8 Aprel 2019 13:47
1 496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərxoşlarla uşaqlar arasında əsas fərq budur ki, uşaqlar bugünkü kiçik arzularını sabah böyüdür, sərxoşlar isə arzularını dəyişirlər.

Bu düşüncəyə o vaxt gəlib çatmışdım ki, vaxtilə uşaq olduğum bu yerlərin çöllüyündə bir neçə nəfərlə birlikdə itmiş keçini axtarırıq. Deyəsən, bir az da yenidən içimdə baş qaldırmış uşaq olmaq arzusunun sərxoşluğuyla üzləşdiyimiz vəziyyəti şişirməyə cəhd edirəm. Havanın qaraldığını və qabağımıza çıxan hər qaraltının bir yırtıcı olmaq ehtimalını da nəzərə alsaq, əslində vəziyyəti şişirməyə ehtiyac qalmır. Yəni, biz həqiqətən də bədənimizi dizlərimizdən iki yerə bükməyə hazır vəziyyətdə içimizdə havalanmış qorxunun mərkəzindəyik.

Hava tamamilə qaralmayıb, amma alatorana yandırılan fənərlərin işığı sürətlə çökən zülməti daha da tündləşdirir.

Uzun illərdən sonra ilk dəfə zərurətin hesabına da olsa, bu yerləri gəzdikcə uşaqlıq qarabasmaları yenidən baş qaldırır. Həm içimdə, həm də qabağıma çıxan kol-kos, yulğun ağaclarının qaraltısında… Mənə elə gəlirdi ki, nə vaxtsa burada yadplanetlilər yaşayıb. Bəlkə də bu, uşaqlıqdan şüurumun altına hopmuş iç səsidir. Başımın dalanına dirənib, çıxmağa yer tapmayan iç səsim…

Ümumiyyətlə, bir çox insan kimi ən mənasız şeydə mistika axtarmaq, hər şeyi şişirmək mənim də təbiətimdə var. Lakin beynimin içində izahsız, nə vaxt deyildiyi, kim tərəfindən deyildiyi məlum olmayan ifadələr, allahsız inanclar, sirli məkanlar və sakinləri var.

Məsələn, uşaq olanda elə bilirdim ki, kəndimizin təpəlikləri arxasında böyük bir şəhər olub. Min il əvvəl mövcud olmuş bu şəhər haqda uşaqlıda eşitmişəm. İndiyədək də buna inanmışam. Amma kimdən eşitmişdim, bu əfsanəni kim danışmışdı? İndi də bilmirəm.

Hansısa fəlakət, yaxud yadelli istilasından sonra itmiş şəhərin sakinlərini tez-tez yuxuda görürdüm. Boyunlarından günah kisələri asılmış, başları qabağa əyilmiş, uzun, dağınıq saçları olan adamlar idilər. Hər tərəfi daş hasar, dar küçələri olan balaca bir şəhərin sakinləri... Məskunlaşdığı bu yerlər kimi, onların da lənətləndiyinə inanmışdım.

Həmin illərdə elə arzu edirdim ki, dünyanın bütün möcüzələri bizim kənddə olsun. Deyəsən, məni bu qeybə çəkilmiş şəhər haqda düşünməyə məcbur edən də bu hiss olmuşdu. Bu istəyimdən bu gün də imtina etməmişəm. Uzun illərdən sonra ilk dəfə bu yerləri qarış-qarış gəzəndə hiss edirəm ki, vaxtilə taqətdən düşüb öz hökmünü itirmiş inanclarım yenidən baş qaldırır. Atdığım hər addımda, gözümün sataşdığı hər kolun, yulğun ağaclarının diblərində yenə də yadplanetlilərdən, lənətlənmiş şəhərin sakinlərindən iz axtarıram.

Sanki onlar öz mavi-yaşıl rənglərini yenicə cücərən yulğun ağaclarının üzərinə səpib getmişdilər.

Uşaq olanda elə zənn edirdim ki, bu yadplanetlilər də, lənətlənmiş şəhərlilər də bizim kəndimizə Aydan gəliblər. Bəzən yerində yorğun düşmüş, güclə tərpənən Ayın uğultusunu eşidirdim. Bilmirəm, bəlkə də eşitmirdim, bəlkə uğultu mənim başımın içində idi. Heç vaxt bir əfsanə kimi də, bir obraz kimi də, bir həqiqət kimi də sevmədiyim bu “yaşıl varlıqlar”ın bizim kəndlə doğmalaşmasını niyə istədiyimi bilməmişəm.

İndi ömrünü çoxdan başa vurmuş bu xəyallar yenidən cana gəldikcə, məni heyrətləndirməkdən çox özümü gözdən salır. Bəs o hansı qüdrətli güc, yaxud özünəinamsızlıq idi ki, məni insanlardan qoparıb bu naməlumluğun içinə atırdı? Bilmirəm.

Bilmirəm, amma qarşısı ağ-qara xətlərlə hörülmüş uşaqlıq dövrümdə naməlum adamla etdiyim söhbəti xatırlayıram. O adamın kim olduğunu isə xatırlamıram. Amma bu söhbətdən sonra kəndimizin kənarındakı təpələrdə qaradonlular peyda olmuşdu. Həyətimizdən baxanda, xüsusən də, ağacların yarpaqları töküləndə o təpələri görə bilirdim. Qaradonlular sırayla bu təpəlikdə düzülürdü. Ən maraqlısı bu idi ki, mən böyüdükcə bu xəyallara oxşar varlıqlar, bəlkə də həqiqətlər bir-bir yoxa çıxırdı.

Uzun illərdir bu həqiqətləri içimdə gizlətmişdim və bununla bilmədən imkan yaratmışdım ki, onlar mənə öz təsir gücünü qorusunlar.

Bəlkə də müharibə, kəndimizin cəbhənin bir addımlığında yerləşməsi bu qorxunc obrazları qovub salmışdı başımın içinə… Bəlkə də içimdəki səbəbsiz yetimlik, heç vaxt normal münasibət qura bilmədiyim insanlardan gələn tərkedilmişlik hissləri bu yerləri sirr donuna bürüyüb gözlərimdə böyüdürdü. Məni özümdən qorxudurdu.

Hə. Bizim kəndin səması da qəribədir. Dünyanın hər yerində ucsuz-bucaqsız səma bizim kəndin küçələrindən, həyətimizdən kiçik görünür. Hündür divarlar, göz işlədikcə uzanan bağlar, dar küçələr səmanı daraldır. Amma kəndimizin kənarındakı təpələr göy üzünün nəfəskəsən nəhəngliyini özünə qaytarır. Buradan baxanda batan Günəşin yerlə göyün birləşdiyi yeri çəhrayının, sarının min bir çalarına bürüdüyünü görə bilirsən.

Böyük çölün sinəsinə yaşıl bir damla kimi düşmüş bu kənddə dünyanın və səmanın bu qədər böyük və sonsuz olduğunu bilməyimi, vaxtilə Himalayla müqayisə etdiyim bu təpələrə borcluyam. Uşaq olanda bu balaca dağların yamacını qalxmaq o qədər yorucu və əziyyətli görünürdü ki, bu “nəhəng dağlar”ın məhz bizim kənddə yerləşməsinə sevinirdim. Bəlkə də kiçikliyinin fərqindəydim, sadəcə öz-özümü yorurdum ki, guya böyük bir dağa dırmaşıram. Bir az sevinim deyə…

Min il əvvəl burada tatarlar, monqollar məskunlaşmışdılar. Min il öz torpağı altında gizlətdiyi sirləri ilə bu yerlər yenə də o qədər müəmmalıdır. İnsanın öz doğulduğu yeri şişirmək kimi bir gopçu təbiətə sahib olduğu həqiqətini nəzərə alsaq, mən də vaxtilə bu yerlər haqda ağılasığımaz uydurmalar etdiyimi deyə bilərəm. Amma məsələnin mənim dediyim qədər sadə olmadığına, bu çölün öz içində açılmamış milyonlarla sirr gizlətdiyinə inanıram.

Bura min il əvvəl tatarların hücum edərək, bu ərazilərdə qalmış son albanları ya qətlə yetirərək, ya da özlərinə tabe edərək məskunlaşdığı qanlı torpaqlardır. İndi də bu kənddə Noqay xanın, yaxud hansısa monqol döyüşçüsünün soyundan olanlar yaşayır.

Monqol istilasından çox sonralar bu yerlər Ərəş Sultanlığı adlananda isə Məhəmməd Füzuli də burada doğulmuşdu. Uşaq olanda bu barədə hekayə eşitmişəm, yenə də kimin danışdığı yadımda deyil. Amma bu hekayədən yaddaşımda qalan bir neçə rabitəsiz, qırıq cümlə var. Hekayənin başlanğıcı və sonu bu sözlərlə yekunlaşır: “Qonaq qapını arxasından vurdu. Füzuli qapını açdı, evinə pənah gətirmiş Allah qonağını içəri dəvət etdi…”

Burada yaddaşım hekayəni yarımçıq kəsir. Ümumi məzmunundan yadımda qalan budur ki, içəridə qonaq və Füzuli arasında bu yerlərin Ərəş olduğuna və Füzulinin də buralarda doğulmasına dair kiçik söhbət keçir. Bəlkə bu da mənim kimi öz yurduna bağlı insanların bu yerlər haqda sevgiylə yaratdıqları şirin yalan, yaxud bir həqiqətdir…

İndi bunu sübut etməyin yeri deyil, keçini tapıb yenicə dünyaya gətirdiyi balası ilə qovuşdurmaq daha faydalı olar. Axı bir ana yenicə doğulmuş və gözləri yarı açılmış bir balasını yırtıcı bir təhlükənin açılmış ağzına atıb necə qaça bilərdi? Bu da dişi olmaq əzabından doğan qaçış idimi? İzah etmək çətin idi.

Zülmətin mərkəzində daha çox anladığım yeganə həqiqət isə budur ki, insanlar qaranlıqda eyniləşirlər. Onların qanını eyni dərəcədə isidən, bir-birinə bəslədikləri hikkədən, nifrətdən eyni məsafədə uzaqlaşdıran şey də zülmət və bu zülmətin hər addımbaşı gizlətdiyi təhlükədir. Yaşamaq eşqidir. Talelər də qaranlıqda eyniləşir, insanlar eyni dərəcədə qorxurlar, eyni dərəcədə qorxaqlıqlarına nifrət edirlər. Bəlkə də insan özünə ən çox bir zülmətlə üzləşəndə özünə nifrət edir, özündən zəhləsi gedir.

Dünyanın ən qorxunc heyvanları da haradansa peyda olur, ölülər də dirilir qaranlıqda. Bu sirli heyvanların nifrətlə püskürdüyü qaynar nəfəsləri, ölülərin soyumuş əllərindən qopan dondurucu nifrin insanı isidir. Bu qorxu və təknəfərlik qiyamət içində tənbəl-tənbəl səs-küy qaldıran qurbağaların nəfəskəsən sükutu pozan qurultusu həyatın hələ davam etdiyini, bu yerlərdə qorxaq olmayan varlıqların yaşamasından xəbər verir. Öz doğulduğu yerlərin sakini olan kəs qorxa bilməzdi.

Amma kimsəsiz çöllükdə qarşılaşılan gecə insanın gücünü özünə qaytarır. Yenidən alovlanan həyat eşqi ən keçilməz sədləri, qanad açıb aşılması mümkünsüz uçurumları da kiçildir. İnsan geriyə baxmadan özünü xilas edə bilir. Günəş işığının yer tapıb dərinliklərinə bata bilmədiyi cəngəllikləri bir addımda geridə qoyur. Həyat budur, insan doğulandan özünü xilas etməklə məşğul olur.

Dağılmış heyvan qarnından gələn nəcis qoxusunun qan iyinə qarışmış ağızda çiy ciyər dadına çevrilən qoxusu məni xəyallarımdan ayıranda çaqqal sürüsünün parçaladığı keçinin qarşısında dayanmışdıq. Hələ də soyumamış bədənindən iylənmiş istilik üzümə çırpılanda doğulduğu saat yetimlik və kimsəsizlik hissini dadmış keçi balası öz sahibinin əlində çapalayırdı. Bir damcı, yarımçıq qalmış ana südünün yağlı dadı yəqin ki, artıq ağzından çəkilmişdi. Özü də bilmədən həyat bu balaca keçi balasının yerinə isti ana nəvazişini özündə təpər tapıb qalxan günədək taxta yeşikdə qızınacağı odun sobasının yarımçıq istisinə dəyişmişdi.

Həyat öz hökmünü vermişdi, tək qalmağa, başqaları kimi böyüməməyə məcbur idi.

Keçi balasının sinəsindən yalavac qışqırtı qopdu. Sirli dünyanın nəhəng qala divarları çöküb toz dənəciklərinə, sonra ulduzlara çevrilib yerdən uzaqlaşdı.


Müəllif: Mənsur Rəğbətoğlu