14 Noyabr 2014 10:51
1 237
12 Punto 14 Punto 16 Punto 18 Punto

Başlığa çıxardığım sual insan oğlunu daim düşündürüb - dünya binə olandan. Gələcək necə gələcək? Avam camaat tas qurub fala baxıb, rəml atıb kitab açdırıb. Hamısı da bu sual üçün. Gələcək necə gələcək? Cəmiyyətin fövqündə dayanan istedad sahibləri isə təxəyyülün dalınca gediblər - rəsmdə, ədəbiyyatda, kinoda əks olunub xəyalları. Və ən qəribəsi budur ki, ayrı-ayrı fərdlərin ağlına gələn elmi fantastik nəsnələr zaman-zaman gerçəyə dönüb. Skaypdan tutmuş planşetlərə qədər - ötən illərin fantastik filmlərində nə desəz var. Elə bu üzdən də fantastika janrında çəkilən filmlərə baxanda qorxmamaq olmur. Dünən çəkilənlər bu gün gerçəkləşirsə, demək indi çəkilənlər də nə vaxtsa real olacaq.

***

İqtisadiyyat durmadan inkişaf edir - nədən? Ən sadə yanaşmaya görə, iqtisadiyyatın əsas hərəkəverici qüvvəsi insanın daim artan tənbəlliyidir. Çağdaş insan əti maşından keçirməyə tənbəllik etdiyindən elektriklə işləyən yeni maşın kəşf edib. Pilləkənləri qalxmağa hövsələsi çatmadığından lift düzəltmək gəlib ağlına. Televizorun kanallarını dəyişmək üçün dəqiqəbaşı durub-oturmasın deyə pultu ixtira edib. Hamısı da ondan - tənbəllikdən. Ən sadə məişət misalları idi sadaladığım. Bir də geniş anlamda iqtisadi inkişafın hərəkətverici qüvvəsi var. Bugünkü duruma nəzər salsaq, bu, reklamdan başqa bir şey deyil. Reklam - adi vətəndaşın beyninə təsir etməklə onu potensial alıcıya, istehlakçıya çevirir. “Ləzzət həzzi” kimi ifadələrlə satdığı məhsulu arzu obyektinə çevirir ki, nəticədə yediyiniz kokos qırıntıları dişlərinizin arasında qalıb diskomfort yaratsa belə mağazaya gedincə gözünüz mütləq bu şokoladı arayır, 2-3 dənəsini səbətə atmadan kassaya yanaşa bilmirsiniz. Məqsəd alt şüurdakı “ləzzət həzzi”ni hiss etmək, duymaq, bu həzzə çatacağınıza inanmaq ya əmin olmaq, ən pis halda buna ümid etmək, ümidli olmaqdır.

***

Eyni hadisə kinoda da yaşanır. Kinoya yalnız sənət yox, həm də biznes kimi yanaşanlar film istehsalı ilə paralel olaraq onun anonsu, treyleri, lap elə tizer-treyleri barədə düşünürlər. Milyonlarla sərmayə hesabına başa gələn məhsul, sözsüz ki, alıcısını tapmalı, təbii, qoyulan xərci ödəməli, nəhayət, faydalı iş kimi səmərə də gətirməlidir. Burada pis nə var ki? Amma və lakin kasanın aşdan isti olduğu məqamlar da olur.

***

Şəhərin kinomanları xeyli vaxtdı məhz bu filmi gözləyirdilər - məşhur Betmen haqqında ən bahalı filmlər çəkən rejissor Kristofer Nolanın yeni ekran əsəri “İnterstellar”ı. Janr etibarilə elmi-populyar dramadır. 200 milyon dollara başa gələn filmdə Nolan indiyə qədər araşdırmadığı məkana və zamana aparır tamaşaçını. Qalaktika, qara dəlik, günəş sistemindən kənardakı naməlum sahə, məlum zaman məfhumunun dəyişməsi, üçlü yox, beşli ölçü sistemi, ağla gəlməyən hadisələr, planetlər, bəşəriyyətin təhlükəli gələcəyi və təhlükəni sovuşdurmağın bir əsas yolu - sevgi. Elə builki Venesiya kinofestivalının açılış mərasimində nümayiş olunan məşhur “Qravitasiya” filmində də məkan həmin məkan idi - göylər, kompüter qrafikası vasitəsilə əmələ gələn qalaktika, soyuq texniki avadanlıqlar. “İnterstellar”sa “Qravitasiya”dan fərqli olaraq həm də elmi mülahizələr pıçıldayır tamaşaçıya. İnsanın lap qədimdən sadəcə uçmaq, sonradan dəmir qanadlarla uzaq məsafələri yaxın etmək arzusu planetin orbitindən çıxmaq arzusuna çevrildiyi kimi filmin yaradıcıları bu prosesi bir az da sürətləndirərək bəşər övladının xilası üçün yeni qalaktikalar, yeni planetlər axtarışına çıxırlar. Xəyal hüdudlarını aşan fantastika paralel dünyalar, kvant fizikası, cazibə qüvvəsi, bəzən fakta, çox zaman da fərziyyəyə əsaslanan ideyalarla zəngin...

***

Zaman etibarilə keçmiş və ya gələcək, faktoloji material kimi tarixi hadisələr və ya elmi fantastika, nə olmasından asılı olmayaraq hər əsərin cövhərində bir ideya durur adətən - xeyirlə şərin mübarizəsi, sevginin, xoş məramın qələbəsi. İlk baxışdan “İnterstellar”da da belədir. İstimai mesaj var. Amma və lakin müəllif bəlkə də fantastik görüntülərə aludə olduğundan ekran əsərinin əsas qayəsinin həlli arxa planda qalır. Məğzini anlasan da bu, tamaşaçının içini titrətmir, hissinə-həyəcanına təsir edə bilmir. Son ovqat - “Bu da ola bilərmi?!” və “Allah eləməsin!” nidalarıyla bağlı. Və bir fakt yenə çıxır ortaya. Bugün hətta kinonun da əsas hərəkətverici qüvvəsi elə anonslar, treylerlər, tizer-treylerlərdir. Vədə aldanıb da kinoteatrlara gedir, ucuz olmayan biletlər alır, saatlarımızı adrenalin toplamağa sərf edir, beləcə nəhəng ekran əsərlərinin kassalarını bir az da böyüdürük. “Ləzzət həzzi”ndən dadmaq üçün. Ki, növbəti bir filmdə yenə həmin sualı çözməyə çalışaq - gələcək necə gələcək?


Müəllif: Afaq Vasifqızı