24 Avqust 2019 14:06
1 175
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qurban bayramı günlərində hökumət adamları sürprizlə rastlaşdırdı. Meyvə-tərəvəzin qiyməti düşmüşdü. 2 manatı kecən pomidorun qiyməti 50 qəpiyə qədər enmişdi. İndi də meyvə- tərəvəzin qiyməti aşağıdır. Belə anlayıram ki, dövlət meyvə istehsal edən fermerlərin sərbəst fəaliyyətinə müdaxilə etmək istemir.

Cünki fermer şikayət edər ki, “özüm əkmişəm, belə də satıram, kimsəyə dəxli yoxdur”. Kişinin belə deməyə haqqı var. Sən ona ancaq deyə bilərsən ki, “Allahın olsun, insafın olsun”, daha onu köhnə kişilər demişkən silistə çəkmək olmaz. Bəli, “əcəb edirəm belə satıram” deyənlər çoxdur. Hökumət neyləsin ki, çörəyinin duzu yoxdur.

Bəs, hər hektar əkin sahəsinə, mator və sürtkü yağına görə ayrılan 40 manat subsidiya, üstəlik torpaq vergisindən başqa bütün vergilərdən azad etmək ona gorə idi ki, kəndli indi yetişdirdiyini ucuz satsın. Amma sən deyirsən ki, “istədiyim qiymətə sata bilərəm”. Dövlət buna görə səni öz vicdanının öhdəsinə buraxır, çünki diktatura ölkəsi deyil ki, yaxandan tutsun, “qiyməti aşağı sal?!”Ona görə hökumət öz tərəfindən başqa layihələr edir ki, nəhayət, ölkədə ucuzluq olsun. “Kənddən şəhərə” adlı layihə etdi, yəqin o başlıq altında cadırları görmüsüz. Çünki alverçi gedib yerində alırdı, gətirib başqa qiymətə satırdi. İndi sual verəcəksiz ki, “fermerin özü satsın da, özü niyə satmır?”. Bu həyatda insan birini bacaranda, o birini bacarmır. Kəndli əkir, amma satmaq istedadı yoxdur. Kəndliyə sərf edir ki, kimləsə yerində behləşib məhsulunu topdan versin. Çünki məhsulu maşınlara toplamaq, satana qədər şəhərdə müvəqqəti ev tapıb qalmaq – hamısı puldur. Üstəlik, bazarlarda piştaxta pulu da verilməlidir. Hökumət gördü ki, kəndli bazarlardakı piştaxta rüsumuna gorə əziyyət cəkir, onda paytaxtda Kənddən şəhərə adlı satış nöqtələri qurdurdu, kəndli də gətirib öz məhsulunu rahat satır. Meyvə-tərəvəzin qiyməti məhz bu layihələrə görə düşdü. Hökumət belə yolla vicdanını itirən alverçilərə mane olur. Yoxsa, sərbəst sahibkarlığa görə kimisə tutub inzibati qaydada cəzalandırmaq alınmır. O qoşulduğumuz beynəlxalq qurumlar da zurna-balaban çalacaqlar ki, “Azərbaycanda sərbəst sahibkarlıq fəaliyyəti ilə məşğul olana qulaq burması verilir”.

Bu günlərdə Baş nazirin müavini Əli Əhmədov bazardakı qiymətlərlə maraqlananda qiyməti qaldıran satıcıya iradını bildirmişdi. Müxalifətçi Arif Hacilı deyir ki, “bu aktyorluqdur”. Əgər insan bazara gedib qiymelətlərlə maraqlanırsa, üstəlik iradını bildirirsə, deməli, hökumət qiymət artımından narahatdır. Heç bunu etməzdi də. Elə Əli Əhmədova deyilərdi ki, “otur kabinetdə, bu istidə nəyinə lazımdır”. Deməli, ortada ciddi məsəle var ki, qiymətlər enməlidir. Arif Hacılı deyir “Əli Əhmədov guya bilmir ki, bunu piştaxta arxasındaki satıcı etmir, bəs bu sahə monopoliyadadır”. Monopoliya hansısa xaricdən gələn məhsullara görə olar. Yerli göyəmə, gavalıya, zoğala nə monopoliya?! Kəndli əkib-becərir, gətirib satır. Bəlkə kimsə onlara deyir ki, “paytaxta gavalı gətirmə, gavalı mənim nəzarətimdədir?”. Gülünc və absurd məsələdir.

Elə bazara girib sorğu aparsan ki, “malını gətirməyə manecilik göstərən oldumu?”. Deyəcək ki, “qonşu Əhmədağanın köhnə QAZ 24-nə yükləyib gətirdim Bakıya”. Hə, bu yerdə giley ola bilər ki, “yolda QAİ əməkdaşları maşınları saxlayıb haqq alırlar”. Belə hal əvvəllər var idi. Yolda saxlayıb imkan vermirdilər. İndi o dövr keçib getdi.

Bütün yol polisi əməkdaşlarına ciddi əmr olunub ki, bələ hal olarsa, o əməkdaş dərhal işdən azad edilsin. Çünki dövlətin siyasəti odur ki, xalq ondan razı qalsın. Bütün siyasət bundan ibarətdir. Bu yerdə dövlətin aqrar sektorda gördüyü işlərdən, gömrüyün şəffaflaşdırılmasından yazmaq olar. Ancaq bunu hamı bilir. Problemler də var, lakin əsas odur ki, getdikcə düzəlir, yerində donub qalmır.


Müəllif: Azər Qismət