23 Noyabr 2023 11:47
4 567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əhməd bəy Ağaoğlu ilə bağlı konfransda idik. Akademik İsa Həbibbəyli açılış nitqinə yenicə başlamışdı ki, alimlərimizdən biri salona daxil oldu və ağrılı xəbəri çatdırdı:

Professor Arif Acaloğlu avtomobil qəzasında həyatını itirib.

İsa müəllim xəbəri elan edəndə salon buz kəsdi.

Türkiyədən bu konfrans üçün dəvət olunan həmyerlimiz Arif bəy aramızda olmayacaqdı...
İnsanın ağlına ilk gələn qədər anlayışı olur.

Tale onu öz yurdunda son mənzilə uğurlamaq istəmişdi.

Tədbir boyunca bu yoxluğun ağırlığı hiss edildi.

Konfransdakı çıxışı Arif bəyin uzunmüddətli fəaliyyətinin son həlqəsi olacaqmış. Ona elmi fəaliyyətinə görə verilməli olan son təşəkkür bəlgəsi də Əhməd bəy Ağaoğlu kimi şəxsiyyətlə bağlı oldu.

Arif bəy müstəqillik dövründə yetişən qiymətli ziyalılarımızdandı. Mifoloq, türkoloq alim kimi tanınmışdı, həmçinin ictimai-siyasi fəaliyyəti vardı. Uzun müddətdir qardaş Türkiyədə fəaliyyət göstərirdi, buranın elmi camiəsinin də rəğbətini qazanmışdı.

Arif bəyin vəfatından sonra bir neçə il öncə aramızdan ayrılan iki böyük alimimizi düşündüm. Ramiz Abutalıbov və Aydın Balayevi. Onların son əsərləri masalarımızın üstündə olduğu, vitrinlərdə satıldığı üçün hələ ki bu böyük yoxluğun ağrısının fərqində deyilik. Birazdan zaman ötəcək, onların arxasından gələnlərin olmadığını görəcək, o zaman əcəlin amansızcasına elmimizə qıydığını görəcəyik.

Məhəmmədəmin Rəsulzadə, Əhməd bəy Ağaoğlu barədə Aydın Balayevin yazdıqlarını ötəcək kimsə yetişəcəkmi?

Birbaşa Avropadan mühacirlərin arxivini Vətənimizə gətirən, qiymətli əsərlər yazan Ramiz Abutalıbov səviyyəsində kimsə olacaqmı?

Etiraf edək. Böyük nəslin nümayəndələri bir-bir aramızdan ayrılır, amma onlar qədər məhsuldar, tədqiqat mövzularına böyük sevgisi olan şəxslər arxalarınca gəlmirlər.

Çünki bu gün humanitar sahə alim üçün maddi fayda qazandırmır. Gənclər haqlı olaraq çağdaş sahələrə maraq göstərir, elmlə qazancın vəhdətini arzulayırlar. Onlar da haqlıdırlar. Nə edəsən? Alimlər davamlı şəkildə maaşlarından şikayət etmirlərmi?

Ona görə də hər ötən il yeri doldurulması mümkün olmayan şəxsiyyətlərimiz aramızdan ayrılır.

Ümid edək ki, hər zaman böyük şəxsiyyətlər yetişdirən Azərbaycanın yenə də tariximiz üçün dəyərli tədqiqatçıları olacaqdır.


Müəllif: Dilqəm Əhməd