Bir sevdiyim qız vardı. Burnu çox uzun idi. Amma yaraşırdı. Çox sevimli görünürdü. Mənim üçün belə gözəlliyi izah eləmək çox çətindir. Həmişə onun burnuna baxanda fikrə gedirdim. O da başa düşmürdü. Birinci kursda oxuyurdu. Həm uşaq idi, həm də uşaq kimi. Elə bilirdi gözlərim yol çəkir. Tullanıb düşürdü. Əllərini havada bayram kimi yelləyirdi. Deyirdi, belə eləyəndə adamın gözləri yol çəkmir. Doğrudan, belədir.
Mənə elə gəlir ki, burnu uzun və bir azca yana baxan qızları unutmaq ağır olur. Ağır olur deyəndə ki, mütləq içməlisən. İçməsən, çətin məsələdir. Elə sevgilər var ancaq içki unutdurur, elə sevgilər var çayla yola verirsən gedir.
Unutmadığın da məhz burnu olur. Qəribədir. Təbiidir ki, burun şərtidir. Başqa biri üçün qulağın, ağızın yekəliyi, qolların uzunluğu, saçın seyrəkliyi yaddan çıxmaya bilər. Amma məncə, bir qadına desən ki, ağzın yekədir, xətrinə dəyər, ayağın əyridir, xətrinə dəyər, amma desən ki, burnun yekədir, gülümsəyər, dodaqlarını büzər. Guya küsdü. Ona görə deyirəm ki, sevgidə burun amili çox önəmlidir.
Məsələn, çoxdan bulvara getmirdim. Axırıncı dəfə bu yaxınlarda yolum düşdü. Həmişə Kukla Teatrının yanında keçiddən keçəndə uçuq-sökük pilləkəndə ayağıma bir məftil ilişirdi. Nədənsə, bulvarın hər yeri yadımdan çıxıb, amma o məftil olduğu kimi xatirimdədir.
Bəzən unutduğun qadından da illər sonra nəsə yadında qalır. Çünki bir şeyi bütöv yadda saxlamaq çətin məsələdir və adam əzab verir. Sevgilimin burnu da o məftil kimi yaddaşımın ən işıqlı yerindədir. Aramızda o qədər pis xatirələr olub, ayrılanda bir-birimizə qarşı o qədər hörmətsizlik eləmişik, amma bircə onun burnunu xatırlamağım kifayətdir ki, hər şey unudulub getsin və üzümdə təbəssüm əmələ gəlsin.
Onun burnu ilə həmişə məzələnirdim. Birlikdə gedəndə deyirdim, burnunu geri çək, maşınlar keçsin. O da guya küsürdü, tez əlini əlimdən çəkirdi. Gözəl hisslərdir. Məncə, bunları yaşamaq lazımdır. Siyasət-zad boş şeydir. Vətən uğrunda ölmək də müqəddəs hiss deyil. İnsanı həyata bağlayan belə xırda şeylərdir.
Həmişə işdən çıxan kimi universitetə sevgilimi görməyə gedirdim. Çox vaxt həvəsim olmurdu. Amma bilirdim ki, getməsəm, xətrinə dəyəcək. Həvəsim olmurdu deyəndə ki, hər gün müsahibə almaq, müsahibəni diktofondan köçürmək məni dəhşətli dərəcədə əldən salırdı. Qızın əlindən tutmağa halım qalmırdı. O da elə bilirdi ki, sevmirəm. Ona görə ruhsuzam. Amma elə deyildi. Sadəcə, iş enerjimi çox alırdı, qıza gücüm qalmırdı.
Bir dəfə uzunburun sevgilim dedi ki, çox yorulursan, ver diktofonu, müsahibəni evdə köçürüm, sabah gətirim sənə. Çox sevindim. Təsəvvür edin, o qız o gün o gecəni səhərə qədər yatmadı, üç saatlıq müsahibəni köçürdü, olduğu kimi yadımdadır, səhər dərsə gələndə gözlərindən yuxu tökülürdü. Fləşkartı da yox imiş, internet də bağlanıbmış, götürüb kompüteri universitetə gətirmişdi. Dedi, hələ kompüter yadımdan çıxıb avtobusda qalmışdı, qəfil yadıma düşdü qayıtdım. Avtobusun arxasınca necə qaçmağını qaranəfəs mənə elə təsvir elədi ki, ay Allah, özün belə şeyləri yaxşı bilirsən.
O qız diktofondan köçürdüyü yazını mənə elə sevgiylə verdi, gətirib evdə faylı açdım ki, başdan ayağa ingilis şirifti ilə yazıb, müsahibənin ortasında ofsianta nə sifariş vermişiksə hamısını yazıya köçürüb. Bilənlər yaxşı bilir ki, yazını ingilis şiriftindən Azərbaycan şiriftinə köçürməkdənsə təzədən diktofondan yazmaq daha asandı. Belə də elədim, amma yekəburuna heç nə demədim. Soruşdu ki, necə yazmışam? Dedim, çox əla yazmısan, əzizim. Həqiqətən, əla yazmışdı. Hərflərin hamısı yuxulu idi, bütün cümlələr saçları kimi qarmaqarışıq, amma bütün sözləri ürək kimi döyünürdü.
Doğrudan, siyasət-zad boş şeydir. Vətən uğrunda ölməyi də müqəddəs hiss saymıram. Elə ki yoruldunuz, əldən düşdünüz, heç nəyə həvəsiniz və istəyiniz qalmadı, onda sevgilinizin burnunu düşünün. Necə ki, mən o qızın hər yerini unutmuşam, bircə burnu yadıma qalıb.