17 Oktyabr 2020 23:57
4 173
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilərin və onların dəstəkçilərinin sosial mediada davamlı yazdıqları bir cümlə var: "Savaşın qazananı yoxdur".

Hiyləgərcəsinə seçilmiş bu cümlə altında Azərbaycan torpaqlarının işğal faktının davam etməsi, qondarma rejimin mövcudluğu arzulanır.

Müharibənin ilk günlərində sülh məsələsinin gündəmə gətirilməsi, bir qrup azərbaycanlının da bu oyuna alət edilməsi "Arsax"ın qalması üçün idi. Çünki sülh təklifi edən erməni və dəstəkçiləri işğalçı qoşunların ərazilərimizdən çıxmasını tələb etmədilər.

Sülh təklifində o zaman səmimi olardılar ki, Azərbaycanın haqlı təkliflərini qəbul edər, əsgərlərinin ölməmələri, Qarabağdakı soydaşlarının firavanlığı üçün terrorçu rejimə qarşı sərt bəyanat verərdilər. Halbuki bunların heç birini görmədik. Əksinə sosial mediada Gəncədə şəhid olan uşaqların ölümünə kütləvi şəkildə sevindilər.

Sevinməklə yanaşı növbəti həyasızlığa da imza atdılar. Gəncəyə raketi atanların suriyalı mücahidlər olduğunu yazdılar. Bu necə mücahidlərdirlər ki, həm Azərbaycanın tərəfində döyüşür, həm də ikinci böyük şəhərinə raket atırlar?!

Sadəcə panikadadırlar. İyirmi gündə məhv edilən 5 mindən çox terrorçuları, bir milyard dollardan yuxarı qiyməti olan silah-sursatları, ələ keçirilən qənimətlər və ən əsası azad edilən kənd və şəhərlər canlarına vəlvələ salıb. İnana bilmirlər! Hətta başını itirmiş bəzi erməni şəbəkə istifadəçiləri Bakıda mitinqlərin olduğunu, insanların müharibənin dayandırılmasını istədiklərini yazırlar. Buna hətta inanırlar da.

İkinci hiyləgər addımları Türkiyənin erməni əsilli deputatının timsalında gördük. Garo Paylan hər iki tərəfi mülki əhalini öldürməkdən vaz keçməyə səslədi. Gəncədə törədilən hərbi cinayəti ört-basdır etmək üçün Azərbaycanın da mülki əhalini öldürməsini iddia etmək müstəsna həyasızlıq idi. Halbuki Azərbaycana məxsus dronlar sadəcə hərbi nöqtələri məhv edir, savaş qaydalarına, Cenevrə konvensiyalarına əməl edirik.

Xocalıdan bu yana bəbək qatili olmaq yolunu seçən terrorçu rejimdən ləyaqətli müharibə aparmağı gözləmək də mümkün deyil.

Daha bir iddiaları da var. Guya Azərbaycan dayanmaq istəyir, amma Türkiyə icazə vermir. İndiyədək o qədər başqa dövlətlərin istəyi ilə hərəkət ediblər ki, Azərbaycanın da başqa ölkənin istəyi ilə hərəkət edə biləcəyini düşünürlər. Türkiyənin bizim yanımızda olması qardaşlıqdan, müttəfiqlikdən daha əvvəl ədalətin həyata keçməsi üçündür. Çünki 30 ildir terrorizmdən əziyyət çəkən bir dövlət kimi Türkiyə bu faktın dövlətə və millətə hansı fəlakətlər bəxş etdiyini yaxşı bilir.

Hərbin qazananı varmı?

Əlbəttə var. Bu gün Füzuli şəhərinin azad edilməsi, 30 ilə yaxın həsrətə son qoyulması qazanc deyilmi?

Böyük Mustafa Kamal Atatürk hərb yolu ilə işğalçıları ölkəsindən iti qovan kimi qovdu.

Qurtuluş savaşının qazancı olaraq bu gün güclü Türkiyə var.

Bu gün dünyada haqqı deyən azsaylı ölkələrdən olan Türkiyə məhz işğal faktını hərblə aradan qaldırdığı üçün mövcuddur.

Azərbaycanın davam edən Böyük Vətən Müharibəsinin da qazananı olacaqdır!

Qazanan Azərbaycan milləti və dövlətidir.

Qazancımız isə Qarabağ və qürurumuz olacaq.

Bu yolda şəhid olanlar tariximizdə və yaddaşımızda hər zaman yaşayacaqlar.


Müəllif: Dilqəm Əhməd