O xaricdə oturub bizə ağıl verənlər var e... – şərəfsiz, rəzil “söyüş terminatorları"nı nəzərdə tutmuram, adlarının önünə çeşidli epitetlər qoşub yekə-yekə danışanları deyirəm - çuval ağızlarını yumsalar yaxşıdır! “Qaranquşlar”ın vətəni olmur, VƏTƏN hər zaman olduğu kimi “boz sərçələr”indir.
Həzarat, siz bu ölkədən yaxşı həyat peşində qoşub özünüzə gün qayıranda, biz bu Vətənin ən ağır günlərini çiyinlərimizdə daşımışıq, həyatımızda yaşamışıq. Bu səbəbdən də, danışmaq haqqı bütün çətinliklərə baxmayaraq, Vətənini, Millətini, Dövlətini, Torpağını gerçəkdən sevənlərin və tərk etməyənlərindir.
Bir gün öncə yazmışdım bu sözləri... Həm də üslubuma yad bir tərzdə, təkəbbürü boyunu bir neçə dəfə aşan, Azərbaycanı tarixi nağıllar üyütdüyü auditoriya ilə səhv salıb Vətəndə qalan hər kəsə dərs keçmək iddiasına düşən “alim” qırığının sözlərindən qəzəblənərək... Adam 1992-ci illərin havasıyla, sosial şəbəkələr yarandığı gündən hikkəli paylaşımları ilə natamamlıq komplekslərindən xilas olmağa çalışır, amma ola bilmir... Belələrinin sayı çoxdur, lap çox. Təəssüf ki, qarşımızdakı düşmənlə savaş içində ikən böyrümüzü, başımızı saran, İranda, Türkiyədə, Gürcüstanda, Rusiyada, Avropa ölkələrində, hətta uzaq Amerikada oturub “vətənsevər” görüntüsü arxasından bölücülük toxumu səpənlərlə mücadilə aparmaq məcburiyyətindəyik. Bu “tarixçi”, “hüquqşünas”, “mühəndis”, “molla”, “hüquq müdafiəçisi”, “jurnalist”, “blogger”, daha nə bilim kim... qırıqları bizə ermənidən betər düşmən kəsiliblər və yeri gəldi-gəlmədi tarixin arxivinə göndərdiyimiz siyasi proseslərin havasıyla, ilan kimi qıvrılaraq sosial şəbəkələrin Azərbaycan seqmentinə zəhər səpələyirlər.
Bir gün öncə, qəzəbimə tuş gələn birisi generallarımızın qurşaqdan aşağı şəkillərini paylaşaraq, “general şalvarlarının zolaqlarını uc-uca bağlasan Azərbaycan sərhədlərindən daha uzun olar” sözlərini yazmışdı... . Bu kinayə dolu, ütülü şərəfsizliyə bürünmüş sözlər paylaşılanda Azərbaycan sərhədlərində döyüş gedirdi... Azərbaycanın qəhrəman əsgər və zabitləri generallarla birlikdə canları bahasına Vətənin müqəddəs sərhədlərini qoruyurdular.
Heyf ki, sərhədlər bağlıdır... Belələrinin zəhər püskürən dillərinə, bölücülük paylaşan ələrinə əsgər çəkmələrinin bağı ilə Qordi düyünü vurardım ki, açmaq mümkün olmasın. Öz dillərini və əllərini özləri kəsmək məcburiyyətində qalsınlar.
Vətənin sərhədləri isə “zolaqla” yox, sevgi ilə ölçülür.
Əsgər sevgisiylə...
Zabit sevgisiylə...
General sevgisiylə...
Vətəndaş sevgisiylə...
Vətənin sərhədləri qan yaddaşımızdan boy atan düşüncəmizdən, daşının-torpağının qoxusunu çiçək ətri kimi nəfəsimizə çırpan dəli küləklərin yol aldığı ucalıqlardan başlayır. Azərbaycan sərhədlərinin uzunluğu ölümə meydan oxuyan şəhidlərin ŞƏRƏF VƏ NAMUS damarlarının uzunluğu qədərdir!
Bu gün hər yerdə savaş var! Sərhəddə, səngərdə, virtual məkanda..., hər yerdə! Düşmənin informasiya təxribatına, artıq sapı da özgələrin olan xainlərə, dönüklərə, şərəfsizlərə qarşı yalın əllə də savaşmaq olar!
Ayıq ol! Sosial şəbəkələrdə Azərbaycan adları arxasında yüzlərlə, minlərlə düşmən köpəyi gizlənib, ətrafa böhtan və yalan üfürürlər. Hər eşitdiyini, hər oxuduğunu həqiqət kimi qəbul etmə! Vətənə, Orduna sevgini, dəstəyini nümayiş etdirmək istəyirsənsə, əsgər və zabitlərimizin əzəmətli, məğubedilməz görüntülərini paylaş, sosial şəbəkələri Azərbaycan bayrağının rənglərinə bürü!
Düşmənin saxta və yalan məlumatlarına, bu məlumatlara uyanların yanlışlıqlarına biganə qalma, susma, “məndən ötdü” demə, müqavimət göstər, mücadilə apar, Vətəninin, Dövlətinin, Millətinin mövqeyini yorulmadan, usanmadan müdafiə et! Gerçək tarixinlə, haqlı mövqeyinlə, iti idrakınla, Vətən sevginlə silahlan!
Haqsızlığın içindә boğulan haqlar da var,
Sәddi keçilmәz olan ağır sınaqlar da var,
Kürәyinә sancılan qanlı bıçaqlar da var,
Əlindәn, ayağından çәkәn alçaqlar da var,
Ağrıların, dәrdlәrin olsa da dağlarla tәn,
Sәn qalib gәlәcәksәn!
...Ustad Zəlimxan Yaqubun şeiridir. Ruhu şad olsun. Hər sətrindən Böyük Qələbəyə inam, Vətənə sonsuz sevgi süzülür.
200 ildən çoxdur qanımıza susayıblar, paramparça ediblər, dilimizə, mədəniyyətimizə, milli varlığımıza qənim kəsiliblər, bizi məhv etməyə, Yer üzündən silməyə çalışıblar. Amma yenə də heçdən bir bayraq, bir dövlət yaratmışıq. Yoxdan var olmuşuq! Yurd yerlərimizə od vurublar – külündən alov kimi sıyrılmışıq! Bir olmuşuq, hürr olmuşuq, var olmuşuq!
Bu gün Azərbaycan ordusu tarixi türk-Azərbaycan döyüş ənənəsiylə savaşır. Generalı, zabiti – sərkərdələri əsgəriylə çiyin-çiyinə döyüşür, əsgərindən öndə atılır düşmən üzərinə! Bu gün minillərin o başından yol gələn döyüş ruhumuz ayaqdadır!
Bu gün MİLLƏT və DÖVLƏT olaraq dünyanın ən rəzil, ən hiyləgər, ən amansız, ən şərəfsiz düşməninə qarşı savaşırıq! Bu gün 50 milyon azərbaycanlının ürəyi Azərbaycan sərhədlərində, işğal altında olan yurd yerlərimizdə döyünür! Amma bu döyüntünün səsini bütün dünya duymalıdır!
Ehey, Güneydə, Qüzeydə, Doğuda, Batıda Azərbaycan adına var olan yurddaşım, həmvətənim, doğmam, əzizim, səsini ucalt, varlığını, birliyini nümayiş etdir!
Unutma, sən qalib gələcəksən!