24 May 2020 12:38
5 376
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Niyə susursunuz?", "Bu biabırçılığa niyə göz yumursunuz?" Və bu kimi onlarla, yüzlərlə suallar. Facebook-un inboksu doludur, bəlkə də daşır.

Bilərəkdən susdum. Çünki ömrünün 30 ilini dünya xalqlarının tarixinə marağa verən, üstəlik də riyaziyyat qanunlarını bilən adam kimi - təvazökarlıqdan uzaq da olsa - hadisələrə eksponensial, illah da ki, emosional yanaşmanı əsla sevməm.

Nədir məsələ?

Mayın 21-də Şuşada andiçmə mərasimi oldu. Dağlıq Qarabağdakı terrorçu - separatçı yox, iş separatçılıqdan çoxdan çıxıb - rejimin keçirdiyi "prezident seçkiləri"ində "qalib" gəlmiş Araik Harutyunyan adlı birisi and içdi guya.

Ermənistanın baş naziri Nikol Paşinyan da orada idi. Zövcəsi və ətrafındakı adamları ilə birlikdə.

Azərbaycanda sosial şəbəkələr kükrədi, "Şuşanıvur" həştəqi yarandı.

Məni də suçladılar ki, susursan, qoşulmursan, səsin çıxmır və s.
Baxırdım, çünki bu qəzəb fərdi qaydada səmimi, cəm halda qeyri-səmimi idi.

Gəlin, vəziyyətə soyuqqanlı baxaq. Çətin olsa da, cəhd edək.

Paşinyan bunu bilərəkdən edir. O, demokrat deyil, insan haqları və açıq cəmiyyət barədə gəvəzələmələri də publikaya oynamaqdır: Ermənistanın baş naziri sələflərindən fərqli olaraq, Dağlıq Qarabağ məsələsində daha aqressiv, marazmatik, hədda idiotik siyasət yürüdür.

Çünki publikaya oynayır, kütlə psixologiyasına məğlub olub, hakimiyyətini səbatlı və dayanıqlı saymır.

Ermənistanın sabiq prezidentləri Robert Köçəryanı və Serj S\rkisyanı "diktator" adlandırsa da, özü onlardan da betərdir.

Paşinyanın demokrat sayılması sırf səfsəfədir: demokrat heç bir halda işğala haqq qazandırmaz və terrorizmi də dəstəkləməz.

Şuşadakı mərasimlə bağlı sosial şəbəkədəki qəzəbimiz anlaşılandır, naturaldır, yəni təbiidir.

Elmi terminlər yazaraq özümü ağıllı mola kimi göstərmək istəmirəm və bu səbəbdən sadəcə bəyan edirəm: belə qəzəbin izhar formatı mənasız, qeyri-effektivdir.

Məsələ heç də "Hakimiyyət bizi eyninə almır, Qarabağ problemini həll etmək istəmir" təki demaqogiya deyil.

Məsələ "Şuşanıvur" kimi aberrasiyalı populizmi vətənpərvərlik izharı kimi qəbul etməkdir.

Niyə vurulmalıdır Şuşa? Bir ovuc erməniyə, bir dəstə dılğıra görə?

Separatçılıqdan terrorizmə adlayanları vurmaq lazımdır, gözəl Şuşanı yox.

Dağlıq Qarabağ və işğal altında olan digər ərazlərimiz, sadəcə, 26 ildən bəri erməni tapdağındakı torpaqlar deyil. Onlar milli mənlik, identifikasiya, qürur, perspektiv və s. ilə bağlı məsələlərdir.

Pafosla, sosial şəbəkələrdəki virtual hücumlarla bu iş olmaz. İşğaldakı yaşayış məntəqələrinin adlarını daşıyan kafedə və ya restoranda oturub "Şuşanıvur" yazanın şüurundakı gəlişmələr mənə, şəxsən, çox maraqlıdır.

Google-a axtarış verib öyrəndiyi sözlərlə nevropatoloqa dərs keçməyə çalışan, tarixçiyə "Mənbə göstər, mənbə hanı?" deyən, alimə "Sizin bildiyiniz yanlışdır" deyən, taktikanı kompüter oyunlarından, millətçiliyi türk seriallarından hopduranları qoyuram kənara: onlar tam ayrı tədqiqat obyektləridir.

"Bizdə niyə İlber Ortaylı və Celal Şengör kimi alimlər yoxdur?" deyib guya öz aləmində vaysınan, amma Aynişanın və ya Röyanın xəbərlərini oxuyub haypda əriyən, alimini dinləməyənlərlə, TV-lərdə elmi-populyar verilişlərin olmamasını müzakirə etməyən, olsa belə, baxmayanları da görürəm.
İşim yox, olsunlar işlərində.

"Qarabağ alınsın, piyada gedəcəm" deyiğ özünü vətənpərvər hesab edənlər də o cümlədən.

Dəyişməliyik. Rasional, praqmat, soyuqqanlı olmalıyıq.
Qarabağı azad etməyin yolu, inanın, elmdədir, savaddadır, bilikdədir.

Elmsiz toplum həmişə elmlilərin nəzarətində olub və belədir.
"Şuşanıvur" heşteqi ilə qəzəbnak olmaq, özümüzü millət olaraq aşağılamaq problemin həlli deyil.

Vətənpərvərlik belə olmur. Belə olmamalıdır.


Müəllif: Elçin Alıoğlu