3 Aprel 2015 11:17
1 565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yenə və yenə o qənaətdəyəm ki, heç kəs ekranda hərb mövzusunu sovet kinematoqrafçıları qədər təsirli işləyə bilməyib.

Ən son texnologiyalar, kompüter qrafikası, sürətli videoçəkiliş, müasir montaj effektləri, qrimdən tutmuş işığa qədər - hər şeyin yenisi, nəhayət milyonlarla pul vəsaiti bir araya toplansa belə, sovet kinosu yenə də bu mənada təkrarsız və əvəzsizdir. Və bu gün iri ekranda dəhşətli batal səhnələri izləyərkən, ölüm-dirim savaşına tamaşa edərkən düz 50 il əvvəl ağ-qara lentə çəkilmiş bir filmi xatırlayırsansa, bu, yeni filmin zəifliyinin deyil, məhz köhnə filmin təsir gücünün, uğurunun göstəricisidir. Bir iri qutu popkorn və iri bir şüşə qazsız su ilə məşğulat edə-edə yeni filmə baxanda mən məhz onu xatırladım - “Əsgər atası”nı.

**

“Əsgər atası”nı Gürcüstana növbəti səfərlərin birində də görmüşdüm. Kaxetiyadakı adını unutduğum xırda şəhərlərin birində iri bir heykəl diqqətimizi çəkdi - tanış sima idi, irəli keçincə uşaqlıqdan üzü bəri ekranda sevə-sevə izlədiyimiz qəhrəmanı dərhal tanıdıq - o idi, Georgi Maxaraşvili. Gürcülər ekran qəhrəmanına heykəl qoymuşdular. Bu, təzə heykəl deyildi, sovetdən qalma köhnə rəmzlərdən biri - vətənə, torpağa, həyata bağlılığın simvolu olduğundan köhnə atribut kimi məhv etməmiş, qoruyub saxlamışdılar.

***

Qəribədir ki, hər iki ekran əsəri olmuş hadisələr əsasında çəkilib - “Əsgər atası” da, “Su axtaran” da. Hər ikisində mövzu müharibədir. Və hər ikisində ata - övlad itkisilə yanıb yaxılan ata müharibəyə “yox” deyir.

***

1990-cı ildən kino karyerasına başlayan Rassel Krou on il sonra kinoakademiklərin ən yüksək mükafatına layiq görülüb. “İdrak oyunları” və “Qladiator”dakı ən uğurlu rollarından sonra ötən il çəkildiyi Nuh peyğəmbərin obrazı da maraqlı və yaddaqalandır. “Su axtaran” “Qızıl qlobus” və “Oskar” mükafatçısını yeni ampluada təqdim etdi. Məşhur aktyor rejissor kimi özünü sınadı.

***

Və bir də Cem Yılmaz var filmdə. Stand-ap janrının əvəzsiz ifaçısı kimi sevdiyimiz Cem Yılmaz. Bu, artıq görməyə adət etdiyimiz hazırcavab və baməzə Yılmaz deyil, ciddi, döyüşkən və mərd bir türk əsgəridir.

***

Cem Yılmaz və Rassel Krou - niyə? İş bu ki, film yüz il əvvəl Türkiyədə baş verən qanlı müharibədəki bircə hadisəni canlandırır - olmuş hadisəni. Birinci cahan savaşına Avstraliyadan qatılan üç qardaş müharibədə itkin düşür (yeri gəlmişkən, bu hadisə də Amçerika kinosunda təzəlik deyil - Stiven Spilberqin “Sıravi Rayanı xilas etməli” filmində də beş qardaşın müharibədə həlak olmasından bəhs olunurdu). Üç oğlunun acısına dözməyən ana canına qıyır, intihar edir. Bu hadisədən sonra ata oğlanlarını axtarmağa gedir, özünə söz verir - “ölüsünü, ya dirisini tapacağam” deyə.

Hadisələr Türkiyədə cərəyan etdiyindən rejissor məkanın ən ünlü ekran adamlarını cəlb edib filminə, yerli koloriti tam və daha təbii vermək üçün. Bununla belə, filmə rəng qatan əsas şərt elə məkanın özüdü. İstanbul, yüz il əvvəlki müsalman şəhərinin özəllikləri, alışdım-yandım dekorlar, çarşı-bazarların zər-zibalı cazibəsi, əzan sədası və musiqi səsi və sufi rəqsləri. Hadisənin dramaturgiyasının açılmasında bütün sadaladıqlarımın zərrə qədər xidməti olmasa belə, sadəcə əlavə bər-bəzək kimi maraqlıdır. Rassel Krou müasir İstanbulda gördüyü gözəllikləri keçmişə proyeksiya edib də rəngarəng bir xalı toxuyub tamaşaçı üçün. Baxdıqca göz dincəlir.

Amma və lakin bütün gözəlliklər və milli-kulturoloji özəlliklər (yeri gəlmişkən, rejissor bu qədər dəqiq müşahidələr hesabına lap multikulturalizm mövzusunda da sənədli-bədii bir iş qoya bilərdi ortaya, təbii ki, hərb mövzusunda drama çəkmək istəməsəydi... nəzərə alınsa belə, aktyor oyunu, dinamika, kolorit və dadlar yerli-yerində olsa belə, əsərin kvint-essensiyası ki var - inanın, tutum etibarilə “Əsgər atası”na çata bilmir. Bəli, təsirlidi. Bəli, tamaçını sarsıtmaq iqtidarındadır. Amma “Əsgər atası” deyil.

Həmin o “Əsgər atası”nı çəkən rejissor Rezo Çxeidze özü televiziya filmində bir hadisə danışmışdı - yadımdadı. O zaman - film uzaq 1965-ci ildə ekranlara çıxıb - dəbdə olan epistolyar janrın həvəskarları özləri də məktub yazar, sosial şəbəkələr olmadığından fikirlərini məhz bu formada izhar edərdilər. Çxeidzeyə böyük İttifaq dövlətinin hər küncündən məktublar gələrmiş. Məktubların biri Sevastopoldan yazılır. Nəql olunur ki, ev yaran cavan bir oğlan könüllü şəkildə polisə gələrək hadisəni danışıb cinayət işlətdiyini etiraf edir. Nə səbəbə? Cani deyir ki, “Əsgər atası” filminə baxandan sonra qərara gəlib ki, bu dünyada düz yaşamaq, təmiz adla, təmiz vicdanla yaşamaq lazımdır. Bu, bir filmin milyonlarla tamaşaçıdan birinə göstərdiyi təsir idi. Konkret, real və tərbiyəvi. Elə bu üzdən də cah-cəlallı Hollivud filminə baxanda belə həmin o ağ-qara lentə alınmış film yada düşür. “Su axtaran” “Əsgər atası”nın yeni variantıdır. Surət isə həmişə orijinaldan zəif olur.


Müəllif: Afaq Vasifqızı