27 Aprel 2020 09:10
4 309
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizdə dini cəhalətə qarşı intellektual mübarizə təcrübəsi və ənənəsi yoxdur. Bu mübarizənin Axundov intibahından da bir qədər geriyə düşmüşük.

Hələ ki, bu cəhalətin qarşısında bir mübarizə üsulu var, o da dubinkadır. Dubinka da rezindəndir, o da hər dəfə bu yorulmaz oduna çırpıldıqca aşınır. Çox da arxayın olmayaq ki, bir İlahiyyat İnstitutumuz var, orada 50-60 nəfər milli və savadlı kadrlarımızı yetişdirəcəyik, sonra hər şey öz axarına düşəcək.

Hələ də anlamaq istəmirik ki, başqa bir cinahda konveyrlə cəhalət virusunu daşıyan minlərlə insan yetişdirilir. ABŞ istədiyi qədər dollar çap etdiyi kimi, bu tərəflərdə də istədikləri qədər odunu Buratino kimi yonub beyin hissəsinə necə davranmaq lazım gəldiyini təlqin edən robot yaddaşı yerləşdirirlər.

Ziyalıların, alimlərin böyük əksəriyyəti din mövzusunda dedi-qodu səviyyəsində məlumatlara sahibdirlər, ona görə də ciddi təbliğat savaşında yer ala bilmirlər. Bir qismi də elə bu saxtalkar dinçilərin içində yer alaraq elmi titullarının önünə hacı, həcüxanım, məşədi, kərbəlayi tanıtımlarını yerləşdirərək öz içiboş dünyalarında var-gəl edirlər.

Mollalara da maşın, pul verməklə iş çözülmür, o, maşını, pulu savadlı, imkansız gənclərə yönəltmək lazımdır ki, dini bilgilərlə yanaşı yetkin elmi bilgiləri də olsun, dünyada alimlərin qarşısında bu ölkəni yüksək dil və din bilgiləri ilə təmsil edə bilsinlər.

Koronavirusun ən böyük mənəvi xeyri dünyada iddia edirəm ki, Azərbaycan xalqına dəyib. Ay yarımdır insanlar adam kimi sakitcə, təmtəraqsız, mollaların at oynatdığı məclislərdən uzaq, ölüsünü dəfn edib gəlib evində gələcək qayğıları ilə məşğul olurlar. Mənasız 7, 40, il mərasimlərinə xərclənən pulları da ciblərində qalıb. Müasir texnologiyanın köməyi ilə, yaxud da sosial şəbəkədə “Allahdan rəhmət!” diləməklə israfçılığın da qarşısı alınıb. İndi hünər odur ki, bu yobaz dinçi ünsürlərin müqavimətini qıraraq epidemiya təhlükəsindən sonra da elə bu cür davam edilsin. İsrafsız dini mərasimləri bir ənənəyə çevirmək artıq dövlətin həm təbliğat, həm də tətbiqat baxımından görəcəyi ən vacib işlərdən biridir. Ramazan ayı da dünyada öz axarı ilə başlasa da Azərbaycanda ənənəvi gic-gic müzakirələrlə, mübahisələrlə müşayət olundu.

Neçə gündür işsiz-gücsüz adamlar müzakirədən doymurlar ki, niyə bir gün tez, bir gün gec başladı. Başda elm olmayanda nə etməlisən, buraxmalısan ki, mənasız mövzularla uydurduqları dinin dadını çıxarsınlar. Növbəti səfeh müzakirələrin davamı da bayram ərəfəsində başlayacaq. Yenə də bir gün tez, bir gün gec, xeyli başıboş da dini təəssübkeşliyinin ifadə və sübut plasdarmını tapıb bir-birinə əxlaqdan başqa beyin yarımkürəsində nələr varsa tolazlayacaqlar.

Ey Allahın heyvandan, bitkidən fərqləndirmək üçün şüur bəxş etdiyi insan balaları, buraxın bu mənasız işləri başına, bu ayın verdiyi fürsətləri dəyərləndirib, dini, elmi biliklərlə özünüzü zənginləşdirməyə çalışın. Onsuz da hamımıza bəllidir ki, Azərbaycan insanının elə də böyük olmayan hissəsində üç rəngli bayrağımızın mənasının idrakına dayanan müstəqillik ruhu yatır.

Bu ruhu heç olmazsa müstəqil dövlətimizin varlığı ilə öləziməyə qoymamaqla, gələcəyimizin ümidverici proqramlaşması üzərində düşünə bilirik. Yəni siyasi baxımdan biz müstəmləkəçiliyin formasından, qismən də zehni basqısından qurtula bilmişik.

Hər bir halda 29 illik müstəqillik aurası bizdə tərsinə çevrilməsi çətin olacaq bir xarakter yarada bilib. Lakin biz din siyasəti baxımından birbaşa müstəmləkəyik, formal qurumlarımızı bir tərəfə qoyun, düşüncə olaraq istehsalçı deyilik, idxalçıyıq. Həm də harada xarab məhsul var, harada xarab mütəxəssis var, onları idxal etməklə məşğuluq. Əlbəttə, biz bu sahəni başına buraxmamışıq, lakin heç başa da buraxmamışıq, sadəcə dubinkanın öhdəsinə buraxmışıq və yeni baxış ortaya qoymağa da tələsmirik. Halbuki modern dünyəvi dövlət potensialımızın taxta platsdarmının altını hər gün gəmirərək deşik açmağa çalışan başqa məkanlarda xüsusi olaraq kodlaşdırılmış siçovullarla bir azdan üz-üzə qalarkən itirdiyimiz vaxta ağlamaq üçün yenə də gerilərə, qaranlıq keçmişimizə qayıdıb, rusu, ermənini, gürcünü, qərblini qınamaqla çöküşümüzün səbəblərini yenə də özümüzün deyil, başqasının düşmənçiliyinin boynuna yazacağıq.

Hansısa televiziya kanalında gedən proqramda gözümə dəyən və sonra da ağlımı döyəcləyən bir deyimin hikmətinin təsiri altında bu günün Ramazanına başladım. Həmin fikir Quran ayələrinə isnad olunur və deyilir: “Allah mülkü-malı istədiyinə, elmi istəyənə verir”.

Həqiqətən də mal-mülk sahibi olanların böyük əksəriyyəti çalışan insanlardır, ancaq çalışmayana da miras olaraq, lotereya olaraq, şans olaraq sərvət verildiyi bir gerçəkdir. Bunlar insan üçün Allahın sınağı olaraq düşünülür.

Zənginliyə görə də, yoxsulluğa görə də, xəstəliyə görə də insanın sınağa çəkildiyi dini doktrinin bilinən gerçəyidir. Lakin ən möhtəşəm hikmət Allahın elmi, biliyi istədiyinə deyil, istəyənə verməsində yatır. Öyrənmək istəyirsən verim, yox əgər avaralanmaq istəyirsənsə, get o tərəfə, sınaq üçün mal-mülkdən, xəstəlikdən bir şeylər verəcəyəm sənə ki, yaşadığın ömrün içini bir şeylərlə doldurasan.

Bizsə bu hikməti anlamadan düşünürük ki, pulunu verib diplom ala bilirəmsə, niyə öyrənim ki? Elm bizdə qurumların, müəssisələrin, universitetlərin, akademiyaların imitasiyasından ibarətdir və üç nöqtə! Allahdan elmi istəmək, öyrənməyi istəmək, zehnimizə işıq tutmağı istəmək! Bundan gözəl, anlamlı nə ola bilər ki? Dualarımızı da o qədər maddiləşdirmişik ki, belə şeylər bir az gülməli görünür.

Gülməli demişkən, bizim universitetdə təhsil aldığımız illərdə məntiqdən bir müəllimimizi xatırladım. Çox məşəqqətli ömür yolu keçmiş bir insan olduğunu sonradan öyrəndim. Ahıl yaşda balacaboy bir insandı. Mustafa müəllimdi adı. Allah ruhunu şad etsin və qarşısında günahlarımızı bağışlasın! Məntiq elmindən dərs deyirdi. Məntiq hara, biz hara, dərsində səs salıb gülüşürdük, danışmağa imkan vermirdik.

Hər dəfə bu yaşlı müəllim bir az da “g” hərfini “c” kimi tələffüz edərək şirin bir yumorla deyirdi: “Gülün, gülün, mən də sizi imtahanda güldürəcəyəm!” İndi bilmirəm, bilmədiyimizə, üstəlik də öyrənmədiyimizə görə haçansa Allahın imtahanını ağlımızın ucundan keçirirkmi? Bildiyim odur ki, hələ ki, Allahın da kitabını anlamaq üçün oxuyub, sözünü dinləmək üçün eşitmirik, sadəcə gülürük...Birinci imtahan deyəsən koronavirusdur. Görürsünüzmü, Yaradan hamımızı necə güldürür?


Müəllif: Fazil Mustafa