28 Fevral 2020 13:39
1 216
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hə, odur, özüdür ki var. Niyə bu qadını həmişə gedən görürəm? Mən eyvana çıxanadək o, döngədə yoxa çıxır. Dörd ildir burada yaşayıram, həmişə gedən görürəm. Yəqin bir gün gələn vaxtı da olacaq.

Yenə kimsə ölüb, həyətdə çadır qurublar. İnsanlar niyə ölürlər? Görəsən, insan ölüm gələndə onu duya bilir, ya Əzrayıl hiss olunmadan sıyırıb çıxarır ruhunu bədənindən? İnsan öləndə ağrımalıdır, qırtlağından həm də. Axı necə ölür-ölsün, insan boğularaq can verir – nəfəssizlikdən, Əzrayıl boğur onu. Dəhşətli olmalıdır can vermək, xüsusən də Əzrayıl kimi – canının şirin olmadığı birinin əlində. Qəribədir, bu qədər insanın ölümünə ağlayan insan vaxt tapıb öz ölümünə göz yaşı tökə bilmir. Bilmir axı öləcəyəni. Bəlkə də ağlayır, kim bilir, bəlkə də elə təkcə öz ölümünə ağlayan elə insanın özüdür.

Yadımdadır, tələbəlik illərində ofisiant işlədiyim restoranlardan birində toy vaxtı qulluq etdiyim masada bir kişi öldü. Gözümün qabağında başını masaya qoyub yoxa çıxdı, kimsə saxlaya bilmədi. Yeməyi boşqabında yarımçıq qaldı, əlini sildiyi, əzilmiş salfet hələ də boşqabdaydı. O boşqabı məcməyiyə qoyub içəri aparmağa qorxurdum. Elə ki götürməyə cəsarət etdim, elə bildim məcməyidə cəhənnəmə - şeytanlara lənət daşıyıram. Elə bilirdim ruhunu ağzını silib əzişdirdiyi o salfetin arasına büküb. İndikinə baxanda uşaqdım, inanırdım hələ. Onda hər gecə ölülər dirilirdi. Hələ də varlığını bu qorxunun vahiməsinə bürüyüb nə qədər yuxusunu ərşə qurban verən insanlar var dünyada. Çoxdular, lap çox.

Hə, bir bu külək çatmırdı, haradan çıxır, harada gizlənir, bilmirsən. Bir də baxırsan, qəssab kəndirindən qaçan qurbanlıq öküz kimi çırpır özünü ora-bura. Milena Kafkanın ürəyinə girən kimi soyuq nəfəsini üfürür adamın iliyinə. Gecə küləyi həmişə adamı qorxudur nədənsə, qapı-pəncərələri elə silkələyir, elə bil allahlar özünün cəhənnəmdə ac saxladığı qəzəbli ruhlarını göndərib səni aparmaq üçün. Yer axtarırlar içəri girməyə, elə hay-həşir salır külək. Qanclq it kimi zingildəyir qapının qabağında.

İnsanın nə istədiyi məlum deyil, son anadək gizli qalır. Bir də baxırsan, gözləmədiyin bir şeyin həyatında peyda olmasına sevinirsən, bu səni xoşbəxt edir, sakitləşirsən. Amma onu da bilirsən - istədiyin bu deyildi, yenə də sevinirsən. İnsanı nə xoşbəxt edəcəyi məlum deyil, bu da axıradək gizli qalır. Ən yaxşısı kənara baxmadan yaşamaqdır, onsuz da həmişə nəsə olur, hardasa ayaqların büdrəyib yıxılacaqsan. Bundan sonra da qalxıb-qalxmamaq insanın özünə qalır. Qalxıb getmək istəsə yol var, qalxmaq istəməsə, başını soxmaq üçün heç vaxt torpağa bu qədər yaxın olmayacaq.

Hər nəysə…

Deyəsən, dilənçi qadın evinə getmək istəmir. Kələm kimi bürünüb, özü də yeyir, dayanmadan yeyir, yeyir, yeyir - bir-bir nəsə ötürür ağzına. Bəlkə də dünyanın ən mənasız yeməyini yeyir indi. Nə yeyə bilər oturduğu yerdə? Səkinin kənarına elə şöngüyüb ki, zəlzələ olsa, onu yerindən tərpədə bilməz. Özü də çox yekədir. Görəsən onu bu kökə özü salıb, ya necə? Axşama kimi də dünyanın suyunu içir, doydum demir. Görəsən bunu istəyib içir, ya bekarlıqdan? Bəlkə də mədəsini doldurmağa düz-əməlli bir şeyi yoxdur.

Görəsən bu boyda dünya bu adamlar üçün niyə dar cəhənnəmə çevrilib, niyə heç olmasa, bu qədər də olsa rahat deyillər? Müharibələr, aclıq, səfalət, cinayətlər, rüşvət, hərc-mərclik baş alıb gedir. Görəsən, niyə belə olur?

Bu necə küləkdir?

İnsan düşüncəsi çox qəribədir, səni hara aparacağı məlum deyil. Hərdən sevdiyin bir insanı düşünürsən, bir də ayılırsan ki, savannada dəvəquşu qovursan, Yuli Sezar zebralara qarışıb otlayır. Düşüncə insanı olmaq istədiyi yerdən başqa, hara gəldi sürüyür. İllərlə üz-üzə yaşadığın birini və o an arzuladığın insandan başqa hər şeyi xatırlamağa, təsvir etməyə gücün çatır. Amma ayrı-ayrı xatırladığın burnunu, gözlərini, ağzını, saçını, qulaqlarını, səsini, qoxusunu bir yerə yığıb bir adam düzəldə bilmirsən.

Nə bilim...

İnsanın heç vaxt gözləməyə yeri olmur, külək kimi. Həmişə hərəkət edir, qaçmağa, çatmağa can atır, külək kimi. Elə ki dayanmağa, sakitləşməyə bir yer tapır, başlayır dağıdıb tökməyə, külək kimi…

Nə xoşbəxtlik, nə pul, nə sevgi, nə də başqa bir şey – insan sakitlikdən başqa heç nə istəmir. Xəyallar qurmağa bircə sakitlik bəsdir. Sakitlik, yəni azadlıq. Azadlıq insanın tapdığı o sakitliyin gətirdiyi xəyalların içindən boylanır.

Məsələn, gecə olar, külqabını qoyarsan qabağına, bir siqaret yandırarsan, həmin sakitliyə çatanda varlığın o xəyallardan süzülən işığa bürünüb yoxa çıxar, külək də bir az pərdəni yellədər, əlbəttə bir bahar axşamı olar və bunun necə möhtəşəm bir duyğu olduğunu çox sonralar bilərsən. Çox sonralar tanrılığı Afrodita tərəfindən oğurlanan Zevs kimi yerin altından o xəyalların zirvəsinə can atanda anlayarsan ki, insanı özündən başqa kimsə göy üzündən yerə sala bilməz. Yəni hiyləgər Afroditanın yatağına can atırsansa, ölümsüz tanrılıq libasını soyunub birdəfəlik atmalısan.


Müəllif: Mənsur Rəğbətoğlu