10 Sentyabr 2014 10:49
1 346
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qulağımla eşitdiyimdi. Bomboş avtobus ləngər vura-vura gedir. İş vaxtıdı deyə tək-tük adam var içəridə. Sakitlik olduğundan bu iki qadının söhbətinə də hamımız şahid.

- Ay Firuzə, kişinin üzü o yanlıqdı, ya bu yanlıq? Qaynatanı deyirəm ee...
- Onu Allah bilir. 90-ı keçib. İndi bir quru nəfəsi qalıb. Yemir, içmir, tərpənə bilmir.
- Deyirəm hələ ki bu qanun təzə çıxıb, kişi canını tapşırsaydı, ehsan verməkdən canınız qurtarardı. Yer götürmüsüz qəbirstanlıqda?
- Ay qız, pul nə gəzir? Dayısının qəbrini söküb elə ora basdıracağıq.

***

İnsanlar ağıl və vəzifə sahiblərinin yeni tövsiyələrini lap dar çevrədə beşəlli alqışla qarşılayırlar. Hərçənd adam içində, el-oba üzünə guya narazı qaldıqlarını bildirənlər də var. Şan-şöhrəti yox, dərrakəli məntiqi tərcih edənlərsə, təbii ki, 800-1000 nəfərlik məclis düzəltməyin ölən adama heç bir fayda vermədiyini gözəl anlayırlar. Şok terapiyası hər kəsi, hə, məhz hər kəsi israfçılıq və daha çox özünü göstərmək adlı qəflət yuxusundan oyadacaqmı? Hələ bilmək olmaz. Bir-iki adlı-sanlı insan bu işə qoşulsa, digərləri də “qonşudan qalma dala” prinsipinə sadiq qalsalar , bir neçə dəfə təkrarlanınca, heç şübhəsiz, ənənəyə çevrilə bilər.

***

Bu ara toylarımızla bağlı vəziyyətə də əncam çəkmək lazım. Hamı bilir ki, toylarımız da başdan-ayağa problemdir. Amma nəyə görəsə heç kəs irəli durub islahata başlamaq istəmir. Hamı məhz yuxarıdan göstəriş verilməsini gözləyir. Desinlər, eləyək. Niyə axı?

***

Başqa ölkələrdə isə belə deyil. Adət bir yana, heç qanun-filan da gözləmirlər. Türkiyənin Mərkəz İldırım ilçəsində çadırda yaşayan iki ailə övladlarını körpəlikdən göbəkkəsdi eləyibmiş. Bugünlərdə isə - uşaqlar böyüyüncə yığışıb toy eləyiblər. Toya qədər oğlan evi başlıq verib, qız evi xınayaxdı keçirib. Toy nə toy. Gəlin 16, bəy 13 yaşında. Qız o yaşa uyğun lap əkəc arvad, oğlan da yenə yaşına uyğun sısqa bir uşaq. Toyun şıdırğı vaxtında da bəy necə darıxıbsa “dostlarımla oynamağa gedirəm” deyib aradan çıxıb. Toy sahiblərinin sevinci yerə-göyə sığmır amma - valideynləri deyirəm.. “Yaşları düşən kimi də nikahı rəsmiləşdirəcəyik” - deyirlər. O zaman nə baş verib, qardaşım? Bir acelenizmi vardı? Bu suallar, təbii ki, cavabsız qalacaq.

***

Bir də yer üzündə elə hadisələrdən elə əcaib suallar yaranır ki, zay cavabını bilsən də ağlına heç cür sığışdıra bilmirsən. Sizə Hindistandan danışım. Hindistanda bir qızı itə ərə veriblər, özü də küçə itinə. Zarafatsız-filansız. Şərqi Hindistanda əyalət kəndlərindən birində yaşayan 18 yaşlı Manqli Mundaya el adətilə əməlli-başlı toy çaldırıblar, başında qırmızı örpək, zər-xaranın içində, hay-küylü musiqi, çalan kim, oynayan kim, yanında da boğazı xaltalı, başı xınalı küçə iti. Demə, yerli təbiblər israr ediblər ki, bu qız mənfi qüvvələrin təsiri altındadır. Və bu mənfi qüvvələr tək qızın yox, ailəsinin də, gələcək həyat yoldaşının da axırına çıxacaq. Hind cadugərlərinin qənaətincə qara qüvvələri qorxutmağın bir yolu varmış. Qızı itə ərə vermək. Yəni cini-şeytanı aldatmaq üçün belə əməlli-başlı toy çaldırıb dəstgah qurmaq lazım imiş ki, bütün xəta-bəlalar insanlardan ötüb itin canına keçsin. Bu ara Hindistanda yox, gözəlim Azərbaycanda doğulduğumuz üçün tanrıya bir dualar eləyək. Hərçənd...

***

Bizdə belə əcaib-qəraib adətlər olmasa belə, bəzən qızlar toy eləmək, gəlin olmaq, ağ paltar geyinmək üçün sözün məcazi mənasında lap itə getməyə də razı olurlar. Bəzən də tanımaza-bilməzə, bir neçə dəfə gördükləri adamla ailə qururlar. Sevmədən, sevilmədən. Bəzən illər boyu it kimi dolanıb elə it kimi də ölüb gedirlər. İt güzəranında törəyən uşaqlar da, heç şübhəsiz, bədbəxtin bədbəxti, zayın zayı kimi böyüyür. Yazıq deyilmi insanlıq? İtdən də ərmi olar?


Müəllif: Afaq Vasifqızı