9 Sentyabr 2019 12:25
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zəruri lallıq dövrü”

Pivəxanadan çıxıb qaçanda ayaqyolunda bir saniyə belə ləngimək istəməmiş, hər şeyi, hər şeyi unutmağa çalışmış, qırtlağına qədər dirənmiş sevincdən məhrum olmaq istəməmişdi. Ani bir ləngimə arzusuna doğru qaçan ayaqlarına badalaq vurub onu üzü üstə yıxa bilərdi.

Kimsəyə, heç bir şeyə məhəl qoymadan qaçmış, özünə mane olmaq istəməmişdi. Avtomobillərin Əzrayıla çevrildiyi yolları qanadlanıb uçmuşdu - ölümə meydan oxumuşdu. Bu, həmin an idi ki, onu özündən başqa kimsə öldürə bilməzdi, buna əmin idi. Küçə, səki boyu uzanan insan selini ruh kimi yararaq sivişib aradan çıxmışdı - kimsəyə, heç nəyə toxunmadan, toxunmaq istəmədən.

Yaşamağı heç vaxt bu qədər sevməmişdi, Allaha belə şükür etməmişdi. Heç vaxt bu qədər xoşbəxt olmamışdı, necə gizlədirdi, ilahi, necə saxlayırdı öz içində sevincini, necə sığınmışdı öz ürəyinə, necə sığmırdı bu gen dünyaya.

Allaha necə qısılmışdı, necə sarılmışdı o sonsuz taxtına – göy üzünə. Sığmamışdı, sığmamışdı – yerləşə bilməmişdi öz içinə. Ürəyi şar kimi onu göyə qaldırmışdı sanki o, yerə-göyə, ürəyi içinə sığmamışdı. Varlığını bürümüş bir xoşbəxtliklə qaçmış, qaçmış, qaçmışdı, ətrafına baxmadan, bu xoşbəxtliyi ürəyindən dartıb çıxaracaq kimsəylə, heç bir şeylə üzləşmək istəməmişdi. Üz götürüb qaçmış, qanadlanıb uçmuşdu, ayaqlanmışdı, qanadlanmışdı, nəhayət, yerindən tərpənə bilmişdi. Öz xoşbəxtliyindən başqa bir şey görməmişdi.

Özündən, ilk dəfə rahat nəfəs almaqdan duyduğu həzz dabanına qədər bütün varlığını ələ keçirmişdi.

Nəfəs almaq, yaşamaq, insan olmaq, o qəssab dükanın qarşısında dilsiz-ağızsız, etiraz etmədən öz ölüm növbəsini gözləyən qoyunlardan biri olmamaq necə möhtəşəm idi. Nəhəng tiyəsinin ucundan qan daman qəssab bıçağı necə gözəlmiş – xoşbəxtlik insanı necə qəddarlaşdırırmış, amansız edirmiş.

Bağışlamışdı ötüb keçərkən qəssabı da, çör-çöp qutuları içində eşələnən qocaların, kir-pasaq içində vaxtından əvvəl dil açan tifillərin, quyruğunu bulaya-bulaya yemək istəməyə dili olmayan köpəyin yerinə adamları da, Allahı da. Özünü də...

Qaçmşdı, dayanmadan qaçmışdı, bədəni keyləşmişkən, xoşbəxtlik bütün varlığında iqtidarı ələ keçirmişkən, bunu sonsuza çevirmək arzusu ilk dəfə cücərmişkən qaçmışdı, çata bilməmişdi özünə. Səbri tükənmiş, sanki ruhu bədənindən ayrılıb özündən əvvəl çatmış, bədənindən əvvəl dinclik tapmışdı.

Cəmi iki küçə, cəmi bir yeraltı keçid, cəmi bir neçə adam, cəmi bir neçə nəfəs qalmışdı çatacağı yerə bunlar haqda düşünürəkən. Cəmi bir neçə nəfəs...

Uzun plaşı qaçdıqca necə yellənmiş, arxasınca qanada çevrilmişdi. Necə dəli kimi baxmışdılar adamlar ona, anlamamışdılar ki, o xoşbəxtdir, sevinmiş, xilas olmağa ilk dəfə bu qədər yaxın olmuşdu. Ətrafına boylanmamış, kimsəni görmək istəməmişdi.

Plaşın ətəkləri qanad kimi çırpılanda gecənin çökməsinə az qalmışdı.

Soyuq bir gün idi...

Qaçır, qaçır, qaçır... Budur çatır pilləkənə, pillələri bir-bir, iki-bir, üç-bir qalxır... sonuncu mərtəbə. Damın kənarında ayaq saxlayıb gecədən cibində saxladığı həbləri – intihar həblərini bir-bir göyə atır. İndi bunlardan birinə də ehtiyacı yox idi, ürəkbulanmanın yeri deyildi, bədənini hiss etmək, ağrımaq bahsına olsa belə bunu istəyirdi. Axırıncı həbi səmaya atıb geri çəkilir, dayanmaq istəmir, qaçır, sonuncu gücünü dizlərinə verib damdan səmaya tullanır, əlini uzadır, səmadan dartıb onu yuxarı çəkəcək bir əl axtarır – sonuncu ümid - ümidsizlik...

Yerə doğru qanad açıb, plaşı arxasınca qanad kimi çırpılır. Plaşının səsini eşidir, hava axını gözlərini nəmləndirir, hər şey – həyat alatorana qovuşur, amma o son saniyəyədək bura qədər əl çəkmək istəmədiyi bu həyatı gözündən kənar etmək istəmir, sonucu dəfə baxa bildiyi qədər görmək istəyir. Amma o, indi insanlardan da, həyatdan da əlçatmaz məsafədə uzaqlaşırdı, özünü saxlamaq mümkün deyildi.

Hələ hiss edir, hələ duyur, hələ nəfəs alır, ürəyi plaşının ətəkləri kimi çırpınır içində.

Kənardan – həyatdan gələn səslər bir-birinə dolaşır başının içində.

Yüksəklikdən atmaq həyəcanı narkotik iynəsi kimi ayaq barmaqlarının ucuna sancılır. Qorxunc bir həzz – yuxudan əvvəlki ruhsuzluq bütün varlığını ələ keçirir - soyuq tər bədənini isladıb, alnı buz kəsib, hörümçək toru kimi beynini öz cənginə almış damarların sürətlə döyündüyünü hiss edir. Beyni tələyə düşmüş milçək kimi çırpınır bu torun mərkəzində. Gözlərini yumub hiss etmək istəyir - əbədi yuxuya getməyin həzzini bütün varlığıyla yaşamaq istəyir. Hər anını düşünmək istəyir, xəyalına ölümdən başqa heç nə yaxın gəlmir, qışqırmaq, bağırmaq istəyir. Amma ağzını aça bilmir, kimsəni çağıra bilmir, müqavimət göstərə bilmir üzərinə getdiyi ölümün. Yuxudakı kimi...

O, indi qaçış zolağında start xəttinə hamıdan qabaq çatan yamaykalı atletə oxşayırdı, həyatı – arzularını arxada qoyub qabağa keçmişdi, boğazının yarısınadək bıçaq işləmiş qurban kimi öz ölümünü dərk edirdi.

Yerə çırpılır, beyni sakitləşməyə başlayır – həyatın kənarına çatıb sonuncu nəfəsini dərib ölümə yedirdir.

Az əvvəl bu anadək qorxduğu ölümlə üzləşərkən bu təlaşın uzaqlarda qalmasına heyrətlənmişdi. Bu, yaşamaqla ölüm arasında qalarkən ölümün ondan nə qədər uzaqda dayandığına, indi isə həyatdan daha yaxın olduğuna duyulan bir heyrət idi. Son anda aşkar etdiyi bu həqiqətə görə özünə təşəkkür edərcə gülümsəməyə vaxt tapmadı. Asfalta çırpılmasıyla dodaqlarının arxasında qalan bu gülümsəmə bu həqiqət ətrafında özünü mühakimə etməyə vaxt tapmamış, kənardan eşidilən boğuq səslərə qarışaraq beyninin içində küyə çevrildi.

Yadına salmağa çalışır, amma beynində ancaq onu sürətlə ölümün qucağına atan hava boşluğu dolaşır və son anda buna bir məna tapa bilmir. Yaşamaq istəyir, bu da bir iynə kimi sancılır asfalta yayılmış beyninə, amma bu, birdəfəlik xilas olmaq istəyinə bağlı bir ehtiras idi. Artıq bu istəyin nə olduğunu düşünəcək qədər vaxt yox idi, bircə o fikrində əmin oldu ki, xilas olmaq istəyirdi, məhv olmaq bahasına olsa belə...

İndiyədək imtina edə bilmədiyi böyük dünyadan, həyatın sonsuz həzlərindən gördüyü sonuncu şey ölümün soyuq lavasının püskürdüyü gözlərinin zilləndiyi asfalt, sonuncu səslər isə qırılaraq qulaqlarına çatmağa macal tapan adamların qışqırtıları idi. Varlığı ilə yoxluğu arasındakı zaman sadəcə bir neçə saniyədən ibarət idi. Bu, onun yaşamaq və ölüm arasında az əvvəl gəldiyi sadə riyazi hesablama olsa da, ölümündən sonra baş verənlər onun daimi həyat ehtimalına daxil deyildi, olmamışdı.

Həyatın sonuncu səslərini eşitdikdən az əvvəl bu haqda düşünmüşdü – ölümündən sonra onun üçün həyatın yeni dövrünün açılmasından yox, kiçik bir dövrün qapanmasından əmin olmuşdu.

Zəruri lallıq dövrü başlayırdı. Zəruri lallıq, yəni, ölümdən sonrakı dövr – əbədiyyətə dair tamahkar gözləntilərin aldadıcı həqiqətlər dövrü...


Müəllif: Mənsur Rəğbətoğlu