23 Yanvar 2020 19:59
1 443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkədə aparılan seçki kampaniyalarının ortaq özəlliyi var: əksəriyyət içimizdən biri olduğunu və dəyişiklik gətirəcəyini vəd edir. Həqiqətən də, namizədlərin əksəriyyəti bu dəfə içimizdən olanlardır. Onların bəziləri ilə dostluq, bəziləri ilə yoldaşlıq münasibətimiz var, bir çoxlarını isə sosial media vasitəsilə tanıyırıq. Onlarla çay içmişik, çörək kəsmişik, toyda, yasda iştirak etmişik. Həqiqətən də, onlar ötən illərdəki millət vəkili anlayışını dəyişdirmək istəyirlər. Ancaq seçkidən-seçkiyə xalq yadına düşən deputatlardan olmayacaqlarını göstərmək üçün qapı-qapı düşərək səs almağa çalışırlar.

Yeni namizədlər şəxsiyyət olaraq da ötən illərdəki namizədlərdən maraqlıdırlar. Onlar müasir yanaşmalardan, təbliğat vasitələrindən istifadə edir, daha orijinal görünməyə çalışırlar. Məsələn, Rauf Arifoğlunun kampaniyası ilə bağlı təqdim etdiyi videolar, Taleh Şahsuvarlının seçki marşı bu qəbildəndir.

Budəfəki seçkilərdə maraqlı namizədlər də var. Məsələn, doktor Vasif İsmayıl sosial şəbəkədə savadı, intellekti, siyasi baxışı ilə sevilən şəxsdir, əksəriyyət onun deputat olmasını istəyir. Jurnalist, Qarabağ münaqişəsi üzrə mütəxəssis Kərim Kərimli, Qarabağın azərbaycanlı icmasının sədri Tural Gəncəliyev, Qərbi azərbaycanlılar icmasının sədri Əziz Ələkbərli də budəfəki seçkinin maraqlı namizədləridirlər.

Təəssüf ki, bu maraqlı namizədlərlə yanaşı “namizəd olum, bir az məşhurlaşım” prinsipi ilə davrananlar da oldu. Xalqı təmsil etmək hər kəsin hüququ olsa da, bu təmsilçiliyə iddialı olan şəxs əvvəlcə özünə, intellektinə, resurslarına, imkanlarına baxıb ona uyğun davranmalıdır. Elə namizəd var ki, sosial şəbəkədə canlı yayım etdiyi zaman sadəcə iki adamın izlədiyini görürük. Elə buna görədir ki, yüzə yaxın namizəd artıq namizədliyindən imtina edib, 500 imza aldığı seçicini yarı yolda buraxıb.

Seçki həm də komanda işidir. İstanbulda Əkrəm İmamoğlu ilə Binəli Yıldırımın mübarizəsini başdan sonadək izləyən biri kimi İmamoğlunun qələbəsinin yarısını komandasına borclu olduğuna əminəm. Bu baxımdan namizədin seçki qərargahı, qərargahın üzvləri, seçki müşahidəçiləri, təbliğat üçün minimal imkanları da olmalıdır. Açıq aydın görünür ki, bəzi dairələrdə hətta iyirmidən də çox namizəd olduğu halda mübarizə iki namizədin arasında gedəcək. Digərləri sadəcə səs azaltmağa xidmət edəcəklər. Rauf Arifoğlu-İqbal Ağazadə, Bəxtiyar Hacıyev – Nigar Arpadarai kimi şəxslərin olduğu dairələr bu qəbildəndir.

Namizədlik üçün yuxarı yaş senzi olmasa da, bəzi namizədlər artıq anlamalıdırlar ki, islahatlar dönəmində artıq onlar vətəndaşa faydalı ola bilməyəcəklər. Gərgin parlament rejimi onların sağlamlığı üçün də ziyanlıdır...

Jurnalist həmkarlarımın bir çoxu namizəd olduğu halda mənim bu prosesdən kənarda qalmağımın səbəbi isə hədəflərimlə imkanlarımın hələ ki üst-üstə düşməməsidir.


Müəllif: Dilqəm Əhməd