21 Dekabr 2020 22:59
3 974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə-Azərbaycan münasibətlərindən bəhs edərkən bəziləri XIX əsrin sonlarından ta 1948-ci ilə qədər minlərlə azərbaycanlının, eləcə də Qafqaz xalqlarının “Ana Vətən” deyə Anadolu torpaqlarına gəlməsindən bəhs etməyib, ancaq Boraltandan danışarlar.

Qafqaz İslam Ordusunun Bakını azad edib Azərbaycan adını coğrafi məfhumdan bir dövlətə çevirməsindən, Mustafa Kamalın Azərbaycandakı yarımmüstəqil dövlətə olan ali münasibətindən deyil, heç bir şəkildə rolu olmadığı halda Azərbaycanı satmasından bəhs edərlər.

Yenə Mustafa Kamal hökuməti dövründə onlarla Cümhuriyyət xadiminin Türkiyəyə gəlmələrini, burada yaşamalarını, siyasi və mətbu fəaliyyət göstərmələrini yazmayıb, Atatürkün 10 il sonra Rəsulzadənin çıxardığı jurnal və qəzetləri bağlatdığına dair sənədi sosial şəbəkədə sevinclə yayarlar.

Halbuki xaricdə və ölkə daxilində çıxan mühacir mətbuatın ölkəyə girişinin qadağan edilməsi sırf azərbaycanlı liderlərə qarşı yönəlməyib, əksinə daha çox Türkiyədəki müxalif mətbuatla bağlı dövlət səviyyəsində verilmiş qərarların və 1931-ci il mətbuat qanununun maddələrinin həyata keçirilməsi prosesinin bir hissəsi idi. Bu qanundan isə daha çox Türkiyənin öz mətbuatı, eləcə də Fransadan, Almaniyadan və digər ölkələrdən Türkiyənin siyasi politikaları əleyhinə yönələn məqalələr yazan bütün mətbuatı ehtiva edib. Yəni Azərbaycan mühacir mətbuatının yazdıqları Türkiyənin Rusiya politikasına zidd olduğu üçün ölkəyə daxil olması yasaqlanıb. Eyni maddələrlə xaricdə fəaliyyət göstərən erməni mətbuatının da ölkəyə girişi qadağan olunub.
Boraltana gəldikdə...

II Dünya müharibəsində əsir düşən SSRİ vətəndaşlarını qocaman İngiltərə, ABŞ, Almaniya kimi dövlətlər də Rusiyaya geri verdikləri halda, I Dünya müharibəsindən məğlub çıxan, İstiqlal müharibəsi aparan, tədricən özünə gəlməyə çalışan və qalib Stalinin ərazi və boğazlar iddiaları qarşısında bir küncə sıxışdırılan Türkiyənin 200-ə qədər əsiri Qars qapısından təhvil verməsi müntəzəm gündəmə gətirilir.
Əlbəttə ki, bu faciə idi, fəqət qeyd edilən səbəbləri göz önünə aldıqda və qısa zaman sonra Türkiyənin yüzlərlə SSRİ vətəndaşına qucaq açmasını, vətəndaşlıq verməsini və digər dövlətlərlə müqayisədə heç bir fərq qoymadan müharibə əsirlərini qəbul etməsini nəzərə aldıqda yenə də xilaskar Türkiyə obrazı gündəmə gəlir.

Şimali Qafqazın lak xalqının nümayəndəsi, II Dünya müharibəsindən sonra Türkiyəyə sığınan Musa Ramazan xatirələrində yazır:
“1948-ci ildə Schwabach düşərgəsindəki yaşantımız davam edirdi. Türkiyəyə köç etmək üçün gözləyirdik. İtaliya və Avstriyadan Türkiyəyə köçlərin başladığı xəbərini alırdıq. 1948-ci ilin iyun və ya iyul ayına girmişdik ki, Almaniyanın Bonn şəhərindəki Türkiyə səfiri Dr.Atasaqun ilə birlikdə bir heyətin gəldiyini və anketlər gətirdiklərini öyrəndik. Demək ki, artıq Türkiyəyə gedə biləcəkdik, sevinirdik. Heyəti başqanımız Aytek Namitok və katibi adigey Ramazan Traho ilə yaşlılarımız qarşıladılar. Heyətin gətirdiyi anketlər Türkiyəyə getmək istəyənlərə verildi... 6-7 ay kimi bir vaxt ərzində bu geniş kütlə Almaniyadan Türkiyəyə nəql ediləcəkdi. Bizdən öncə Kanada, Avstraliya, Yeni Zellandiya və Belçikaya gedənlərə edilən prosedur bizlərə edilənə heç bənzəmirdi. Türkiyə yaşlı, gənc, əlil kimi heç bir ayrımçılıq etmədən hər kəsi qəbul etdi. Bu əsil və insancıl davranış hamımızı duyğulandırmışdı. Türklər vətənsiz qalmış bütün soydaşlarına vəziyyətlərinə baxmadan əl uzatmış və onları bağrına basmışdı”.

Digər tərəfdən II Dünya müharibəsi, ondan əvvəl və sonra Türkiyə sadəcə türk və müsəlman xalqlarına deyil, Avropadan mühacir gələn Qərb vətəndaşlarına da yurd yeri olub.

Ona görə də Türkiyə təkcə Azərbaycanın deyil, Şimali Qafqazın, Türküstanın, Yaxın Şərqin, Avropanın bir çox xalqlarının nəzərində xilaskar ölkədir və həmişə də elə olacaq.


Müəllif: Dilqəm Əhməd