9 İyun 2023 17:28
19 241
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəhmətlik Səməndər Rzayev deyirdi: “Bu kino ki var, bu çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki vacib”. Bir də “kinogünlü” – “qaragünlü” kitab sahəsi var ki, zənnimcə hər zaman vacibliyi deyilib, qəlizliyi deyilməyib.

Son günlər müəlliflərdən naşirləri günahlandıran, pulu yalnız onların qazandığını deyən iddialarla dolu yazılar gəlir. Yazıları oxuduqca məni bir sual düşündürür. Yəni müəlliflər bizim nə iş gördüyümüzü görmürlər?

Oxucunu anlamaq asandır, o, yalnız müəllifi, bir də kitabı görür. Bəs müəllif?

Bir kitabın ərsəyə gəlməsi üçün nəşriyyatın gördüyü işlərə nəzər salaq:

Birinci mərhələdə naşirlə müəllif anlaşır. Qonorar verilib-verilməməsi şifahi, yaxud yazlı razılaşma əsasında aparılır. Müəllif var ki, təki kitabım çıxsın deyir, qonorarsız razılaşır, müəllif var ki, yalnız mən qazanım deyir, kitabın xərcini özü çəkir, sonra da özü satır, biz naşirlər sadəcə nəşriyyat xidməti göstəririk, bu zaman biz qonorar almalıyıq. O da adətən hamı öz dost-tanışıyla işləyir deyə qonorar ala bilmirik.

Müəlliflər də olub ki, bu günə kimi bəzi nəşriyyatlar tərəfindən istismar olunublar, ümumiyyətlə qonorar barədə söhbət belə getməyib, nəşriyyat xərcləri müəllifdən alıb, kitabı nəşr edib satıb, pulunu da cibinə qoyub. Bu məsələlər sırf razılaşma ilə baş verib və baş verməkdə davam edir deyə, kimsə digərindən bir şey tələb edə bilməz. Kimdir müqəssir? – Naşir.

İkinci mərhələdə müəllif icazə verirsə, mətn redaktəyə gedir. Bəli, bəli, düz görürsünüz, müəllif icazə verirsə. İcazə verməyə də bilir. Burada gülüş smayliki olduğunu düşünün. Naşirlər adətən redaktəni ucuza gətirmək üçün peşəkar redaktorlarla işləmirlər. Və elə də olur ki, peşəkar redaktorun işləmiş olduğu mətnlərdə yanlışlar bol-bol qalır. Kimdir müqəssir? – Naşir.

Üçüncü mərhələdə eyni qaydada korrektə baş tutur. Yenə bənzər prosesdən sonra müqəssir axtaranlar cavabını da verirlər: – Naşir.

Dördüncü mərhələdə təxminən eyni şeylər baş verir. Əsasən naşirin bazara – satışa hesablanmış dizayn təklifi qəbul olunmur. Elə, ya da belə kitab çapa hazırdır.

Beşinci – əsas mərhələ. Mətbəə-çap prosesi. Çox adam bilmir ki, biz mətbəə deyilik. Mətbəə çap avadanlığı olan yerə deyilir. Məsələn, bizim nəşriyyatımız baş redaktorumuzun və bəndənizin kompüteri və mənim qeyd dəftərlərimdən ibarətdir, bütün proses bu iki kompüterdən idarə olunur.

Çox uzatmadan davam edək, naşir mətbəə ilə anlaşır, öncəki mərhələlərin xərcini çəkdikdən sonra, daha çox xərc tutan bu mərhələdən elə keçməliyik ki, nəticədə satılacaq kitablar bütün xərcləri qarşılaya bilsin. Kağızın keyfiyyəti, qapağın nazik-qalınlığı, tikiş növü, tiraj sayı-filan nəzərə alınmalıdır. Onu da deyək ki, tiraj sayı nə qədər çox olarsa, bir kitabın maya xərci daha aşağı olur.

Artıq kitab hazırdır. Necə sataq? – Mağazalarda. Mağaza nə istəyir? – Etiket qiymətinin 40%-ini. Başqa necə sata bilərik? – Sərgi və festivallarda. Ondan da müəlliflər narazı qalır ki, pulu ancaq naşir qazanır.

Qazanırıqmı? – Stol-stul daşıyaraq, Xırdalanda günün altında, Naxçıvanda yağışın altında, Gəncədə beton binanın soyuğunda endirimlə kitab sataraq çəkdiyimiz xərci qarşılamağa çalışırıq.

Və əsas məsələ: kitab satılırmı? Bir neçə müəllifin kitabı satılır. Fikir verin, həmin müəlliflər qonorarla bağlı yazı yazmırlar. Çünki kitablarının satıldığını görür və qonorarlarını da alırlar.

“İndi biz neyniyək, Ağabala?” Gəlin, birləşək bu qaragünlü kitaba bir gün doğmasına çalışaq. Necə? Oxucu sayını artıraraq.

İlk növbədə sosial şəbəkələrdə nəşriyyatları izləyək, paylaşaq, yeni nəşrlərin daha çox bilinməsinə çalışaq, müəlliflərlə görüş günlərinə gedək, sərgi və festivallara gedək, dəblə yox, seçimlə kitab alaq, “çay içmək” nümunəsində mütəmadi xərclərimizdən kiçik bir hissə də kitab üçün ayıraq, boş vaxtlarımızda instaqram, tik-tok videolarından kiçik bir hissə də kitaba vaxt ayıraq. Bunlar qısa müddət üçün oxucuların etməli olduqlarıdır.

Uzun müddətə hesablananlar: üç ildir kiçik nəşriyyatlar tərəfindən qurulmuş, hələ də qeydiyyat sənədini ala bilməmiş, buna baxmayaraq səylə çalışan Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin ətrafında sıx birləşək. Biz birliyi qurduğumuz gündən bu yana öz gücümüzə, heç bir maliyyə dəstəyi olmadan satış mərkəzləri ilə, redaktor və korrektorlarla, dizaynerlərlə mütəmadi görüşlər keçiririk, gücümüz çatan qədər təlimlər veririk, xarici, əsasən də Türk dövlətlərinin nəşriyyatları ilə qarşılıqlı əməkdaşlıqlar qurmağa çalışırıq, kitabı bölgələrə daşımağa çalışırıq,

Gəncə, Sumqayıt, Xırdalan, Lənkəran, Naxçıvana artıq gedib çıxa bilmişik, digər bölgələrimizə də getməyə çalışırıq. Birliyin müraciəti ilə ilk dəfə Mədəniyyət Nazirliyində nazirlə naşirlərin görüşü oldu, dərdlərimiz dinlənildi.

Başqa ölkələrdə necə olur, bilmirəm, amma bizdə yıxılmış kitab sahəsinin ayağa durması üçün dövlət dəstəyi mütləq olmalıdır. AYB-yə ayrılan pullardan bir az da bizim işlərimizə ayrılsa daha çox işlər görə bilərik, müəlliflərin qonorar problemi də olmaz. Mədəniyyət Nazirliyi və AYB-nin dünənə kimi bütün tədbirlərdə dəstəklədikləri eyni adamlardan, eyni naşirlərdən başqalarına da imkan verilsə, daha çox inkişaf edə bilərik.

Yekun olaraq şəxsi davamı da deyim istəyirəm. Azərbaycan müəllimi kitab oxumur. Təbii ki, istisnalar var. Amma bir sorğu keçirilsə ki, hansı müəllimlər kitab oxuyur, əminəm ki, faiz nisbəti beş faizi keçməyəcək. Kitab oxumayan müəllim şagirdinə kitab oxutmayacaq. Kitab oxumayan şagird nə lazımınca inkişaf etməyəcək, nə də gələcək ailəsində övladlarına kitab oxutmayacaq. Və beləcə problem uzana-uzana gedəcək.

Elm və Təhsil Nazirliyi müəllimləri və şagirdləri mütaliəyə təşviq edə bilmirsə, heç olmasa biznes sektoru olduğuna görə girişi mümkün olmayan naşirlərə məktəblərdə görüşlər keçirməyə, təbliğat aparmağa şərait yaradılsın. Ən azından ANAİB üçün imkan yaradılarsa, əminəm ki, kitab sahəsi çox uzaqlara gedə bilər.

Əziz oxucular və müəlliflər, kimdir müqəssir?


Müəllif: Yusif İlhamoğlu