24 May 2019 13:48
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çoxumuz həyatla aramızdakı bağ qopmuş vəziyyətdəyik. İnsanı bu boşluğa başqalarından fərqli olduğu, özünü layiq gördüyü yerdə olmadığı düşüncəsi sürüyür. Amma insan hansı yerdə durur-dursun, bu düşüncədən uzaqlaşa bilmir. Bu, insanın hakimiyyətə can atmaq istəyi, ən üstdə olmaq, hamıdan daha güclü olmaq ehtirasına bağlı düşüncədir.

Az da olsa, başqaları üzərindəki iqtidarın hansı məna kəsb etdiyini bilən insan bu güc savaşının içindədir, bu həqiqətlə iç-içədir. Xəyalpərəst və əlini həyatdan çəkmiş bir insanın da içində bu ümid – bir gün o əbədi gücə sahib olacağı ehtirası yatır. İnsanların çox vaxt başqalarını anlamamaq istəyi bundan qaynaqlanır. Bu baxımdan, hər insan başqalarını öz mülkiyyəti kimi qəbul edir və insanın anlayışlı varlıq ola bilməməsini bununla izah etmək olar.

Lakin heç vaxt hansı gücün sahibi olduğunu bilmədiyi, hansı yerdə dayandığının fərqində olmadığı kimi insan sonsuzadək “Mən nə istəyirəm” sualına cavab tapa bilmir. Nə qədər qeyri-ciddi görünsə də, əksər insan istədiyi an beynindən keçəni gerçəkləşdirə biləcək bir gücün sahibi olmaq arzusundadır. Məsələn, Allah olmaq… Amma bunun heç vaxt real olmayacağı qətiyyəti insanı həmişə sevmədiyi işi görməyə, istəmədiyi həyatı yaşamağa məcbur edir. Bu məcburiyyət sağ qalmaq üçün bir zərurətdir. Qurmaq istədiyi dünyanın mərkəzindəki hakimiyyət taxtından hökm verən insan bununla özünə qənim kəsilir.

Bu baxımdan, həyat İblis-Allah (Şər-Xeyir) yox, İnsan-Allah savaşıdır. Yəni, insanın hakimiyyət uğrunda mübarizəsi… Xeyir şəri tamamilə məğlub edə bilmədiyi kimi insanın düşüncəsindəki Allah da onu taxtdan yıxmaq istəyən insanı dayandıra bilmir. Çünki insan təbiəti hələlik Allahın özü kimi etiraz etmək gücündən məhrum edilmiş deyil.

Bu, sonu olan savaşdır, insanın öz beynindəki qəfəsdən Allahı azad edənədək davam edəcək…

Yaratmaq arzusu qarşısında səcdəyə məcbur etmək insanın təbiətində var. Yəni, insan yaradıcı enerjinin özü kimidir və buna görə yalnızlığa – tək qalmağa məhkumdur və bu məhkumiyyətin bitməsi üçün son qərarı verəcək kürsüdə də insanın özü əyləşib. Bu düşüncənin rüşeymi isə özündə böyük bir nifrəti bəsləyir, bu, bizim “sevgi” adlandırdığımız şeydir. Yəni, sevgi səni sevməyə, sənə etirazsız itaət etməyə məcbur etmək deməkdir. Amma zamanla öz arzusunun qeyri-mümkünlüyü qarşısında müqaviməti zəifləyən insan tısbağa kimi içindən yumşalır, həssaslaşır, hücum xəttindən müdafiə mövqeyinə çəkilir. Ev onu müdafiə edən yeganə çanağa – qalxana çevrilir və bu çanağın altından çıxmaq istəmir.

Lakin insan həmişə çıxış yolu üçün içində bir ümid bəsləyir və bu ümid böyük ehtirasları yenidən qızışdırmaq, insanı o çanaq altından çıxarmaq gücündədir.

Bu savaşda isə Allah hakimiyyətin gücünü simvolizə edir, yəni Allah məcazdır. İnsanda Allahı öldürmək arzusu yaradan da bu məcazi mənadır. Amma insan hər nə qədər məsələyə məcazi yanaşsa da, bu savaşın son nəticəsində Allahı öldürüb, ya da qəfəsdən azad edib hər istəyini yerinə yetirəcək “sehrli çomağı” əldə edəcəyinə inanır. Çox vaxt insan buna görə Allaha doğru can atır və öz əli ilə azadlığını məhdudlaşdıran bir köləyə çevirir. Köləliyin sonu azadlıq olduğu kimi, insanın daxilindəki bu əsarətin son nəticəsi də öz gücü ilə qazandığı şöhrətin yaratdığı möcüzələri göstərmək istəyinə hesablanıb.


Müəllif: Mənsur Rəğbətoğlu