hiss edər. Rəhmətlik Məhəmmədəmin Rəsulzadə də bu mənada evindən və kəndindən, yurdundan iraqda qaldığı üçün belə bir qəribdi”.

Rəsulzadə ilə Türkiyənin təhsil nazirinin münasibətləri bir kitaba görə yaranmışdı: “Azərbaycan şairi Nizami”.
Yücəl yazıb: “... Görüşmələrimizin hər üçü də fikir və ədəbiyyatla bağlı idi. Nə o, nə də mən bir kəlmə belə gündəlik siyasətlə haqqında danışmadıq... Bu kitab böyük şairin 800-cü ildönümü münasibətilə yazılmışdı. Yazar şairin adının üstünə bu qeydi yazmışdı: Azərbaycan şairi... Rəsulzadə Nizamidə türk ruhunu haqlı olaraq tapmışdı”.

Rəsulzadənin siyasi kimliyinə toxunan Yücəl onun düşüncələrini belə izah edib: “Bütün həyatında tək bir siyasəti oldu: milli politika. Yəni türk varlığı və türk istiqlalı. Kimə qarşı olur-olsun, o, bu siyasətə bağlı qaldı. Çar Rusiyasına olduğu kimi bolşevik rejiminə də bu səbəblə daim qarşı oldu. İkinci Dünya müharibəsi dövründə nasist Almaniyasının bu xüsusdakı anlayışsızlığını gördüyü zaman onlardan üz çevirmək üçün də bir an tərəddüd etmədi. Çünki şüarı hər zaman bu idi: İnsanlara hürriyyət, millətlərə istiqlal... Azərbaycanın inkişafını, istiqlal və hürriyyətini bütün həyatının hədəfi gördü. Bu yolda hər şeyi fəda etdi. Təhlükəli, məhrum bir yaşayışa razı oldu. Heç kimdən bir şey istəmədi. Həbslərə, siyasi təsyiqlərə dözdü. Millətinin qüdrətinə imanı heç bir zaman sarsılmadı”.

6 martda Ankarada bir qərib olaraq vəfat etdi. Ankaraya bir qərib kimi də gəlmişdi.

Türk fəlsəfəçisi Mustafa Nərmi Almaniyadan onunla birgə gəlmişdi Türkiyəyə. Bu gəliş haqqında yazdığı xatirəsində Rəsulzadənin Türkiyəyə necə gəldiyini ətraflı şəkildə qeyd edib:

“... Hərbi amerikan yük maşınındayıq... Sürücümüz krımlı bir türkdür. Səkkiz nəfərik. Mən qafilə başqanıyam. Alp çəmənliklərinin, meşələrinin arasından keçirik. Münhen-Paris qatarının hərəkət etməsinə bir neçə saat var. Amma sanki çata bilməyəcəyik düşüncəsi ilə tez-tez saatımıza baxırıq. Bir kənd meydanında bir az gözləmək lazımdır. Maşının axmaqlığı tutdu. Kənd uşaqları, gəncləri bizi birdən-birə əhatəyə aldılar. Çığırdıqlarını eşidirik:

“Bunlar artistdir... Kəndimizdə qalın... Nə olar bir gün qalsanız...”

Böyük bir çuvalın üstündə oturan Məhəmmədəminə baxıram. O da mənim kimi gülür:
– Bizi artist zənn edirlər. Halbuki bilmirlər ki, fələk nələr etdi bizə. Aman, bu maşının təmiri bitsəydi, qatara minərdik. Sizi o qədər də təlaşlı görmürəm, Nermi bəy.

– Vaxtımız hələ çoxdur, ona görə.

Krımlı sürücümüz gülümsəyərək taxtına əyləşir. Maşınımız indi sanki uçur.

Qatarımız asta-asta Münhen stansiyasından ayrılır. Bir amerikalı zabitlə bir az mübahisə edirik:
– Nədir bu pal-paltar burada? Başqa bir yerə aparın bunları.
– Biz buradan köçürük. Malımız-mülkümüz bunlardır onsuz da.
Kehlə gəlirik. Bura sərhəd stansiyasıdır. Sənədlərimizi yoxlayırlar. Bir fransız məmur bütün hökmü ilə bizə səslənir:
– Səyahətinizə davam edə bilməzsiniz. Əşyalarınızı boşaldın. Fransa vizanız yoxdur.
Hamımız həyəcan içindəyik. Təkrar düşərgəyəmi qayıdacağıq? Fransız məmurdan soruşuram:
– Dərdimizi kimə danışa bilərik?
– Heç kimə. Lakin istəsəniz, stansiyadakı zabitin yanına gedə bilərsiniz.
Məhəmmədəmin bəy yüklərin, çamadanların başında dayanıb, rəngi qaçıb. Fransız zabiti tapıram və danışıram. Aldığım cavab qısa olur: “Olmaz”. Lakin dərədən-təpədən söz açılır. Məgər zabitin babası ilə Paris Universitetində bərabər oxumuşuq. Üstəlik, ən yaxın dostlarımdan biridir. Qatarın yola düşməsinə 10 dəqiqə qalmış zabit bütün məsuliyyəti öz üzərinə götürərək fransız torpaqlarına girməyimizə icazə verir. Yüklərin, çamadanların başında donmuş şəkildə qalan Məhəmmədəminə uzaqdan çığırıram:
– Parisə gedirik, Əmin bəy. Digərlərinə də söyləyin, tez olsunlar.
Vaqonumuza yerləşdikdən sonra da əsəblərimiz hələ sakitləşməyib. Qatar tərpənər-tərpənməz qucaqlaşırıq. Əminin gözləri yaşarıb:
– Vətən qoxusu gəlir artıq. Türkiyənin qoxusu... Halal olsun çəkdiklərimiz. Parisdən sonrası asandır. Hamımıza uğurlu yolçuluqlar.
Kehl sürprizini də görmək qədərimizdə varmış. Bu fransız zabit yaxşı adam imiş. Ergenekon kimi idi bu Mittenvald. Hər sıxıntının bir bozqurdu var bu dünyada..
Məhəmmədəmin o qədər bəxtiyar idi ki. Gözləri alov kimi yanırdı. İllərdən sonra yurduna qayıdırdı. Türkiyəyə... Türkiyə onun üçün başqa bir Azərbaycandı...”


Müəllif: Dilqəm Əhməd