25 Noyabr 2019 00:44
2 642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum prezident Əbülfəz Elçibəy İrandan nə istəyirdi?

O, həqiqətən xəyalpərəst, utopik düşüncəyə sahib biri idimi? Onun Güney Azərbaycanla bağlı düşüncələri ziyanlı idimi?

Eks-prezidentin ölümündən 20 ilə yaxın vaxt ötsə də, mütəmadi şəkildə gündəmə gəlir, hansısa addımı tənqid edilir. Elçibəy Azərbaycanın ən ağır dövründə hakimiyyətdə olub, iri güclərin məngənəsi altında edə biləcəyi addımları atıb, bacarmadığı anda isə siyasi inzivaya çəkilib. Hər bir siyasi lider kimi onun da hakimiyyət dövrü təftiş edilməli, səhvləri və doğruları faktlarla isbatlanmalıdır.

Bu baxımdan “Elçibəy İrandan nə istəyirdi?” sualına elə onun öz cavablarını yada salmaq Natiq Cəfərli demiş düşünmək üçün yetərlidir.

Elçibəyin İrandan istədikləri:
1. İnsan haqlarının təmini
“Mən bir hərəkatçıyam. İnsan haqlarını hər zaman qoruyuram. Güney Azərbaycanda yaşayan 23 milyon türkün insan haqlarının qorunmasını tələb edirəm. Məktəbi olsun, mədəni hürriyyəti olsun, mədəni muxtariyyəti olsun deyirik. 140 min erməniyə Qarabağda bir dövlət istəyirlərsə və dünya da bunu müdafiə edirsə, İranda yaşayan 23 milyon türkə bir məktəb, mədəni muxtariyyət istəmək qəbahətdirmi?”

2. Demokratiyanın təmini
“…Rusiya da, İran da bizə müstəmləkə siyasətiylə yanaşır. Deməli, onlara yox, Avropaya yaxınlaşmalıyıq. Neçə illərdir demokratik bir cəmiyyətə keçmək istəyirik. Ancaq nə Rusiyada demokratiya var, nə də İranda. Deməli, biz özümüz birbaşa çıxmalıyıq demokratiyanın beşiyinə… Məni İran da, Səddam Hüseyn hökuməti də, Livan da rəsmi səfərə dəvət etdi, ancaq bildirdim ki, o cür yırtıcı, irticaçı dövlətlərə getmərəm - bu, mənə yaraşmaz. Deyək ki, getdim İraqa, Səddam Hüseyn də məni yaxşı qarşıladı. Hətta yardım da etdi. Bəs Səddamın günahsız məhv etdirdiyi minlərcə adamın ailələri deməzmi ki, sən də namərd oldun? Bəs onların ah-naləsi necə olsun?!”

3. İşgəncələrin dayandırılması
“Tehran rejiminə mən niyə düşmənəm? Çünki 30 milyon Azərbaycan türkünü əzab-işgəncə içində saxlayır. Mən onunla necə dost ola bilərəm? Millətimin başını kəsən adamla dost olmaq mümkündürmü? Ona görə də deyirdim ki, bu dövlətlər bizə düşməndir, onlarla o zaman dost olaram ki, mənim millətimə azadlıq versin”.

4. İslam rejimi adı altında fəaliyyət göstərən hərbi-polis diktaturasının qarşısının alınması
“Mən Əliəkbər Haşimi-Rəfsəncanini hakimiyyətdə olanda tənqid edirdim, indisə onu hələ xarici ölkələr bir yana, bütün İran xalqı tənqid edir. Deməli, mən qabaqcadan onun qiymətini düz vermişəm. Amerika İranı irticaçı yox, cinayətkar rejim elan edib. Bir var sivilizasiyalı, mütərəqqi rejim, bir də var cinayətkar rejim; dünyanın bir çox dövlətləri də bu fikrə qoşulublar ki, İranda cinayətkar rejim hökm sürür. Xalqlara azadlıq verilmir, ölkədə hərbi-polis diktaturası hökm sürür, vicdan azadlığı, söz azadlığı yoxdur - kim müxalif söz desə onu asır, qətlə yetirirlər. Dinimizin hökmünə görə, qız uşağı dar ağacından asılmaz. Ancaq İran nə edir - hökumətin əleyhinə danışdığına görə gecə onu zorla ərə verərək qızlığını alıb ertəsi gün asırlar! Bundan böyük cinayət ola bilərmi?! Yaxud cinayət etmiş hər hansı adamın boğazına məftil keçirib krandan asır və onu şəhərin küçələrində beləcə gəzdirirlər! Bu cür vəhşilik nə Quranda var, nə dində, nə də imanda. Belə allahsız rejim yaşaya bilməz! Cinayətkara, əlbəttə, cəza verilməlidir, amma görəndə ki onu boğazdan asıb bir heyvan ölüsü kimi küçələrdə gəzdirirlər, insan istər-istəməz bunu edən hökumətə, buna fitva verən din xadimlərinə nifrət edəcək. Görün, o asılmışın anası, bacısı nə dəhşətli hallara düşəcək! Buna heç kim dözə bilməz. Belə rejim cinayətkar deyil, bəs nədir?!”.

5. Güney Azərbaycanın azad olması
“Biz azadlıq hərəkatımızın birinci mərhələsini arxada buraxmışıq və ikinci mərhələ başlamaqdadır. Yəqin ki, yaxın gələcəkdə Rusiyanın Azərbaycana müdaxilə imkanları daha da azalacaq və rus impеriyasından azad olan Azərbaycan gəncliyi dayanmayacaq və bütün fəaliyyətini Azərbaycanın günеyinə doğru yönəldəcəkdir. O zaman Təbrizin bir yumruğu ilə İran darmadağın olacaqdır, çünki İran Sovеt impеriyası dеyil, onun əli altında böyüyən balaca impеriyadır. Azərbaycanın günеyində 30 milyondan artıq türk var və bu 30 milyonluq türk qarşısında İran dayana bilməz. İran impеriyası bu gücün qarşısında çox kiçikdir”.

Biz şərh vermədən Elçibəyin İrandan nə istədiyini gördük. Bu istəklərin ilk dördünü bu gün başda ABŞ, Avropa Birliyi ölkələri olmaqla bütün mütərəqqi dövlətlər, onların başçıları istəyirlər.

Demək ki, çağdaş Avropa dövlətlərinin başçıları Natiq Cəfərli demiş “Elçibəy sindromu”ndan əziyyət çəkirlər. Elçibəydən bu yana İran dəyişdimi? Əksinə, nüvə silahı əldə edib dünyanı bu güclə təhdid etmək istəmirmi? Suriyadakı cinayətkar rejimin qorunması üçün cəhd göstərmirmi? Azərbaycanlılar üçün bir məktəb də olsa, açıbmı? Əgər siyasət qonşularla yaxşı keçinməkdirsə, Əhməd Davudoğlunun timsalında gördük ki, bu işlər ancaq kitablarda, nəzəriyyələrdə mümkündür.

İndi isə başqa bir məsələyə toxunaq. Elçibəy hakimiyyəti dönəmində İranın Azərbaycana münasibəti necə idi? İranşünas Məsiağa Məhəmmədinin fikrincə:
- Azərbaycan rəhbərliyinin açıq-aşkar Qərbyönümlü siyasət yürütməsi, bu siyasətə uyğun olaraq ölkədə İranın tarixi rəqibi olan Türkiyə Respublikasının nüfuzunun hədsiz dərəcədə genişlənməsi, bu kontekstdə milli özünüdərk şüurunun güclənməsi qonşu ölkənin strateji hədəflərinə uyğun gəlmirdi;

- İranın Azərbaycan torpaqlarının 20%-ni işğal etmiş Ermənistanla davamlı siyasi və iqtisadi əlaqələrini, Azərbaycanın dünyəvi dövlət modelini (dinin dövlətdən ayrı elan edilməsini) və Azərbaycan Respublikasının İran azərbaycanlıları arasında etnik özünüdərk prosesinə obyektiv təsiri;

- İranın xarici siyasətində geosiyasi və ideoloji yanaşmaların üstünlük təşkil etməsi. Məhz geosiyasi mülahizələr üzündən İran qonşu Azərbaycanın müsəlman əhalisinin narazılığına rəğmən Ermənistanla münasibətlərini genişləndirmişdi. Belə ki, bu münasibətlər həm də İranın regiondakı ənənəvi rəqibi olan Türkiyənin təsirini zəiflətməyə qarşı yönəlmişdi;

- Geosiyasi cəhətdən İran bu bölgədə ayrı-ayrılıqda nə ABŞ və Qərbin, nə də ki Rusiya, Türkiyə və Çinin möhkəmlənməsinin və geosiyasi təsirlərini artırmasının tərəfdarı idi. Hərbi-siyasi sahədə o, ABŞ və Qərb dövlətlərindən, yaxud onların tərəfdaşı hesab olunan Türkiyədənsə, Rusiya və Çinlə geniş regional ünsiyyətə can atırdı;

- Münasibətlərdə ideoloji amilin təsirinə ən bariz nümunə İranın 1991-ci ildən fəaliyyətə başlamış Azərbaycan İslam Partiyası ilə əlaqələrini göstərmək olar. Xarici siyasətdə şiə islamçı hərəkatlara dəstək prinsipinə yer verən İran həmin partiyanın Azərbaycan ictimai-siyasi həyatında güclənməsinə çalışmış, ona maliyyə baxımından da yardımlar etmişdi. Bu fakt 1995-ci ildə məhkəmə qaydasında sübuta yetirilmiş, İslam Partiyasının rəhbərləri həbs olunmuş, rəsmi dövlət qeydiyyatı isə Ali Məhkəmənin qərarı ilə ləğv olunmuşdur.

Amma bütün bunlara baxmayaraq Elçibəy dönəmində İran-Azərbaycan arasında:
- 1992-ci ilin avqust ayının 5-də Tehranda Azərbaycan səfirliyinin yaradılması barədə qərar qəbul edilib. Elə həmin ay Azərbaycanın xarici işlər nazirinin İrana ilk rəsmi səfəri baş tutub və bir sıra mühüm məsələlər – Naxçıvanda İranın, Təbrizdə isə Azərbaycanın baş konsulluqlarının açılması, İrandan Azərbaycana qaz verilməsi, İran ərazisindən keçərək Naxçıvana gediş-gəliş məsələləri barədə razılaşmalar əldə olunub.

- 1992-ci il oktyabrın 8-də İran İslam Respublikası ilə iqtisadi, ticarət və humanitar əlaqələrin inkişafı üçün Dövlət Komissiyasının yaradılıb. Həmin ilin 16-20 noyabr tarixlərində dövlətlərarası komissiyanın ilk iclası keçirilib. Müzakirələrin nəticəsi olaraq tərəflər arasında memorandum və 9 saziş imzalanıb, bununla da Azərbaycan–İran iqtisadi-ticari və humanitar əlaqələrinin hüquqi təməli yaradılıb.

- 1993-cü ildə İran Rusiyadan sonra Azərbaycanın ikinci ticarət tərəfdaşına çevrilib.
Bu dövrdə İran Qarabağla bağlı iki dəfə vasitəçilik edib:
- İranın Dağlıq Qarabağ münaqişəsində ilk vasitəçilik təşəbbüsü 1992-ci ilin fevral ayına təsadüf edib. Həmin vaxt İranın xarici işlər naziri Əli Əkbər Vilayəti Bakıya, Yerevana və Qarabağ bölgəsinə səfərlər edib və tərəflər arasında atəşkəsin əldə olunmasına dair səylər göstərib. Lakin fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalı soyqırımını törətməsi bu səyləri heçə endirib.

- İranın növbəti vasitəçilik cəhdi 1992-ci ilin mart ayında başlayıb. Aprelin 20-də İran xarici işlər nazirinin müavini Mahmud Vaezi Bakı və Yerevana səfər edərək Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkilinə dair məsləhətləşmələr aparıb. Danışıqların nəticəsi olaraq mayın 7-də İran Prezidenti Haşimi Rəfsəncaninin iştirakı ilə Tehranda Ermənistan və Azərbaycan dövlət başçılarının münaqişənin nizamlanmasına dair görüşü keçirilib və atəşin dayandırılması barədə sənəd imzalanıb. Lakin mayın 8-də erməni silahlı birləşmələrinin Şuşanı işğal etməsi nəticəsində İranın vasitəçiliyi bu dəfə də uğursuzluğa düçar olub.

Və nəhayət! Güney Azərbaycanın azad olması mümkündürmü?
Şimali Azərbaycan tarixdə iki dəfə müstəqil olub. Hər ikisi Rusiya imperiyasının çökməsi nəticəsində mümkün olub. Hər ikisində də azadlıq bizə xəyal kimi gəlib. Hətta Üzeyir bəy Hacıbəyli yazırdı ki, yatsaydıq da, yuxumuza girməzdi ki, parlament açacağıq.

Cənubi Azərbaycanda da iki dəfə dövlət qurulub. Hər ikisi də dünya müharibəsinin nəticəsində olub. Bir əsrdə 4 dəfə müstəqillik elan edilibsə, yeni əsrin başlanğıcında müstəqilliyin elanı mümkündürmü?
Niyə də yox!?


Müəllif: Dilqəm Əhməd