29 Dekabr 2023 21:16
10 723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkiyənin ilk qadın vəkili, Əhməd bəyin qızı Sürəyya Ağaoğlunun anım günüdür.

Sürəyya xanım 29 iyul 1903-cü ildə Şuşada doğulub. 1910-cu ildə ailəsi ilə birlikdə Türkiyəyə köçüb. 1921-ci ildə Bezmə Aləm Validə Sultan məktəbini bitirib, həmin il İstanbul Universitetinin hüquq fakültəsinə sənədlərini verib.

1925-ci ildə ali təhsilini tamamlayıb. 5 dekabr 1927-ci ildə Ankara Vəkil Bürosuna üzv olub. 1928-ci ildə müstəqil vəkil lisenziyasını alaraq, Türkiyə Cümhuriyyətinin ilk qadın vəkili, qadın hüquqlarının müdafiəçisi ünvanını qazanıb. 1936-cı ildə Ankara Vəkil Bürosundan İstanbul Bürosuna keçib. İngilis və fransızca mükəmməl bilən Sürəyya Ağaoğlu məslək həyatı boyunca çox sayda dövlətlərarası beynəlxalq konfranslarda iştirak edib. 1946-1960-cı illərdə İstanbul Vəkil Bürosunun İdarə Heyətinin yeganə qadın üzvü kimi fəaliyyət göstərib. O, Türkiyənin sosial-ictimai həyatında bir çox ilklərə imza atıb: Türkiyə Hüquqşünas Qadınlar Dərnəyinin, Universitetli Qadınlar Dərnəyinin, Azad Fikirləri Yayma Dərnəyinin, Soroptimistlər İstanbul Klubunun, Türk-Amerikan Universitetlər Dərnəyinin, Uşaq Dostları Dərnəyinin qurucularından olub, həmin dərnəklərin bir çoxuna rəhbərlik edib. Sürəyya xanım iki kitab müəllifidir. “Londonda gördüklərim” və “Bir ömür belə keçdi” əsərləri Ağaoğlu ailəsi ilə bağlı zəngin xatirələrdən ibarətdir.

29 dekabr 1989-cu ildə İstanbulda “Qadın hüquqları və müasirləşmək” adlı bir konfransdan ayrılarkən beyninə qan sızması nəticəsində vəfat edib.

Sürəyya xanımın Azərbaycanda çox bilinməyən tərəflərindən biri də “Uşaq Dostları Dərnəyi”nin qurucu üzvlərindən olmasıdır.

Hazırda da fəaliyyət göstərən bu dərnək 3 mart 1949-cu ildə yaradılıb. Sürəyya Ağaoğlu, İffət Halim Oruz və Şövkət Radonun qurduğu dərnək haqqında dövrün mətbuatında maraqlı bilgilər var. Dərnəyin qurulmasından bir ay sonra “Tasvir” qəzetinə verdiyi müsahibəsində Sürəyya xanım bu fikrə necə gəlməsi haqqında danışıb:

“Zənn edirəm, 1923-1924-cü il idi. Atatürkün bir yemək dəvətinə atamla birgə getmişdik. Yeməkdən sonra Atatürk bizi köşkün balkonuna çıxararaq əli ilə bütün Ankaranı işarət edərək demişdi: “Düşün, Əhməd bəy. Keçiörəndən Etliyə qədər bütün Ankaranı elektriklər içində par-par yanarkən görmək insana necə böyük zövq verəcək. Baxmaqdan doymayacağımız bir mənzərə olacaq, elə deyilmi?”. Mən də kimsəsiz uşaqları qoruma dərnəyi qurmağa qərar verdiyim zaman müvəffəq olub-olmamaq əndişəsinə düşmüşdüm. Ürəyimdə bir tərəddüd vardı. Bir anda ağlıma Atatürkün söylədiyi həmin sözlər və Ankaranın bugünkü halı gəldi. İngilislər deyir ki, “harada bir arzu meydana çıxırsa, orada müvəffəqiyyətə doğru bir yol vardır”.

Arzunu gerçəkləşdirmək xüsusunda bir az gecikmiş olmağımızdan dolayı sürətlə təşəbbüsə girişmək lazım gəldi. Ona görə də hər kəsdən təcili kömək gözləyirik. Kiminin şəfqətindən, kiminin gəlirindən mədəd umuruq… Qayəmiz mümkün olduğu qədər az pulla bu işi bacarmaqdır. Mühasibindən təhsildarına qədər bütün çalışanları aramızdan seçəcəyik. Təkcə bu həftə toplanan pulun miqdarı min beş yüz lirədir. Bu gedişlə ay sonuna qədər məbləğ on beş min lirəyə çatacaq. Əvvəlcə, dərnəyin binası üçün bələdiyyəyə müraciət etdik, vəd verdilər. İstanbulda 500 kimsəsiz uşaq vardı. Onların hamısını islah, tərbiyə edə bilməsək də, içlərindən bir çoxunu sənətkar və gələcək uşaqlara yaxşı bir tərbiyəçi olaraq yetişdirəcəyimizi ümid edirik. Son illərdə tez-tez Avropa və Amerika səyahətlərimdə, xüsusilə İngiltərədə uşaq məhkəmələrinin seyrini təqib etməyim mənə bizdəki yaranı deşməyin vaxtının gəldiyini, hətta gec qaldığımızı xatırlatdı.

Dərhal təşəbbüsə keçərək bu dərnəyi qurmağa qərar verdim. Toplayacağımız uşaqlara iki-altı ay arasında islah yollarını tətbiq etmək lazımdır. Bütün arzum onların öz istəkləri ilə bu dərnəkdə qalmalarıdır. Əsasən ilk təşəbbüsü etdikdən sonra yuxarıda da söylədiyim kimi uşaqların öz-özünü yetişdirməsi düsturunu tətbiq edəcəyik”.

Sürəyya xanım müsahibəsində uşaqları hansı təsnifata müvafiq olaraq seçəcəklərindən də bəhs edib: “İlk addımın bir xeyli çətin olacağı qənaətindəyəm. Çünki əlimizdəki uşaqlar arasında elələri var ki, bu gün 10 yaşlarında olsalar da, mühitin bütün fəna təsirlərinə məruz qalıblar. Bu səbəbdən də uşaqları iki yerə ayırmaq lazım gəlir: Normal və anormal. Bunlar ilk tədrisatı müəssisə içində aldıqdan sonra sənət dərslərini də təcrübi olaraq öyrənəcəklər. O zaman qazanc təmini xüsusunda heç bir çətinlik çıxmayacaq. Zira müəssisəni çox sevdikləri təqdirdə çöldə çalışsalar da, gecələr mütləq buraya qayıdacaqlar. Bu səbəbdən bizim puldan çox şəfqətə ehtiyacımız vardır”.

Müsahibəsinin sonunda Sürəyya xanım ona dəstək olan dövrün tanınmış xanımlarının adlarını sadalayıb.
Əhməd bəyin qızı, Türkiyənin ilk qadın vəkilinin bu təşəbbüsü bu gün də uğurla davam etdirilməkdədir.


Müəllif: Dilqəm Əhməd