21 Dekabr 2022 15:22
12 644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 13-də Məhsa Əmini adlı gənc qadın hicabının altından saçı göründüyü üçün Tehranda əxlaq polisi tərəfindən saxlanıldı, 3 gün sonra ölüm xəbəri yayıldı…

Məhsa Əmini başına vurulan zərbələrdən komaya düşmüşdü və 16 sentyabrda xəstəxanada ölmüşdü.

Onun ölümü İranda böyük əks-səda doğurdu. İranda “Bacımı öldürənləri öldürəcəm” şüarı ilə aksiya başladıldı. Polislərin müdaxiləsi ilə aksiyalar dayandırsa da, 17 sentyabrda Məhsa Əmininin dəfn edildiyi gün etirazlar onun məzarı başından bütün ölkəyə yayıldı. İran rejimi dəfn mərasiminə toplaşmağı qadağan etsə də, minlərlə insan bu qadağaya məhəl qoymadı.

Məhsa Əmininin məzarı başında qadınlar etiraz əlaməti olaraq hicablarını çıxardılar və saçlarını kəsdilər.

Etirazın bu forması – hicabın atılması və saçların kəsilməsi, yanılmıramsa, bu ölkədə bir ilk idi və sonrakı günlərdə İranın bütün bölgələrində qadınlar tərəfindən təkrarlanmağa başladı.

Etirazların ilk şüarı da Məhsa Əmininin məzarı üzərində yazılmış sözlər oldu: “Sevgilim, sən ölməyəcəksən, adın inqilab olacaq!”

Daha sonra “Qadın, həyat, azadlıq” şüarı qadınların etirazında əsas xətt oldu. Buna paralel olaraq, sosial şəbəkələrdə “Mənim gizli azadlığım”, “Mənim kameram silahımdır” kampaniyaları başlandı. Bu kampaniya İran rejiminin yaratdığı informasiya blokadasında etirazlarla bağlı məlumatların dünyaya yayılmasına hesablanmışdı və nəticələr göstərdi ki, rejim əvvəlki dövrlərlə müqayisədə bu dəfə blokadaya tam nail ola bilmədi.

Əmininin ölümündən sonra İranda tanınmış qadınlar da etirazlara qoşuldular. Oktyabrın 16-da İrandan olan alpinist Elnaz Rekabi Cənubi Koreyada yarışa hicabsız çıxdı. Daha sonra o, “hicabını unutduğu”nu desə də, bunu rejimin təzyiqi ilə etdiyi şübhəsizdir.

Və ən önəmlisi, bu proses davam edir. Qadınlar repressiyalardan çəkinməyərək aksiyalarda fəal şəkildə iştirak edirlər. Dünyaca ünlü aktrisa Təranə Əlidusti hicabını atdığına görə bu günlərdə həbs edilib. Daha 2 aktrisa - Həngamə Qaziani və Kətayun Riahi də saxlanılıb. Siyahı getdikcə böyüyür. Hazırda İranda həbsdə saxlanılan xeyli sayda qadın, onlar arasında tanınmış simalar var…

Maraqlıdır ki, İranda məhz qadınlar etiraz aksiyalarının aparıcı, həm də həlledici qüvvəsi ola bildilər. Onlar etirazlara qoşulmaları üçün kişilərə də ciddi təsir etdilər, xüsusilə aksiyalar zamanı yoldan keçənlərə “Kişi deyilsiniz? Siz də gəlin” sözləri ilə…

İrandakı etirazların iki simvolu və dünya trendinə düşən mənzərəsi var.

Biri qadınların, qeyd etdiyimiz, hicabı çıxararaq, saçlarını kəsməsi, digəri mollaların başından papaqlarının atılması. Hər iki trendi qadınlar yaratdı və hazırda mollalara qarşı papaq aksiyasını İrandakı əksər gənclər davam etdirir.

Qadınlar SEPAH qüvvələrinin qarşısından qaçmır - xalqı müqavimətə sövq, mülki geyimli polisləri ifşa, aksiya iştirakçılarını xəbərdar edir, foto və videolar çəkirlər. Polislər kimisə həbs etmək istəyəndə dərhal bunu kameraya çəkir və var gücləri ilə polisə mane olmağa çalışırlar.

İran rejimi etirazların bu qədər böyüməsində nüvə rolunu oynayan qadınlara qarşı iki “vasitə”dən istifadə edir. Birincisi, qətlə yetirməkdir. 16 yaşlı Nika Şakarami Tehranda keçirilən aksiyada hicabını yandırdığı üçün həbs edildi və bir neçə gün sonra polis nəzarətində öldü. 16 yaşlı Sarina İsmayılzadə Tehranın Kərəc məhəlləsindəki aksiyada polislər tərəfindən dəhşətli formada döyülərək, həbs edildi və bir gün sonra polis bölməsində vəfat etdi. Ərdəbil şəhərindəki məktəbdə rejimə dəstək aksiyası təşkil edilən zaman 16 yaşlı azərbaycanlı qız Əsra Pənahi polis tərəfindən döyülərək öldürüldü.

İndiyə qədər yüzlərlə insan qətlə yetirilib, minlərlə insan həbs edilib, onlarla insanın taleyi naməlumdur.

İkincisi, cinsi təcavüzdür. Polislər qadınları həbs edir, daha sonra onlara təcavüz etməklə “sındırmağa” çalışırlar…

Lakin etirazların davam etməsi və qadınların aparıcı qüvvə olaraq qalması nə qətllərin, nə də cinsi təcavüzün onları yolundan döndərə bilməyəcəyini təsdiq edir.

Etirazların himninə çevrilən, xüsusilə həm İranda, həm də dünyanın müxtəlif yerlərində iranlı qadınlar tərəfindən ifa edilən mahnı da artıq dünya trendinə çevrilib. “Baraye” (Fot the Sake of) - Şervin Hacıpurun bəstələdiyi və ifa etdiyi mahnının sözləri demək olar ki, hər kəs tərəfindən himn kimi oxunur. Ş.Hacıpur bu mahnıya görə İran rejimi tərəfindən həbs edilib.

Etirazların davam edəcəyi və mütləq ciddi siyasi dəyişikliklərlə nəticələnəcəyi gözləntiləri çoxdur. Çünki prosesin aparıcı qüvvəsi qeyd etdiyimiz kimi, qadınlardır və gedişat göstərir ki, onları heç nə dayandırmaq gücündə deyil. İranda qadın hərəkatının 100 ildən çox tarixi var. Son bir neçə ildə “İnqilab küçəsinin qızları”, “İran #MeToo”, “Ağ çərşənbələrim”, “Gizli azadlığım” kimi qadın hərəkatları qeydə alınıb…

Artıq İranda qadınlar ictimai yerlərdə daha az hicab geyinirlər. Əxlaq polisinin ləğv edildiyi barədə məlumatlar yayılsa da, molla rejimi hicabsız qadınlara dövlət idarələrində, banklarda və digər yerlərdə xidmət göstərməyi qadağan edib.

“Qadın, həyat, azadlıq”, “Diktatora ölüm”, “Xamneyiyə ölüm”, “Məhsa bizim kodumuzdur”, “Hicab yox, güc yox, azadlıq və bərabərlik istəyirik” və s. hazırda İranda etirazların əsas şüarlarıdır.

Bunlar İranda baş verənlərlə bağlı indiyədək əldə etdiyimiz, bizə gəlib çatan məlumatlardır. Qadınların etiraz aksiyaları hansı ölkədə baş verməsindən asılı olmayaraq, bütün dünyada maraqla izlənilir və onlara açıq dəstək ifadə edilir. İranda Məhsa Əmininin ölümündən dərhal sonra başladılan hicabın atılması və saçların kəsilməsi aksiyasına da dünyaca məşhur qadınlar qoşuldular. Bu, məhz Qadının Qadına dəstəyi idi! Saç kəsmək trendinə qoşulan tanınmışların məlum videolarını sosial şəbəkələrdə hamımız müşahidə etdik. Bəs Azərbaycanda?

Bizə etnik, milli, dini, coğrafi baxımdan çox yaxın olan, ərazisinin böyük bir hissəsi Güney Azərbaycandan, əhalisinin böyük bir hissəsi Azərbaycan türklərindən ibarət olan iranlılara, iranlı qadınlara, qan və can qardaşlarımıza açıq dəstək verdikmi, sosial şəbəkələrdəki trendlərə qoşulduqmu, qoşuluruqmu?

Sosial şəbəkələrdə saç kəsmək videoları trend olduğu günlərdə tanınmış bir xanım müğənniyə müraciət etdik. Ki, o da saçlarını kəssin, bunu videoya çəksin və sosial media hesabında yaysın. Ardınca başqa xanımlar da qoşulsun və təbii ki, bununla iranlı qadınların etiraz aksiyasına dəstəyimizi göstərək. Amma… Kifayət qədər cəsarətli və intellektual hesab etdiyimiz qadın müğənni hətta Karla Bruninin belə etdiyini etməyə cəsarət etmədi. Niyə?

Bir neçə il öncə Urmu gölünün qurudulmasına etirazın trendinə çevrilmiş “Səni deyirlər” havasına rəqs edən insanlarımız niyə seyrçidir ən yaxınımızda baş verənlərə? Ölkədə qadın hüquqlarının müdafiəsi ilə məşğul olduğunu iddia edən nə qədər QHT var, nəyi gözləyirlər?! Milli Məclisdəki qadın millət vəkilləri niyə bu günədək iranlı qadınlarla bağlı mövqe ortaya qoymayıblar? Ziyalı qadınlar, siyasi partiyalarda təmsil olunan qadın funksionerlər niyə susurlar, niyə susuruq?

Qadın haqqı məsələsi – insan hüquqlarının tərkib hissəsi kimi - heç bir ölkənin daxili işi deyil! İrandakı həmcinsimiz olan, eyni irqi, eyni dini, eyni dəyərləri, eyni coğrafiyanı, hətta eyni dili bölüşdüyümüz qadınlara dəstək ifadə etmək, onların yanında olduğumuzu ifadə etmək, məncə, çox önəmlidir və mən bu yazımla Azərbaycan Qadınlarını səslənirəm: əzilən, öldürülən, həbs edilən, təcavüzə məruz qalan iranlı qadınlara sevgi və birlik mesajları göndərək! Çünki həqiqətən Qadın üzü, Qadın siması müharibə üzü və ya inqilab üzü olmamalıdır…

Qadınlar Tanrının yer üzündəki əmanətidir. Əmanətə xəyanət edilməməlidir…

Qadını öldürmək Tanrını qətl etməkdir.


Müəllif: Aynur Camalqızı