20 Yanvar 2015 12:44
1 337
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ta-ta-ta...” Yanvarın 20-də səhər avtomat səsinə oyandım. Həqiqətən belə oldu. Gecə rus qoşunlarının şəhərə girdiyini Bakının “Kamenni karyer” deyilən gecəqondu məhəlləsində kirayədə qaldığımız evin Ermənistandan qaçqın düşmüş, tərk elədiyi yurdunu burdakı erməniylə dəyişə bilmiş sahibi dedi.

Prezident Aparatı qarşısında yanvarın 18-də keçirilən mitinqdən nəsə gözüm su içməmişdi. Sonralar məşhurlaşacaq din xadimlərindən biri dəstə-dəstə cavanların alnına qırmızı bağlayıb “Baksovet” metrosuyla Prezident Aparatı arasındakı boş küçədə halay vururdu.

Təpədən-dırnağa silahlanmış (yadımda belə qalıb) ilk rus əsgərini Nərimanov metrosuna gedən yolda, o zamankı “Moskva” prospektində, məşhur saatlı binayla üzbəüz küçədə gördüm. Ətrafa dördgöz baxırdı, bəbəkləri oynayırdı.

Bilmədim məhz həmin günüydü, yoxsa bir az sonraydı, hər halda hadisənin isti-isti baş verdiyi günlərin birində Nərimanov metrosunun seyrək platformasında üç-dörd nəfər söhbətləşirdi. O zamanlar tanıdı-tanımadı, hətta iki nəfər də metroda, küçədə gözləməli bir yerdə rastlaşanda yaxınlaşıb vəziyyətdən danışırdı.

Səliqə-sahmanlı geyimdə bir kişi qəflətən söhbətə müdaxilə elədi: “Heç narahat olmayın, qoşun bu günlər şəhərdən çıxacaq. Narahatlıq vardı, qarşısını aldılar, gedəcəklər”. Söhbətdəkilərdən biri razılaşmadı: “Hara gedirlər e? Deyir, bizim milislərin, bütün orqan işçilərinin silahlarını yığışdırıblar”.

Sözü eşidən kişi cəld əlini şalvarına aparıb tapançasını çıxardı, qətiyyətlə havada yellədi: “Kim deyir, alıblar?.. ” Üzündəki təbəssüm süniydi, ya yox, deyə bilmirəm, amma bığlarının qabağı hamarca qayçılanmışdı - bunda səhv eləmirəm.

***

Şəhidlərin dəfn günü “Azadlıq” meydanı həndəvərindəki dəhşətli tünlükdən keçib bulvara hansı çətinliklərlə yaxınlaşdığımı toran xatırlayıram. Sonra cənazələr çiyinlərdə, əvvəli-axırı görünməyən böyük bir izdiham yola düşdü - indi həmin mənzərəni fotolardan rahatca görmək mümkündü.
Mən dəfn mərasiminə Kirovun heykəlinin ətrafındakı nisbətən seyrək meydançadan tamaşa edə bildim; bir tərəfdə tutqun dənizdə fit verən gəmilər, bu biri yanda Hacı Allahşükür Paşazadənin ardı-arası kəsilməyən rica dolu müraciətləri: “Xahiş edirəm kənara çəkilin, imkan verin...”
Adam doğrudan çox idi.

Heykəlin ətrafındakılar topa-topa dayanıb söhbət edir, eşidib-bildiklərini bölüşürdülər. Sonra hamı getdi, ortada 3 nəfər qaldıq. Birdən üçüncü yanımdakına dedi: “Sənəd göstərə bilərsiz?” 30-35 yaşlı kişinin sifəti bir balaca allandı, amma üstündə sənədi varmış. Pasporta birgə baxdıq.

Nəhayət, toran qovuşanda şəhid məzarlarına yetişə bildim. Televiziyanın o zamankı siyasi şərhçilərindən biri, professor Qüdrət Əbdülsəlimzadə soyuqda üşüyə-üşüyə vurnuxurdu. Kənarda süfrəyə çay və halva qoyulmuşdu. Professor macal tapıb halvayla çay içəndə mən oranı tərk elədim.

Qüdrət müəllim uzun müddət Şəhidlər məzarlığının xidmətində dayandı və bir daha televizorda görünmədi.

***

Dubinyak... Bakı şəhər hərbi komendantının famili beləydi. Bundan da dəhşətlisi hər saatın başında radioda Dubinyakın adından yayılan informasiyanı oxuyanın boğuq, xırıltılı səsiydi. Sanki o, məlumat çatdırmağa yox, xoxan olmağa mükəlləf edilmişdi.
Sonra uzun muğam sədaları başlayırdı.

***

...Hər yaxşı-yaman günün sonu, hər uzun-gödək köşənin sonluğu olmalıdı. Bu günlərdə telekanallardan birində bir şou-proqrama baxırdım. Saysız-hesabsız toy müğənnisindən ibarət salonu təsəvvür edin. Aparıcının şit-şılıq zarafatlarını da zəhmət olmasa, göz önünə gətirin.

Vəssalam.


Müəllif: Qurban Yaquboğlu