4 Sentyabr 2014 10:07
1 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu, hər yerdə var. Dünyanın bir çox ölkələrində - bir xidmətdən istifadə etdinmi, mütləq gərək əlavə pul ödəyəsən. Ruslar bu ödəniş növünə çay pulu deyir, ingilislər tip, türklər də ingilislər kimi tip, bolqarlarsa bu ifadə üçün türkün ana dilindəki bəxşiş sözünü işlədirlər. Tam yerində seçilmiş sözdü, eləmi?

Mahiyyətinə varsaq - bəxşiş könüllü təqdim olunan əşyadı, hədiyyədi. Bizim çaypulu, cibxərci, ya şirinlik dediyimiz bəxşişsə o halda verilir ki, müştəri xidmətdən razı qalmış olsun. Yəni işdən razıdırsa, əlavə haqq ödəyəcək, razı deyilsə - yox. Qayda budur. Əslində, bəs necə olur?

***

Psixoloqların araşdırmalarına görə ictimai yerlərdə nahar edənlərin əksəriyyəti bilirsiz nədən əziyyət çəkir? Qiymətdən yox. Zatən sifarişdən əvvəl menyuyla tanış olanlar nəyin neçəyə olduğunu bilirlər. Demə, əksər insanları narahat edən elə bu çay pulu məsələsidi. "Verim-verməyim, nə qədər verim?" kimi suallar çox adamda gərginlik yaradır. Avropada bu məsələ, demək olar ki, həll olunub. Bir yerdə yemək yedinmi, gərək sifarişin 10 faizi qədər də ofisianta cibxərci verəsən. Bu halda yediyin nuş olacaq, vermədinsə - batdın. Bizlərdə konkret faiz göstəricisi yoxdu.

***

Olmuş hadisədi. 2000-ci ildə Hillari Klinton senata seçilən zaman restoranların birində nahar edir və ödəniş edəndə ofisiantın pulunu kəsir. Qoçaq həmkarlarım bu işi bəzəyi-düzəyib necə manşetlərə çıxarırlarsa simic xanım rüsvayi-cahan olur. Haqqı yeyilən qızcığazın hesabınasa Amerikanın yüz yerindən pul keçirilməyə başlanır. Tək bu fakta görə xanım Klinton senatdakı yerini itirmək təhlükəsilə də üzləşir. Bax buna deyərəm ictimai qınağın və mətbuatın təsiri...

***

Yaponiyada qaydalar başqadır. Bu ölkədə müştəri sifarişin qiymətindən artıq bircə qəpik də ödəməz. Qadağandı, vəssalam. Yüksək xidməti vəzifə borcu bilən yaponlar qiymətdən əlavə verilən haqqı, sadəcə, təhqir hesab edirlər. Yəni işimə görə maaş alıram, sənin artığına qalmamışam ki.

***

Ümumi rəyə görə, məşhurlar arasında ən əliaçıq müştəri aktyor Conni Deppdir. Çikaqodakı restoranda 10-15 dost-tanışını başına yığan aktyor 4400 dollarlıq kef məclisinin haqqını ödəyəndən sonra xidmət personalına düz 4000 dollar cibxərci verib. Yəni gedin, kef eləyin. (Conni Depp bilsə ki, bizim aktyor tayfası hələ də bölgələrə "qamar"a gedir, görəsən, dəli olmaz ki? Bəlkə də, olar, dəli olar. Nə isə. Bu, ayrı köşənin mövzusudu).

***

Bir kafedə baş tutan işgüzar görüşdə bizim iş adamının 3 fincan qəhvəyə görə ofisiant oğlana 300 dollar verməsi hadisəsinə isə bu sətirlərin müəllifi şahidlik edib. Amma deyə bilmərəm - o jest xanımın yanında özünü göstərmək məqsədi daşıyırdı, ya elə adamın şakəri beləydi, əliaçıq idi. Amma daha çox göstəriyə bənzəyirdi - belə görünürdü.

***

Toy mövsümü artıq başlayıb - bilirsiniz. Elə görünür şadyanalıq məclisləri uzun müddət ara verdiyindəndi ki, restoranlarda çalışan xidmət personalının əli lap aşağı düşüb. Və indi aşağı düşən həmin əli qonaqların cibinə salıb qaldırmaq niyyətindədirlər. Lap bu günlərin sözüdü. Toya gedən bir rəfiqəmə ofisiant yaxınlaşır. Qulluq eləməyə başlayandan da xanımı dəngəsər edir, dəqiqəbaşı - "Necə qulluq edirəm? Bəyənirsiniz?" soruşur. Xanım elə əlini atır çantasına ki, adama bir şirinlik versin. Bu yerdə qoçağım başlayır danışmağa: "Dünən elə bu masada universitetin müəllimləri əyləşmişdilər,- deyir, - hərəsi mənə 10 manat verdi". Bu kiçik eyhamla da hər şey bitir. Rəfiqəm çantasını necə bağlayırsa - toy bitənəcən daha açmır, adama manat nədi, heç qəpik də vermir. Dilinin bəlasına düşən ofisiant da qalır kəsilə-kəsilə. Zorla pul ala bilməz ki.

***

Xidmət - çox vacib və daim təkmilləşirilməsi lazım gələn sferalardan biridir. Və bu sahədə daha çox pul qazanmaq istəyən kəs kobud və yekəbaş ultimatumlar verməkdənsə işinə daha kreativ yanaşsa, müştərinin cibinə yox, qəlbinə girmək barədə düşünsə, inanın, öz cibinə daha çox xeyir vermiş olacaq. Ultimatumlarla ən yaxşı halda əlinə bir şey düşməyəcək, oturacaq ağzı günə. Pis halda bilib işdən çıxaracaqlar. Vəssalam.


Müəllif: Afaq Vasifqızı