30 Aprel 2015 16:03
2 082
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən Azərbaycanda özünə millətçi deyən insanların, onların yaratdığı millətçi təşkilatların və həmin təşkilatlarda təmsil olunan gənclərin milli hisslərinə qətiyyən inanmıram. Onların əksəriyyəti öz şəxsi mənafeyi, mənfəəti uğrunda çalışırlar. Bir-iki türk dövləti bayrağını başlarının üstünə qaldırıb, ancaq ürəklərində mənfəət haqqında düşünən bayağı millətçilər neçə illər ərzində uğur qazana bilmədi, səbəb məlumdur. Çünki görülən işlərin kökü ürəkdə deyil, onların hissləri, türkə sevgiləri yalandır.

Yadıma gəlir, Bakı Dövlət Universitetinin birinci kursunda oxuyanda tez-tez görürdüm ki, cavan-cavan uşaqlar gah qəzet çıxarıb satırlar, gah jurnal buraxıb dəyər-dəyməzinə ona-buna sırıyırlar. Guya məqsəd türklüyü təbliğ etməkdir. Ancaq həmişə mənə elə gəlib ki, onlar türklüyə qarşı mübarizə aparırlar. Türklüyü gözdən salmaq istəyirlər.

Pul qazanmağın o qədər mükəmməl yolları dura-dura onların məşğul olduğu iş məndə ikrah hissi yaradır. Burda əslində, elə pul yeri də yoxdur. Yəni söhbət xırda mənfəətdən gedir. Ətrafına beş-altı türkçü gənc topladınsa, artıq güc hesab oluna bilərsən. Səni güc kimi görən bir bayağı partiya sədri yanına çağırır. Deyir, filan vaxt mənim filan yerdə tədbirim olacaq, uşaqları gətir. Buna görə partiya sədri cüzi pul da verir.

Universitetdə nə qədər gənclər tanıyırdım ki, tələbə vaxtından əlləri pulla oynayırdı. Yəni müxtəlif partiya sədrləri belə səfeh gənclərdən istifadə edir, əvəzində xırda pullarla onları yola verirdi. Bir şey də var ki, xırda pulların yanında böyük ümidlər olanda adam həvəslə işləyir. Bu, həyatın amansız həqiqətidir.

Mənim ən çox yazığım səmimi millətçilərə gəlir. Bir vaxtlar özüm də o fikirdə idim ki, tələbələrin çıxardığı qəzet, jurnal nədəsə rol oynaya bilər. Hətta uşaqların qəzetini hər yerdə təbliğ də edirdim. Burda ayıb bir şey yoxdur. Sadəcə, səmimi və səy idim.

Səmimi millətçi deyəndə nəyi nəzərdə tuturam, deyim. Məsələn, bütün günü evdə anamı boğaza yığmışdım ki, mən türkəm. Yazıq arvad əlimdən bezmişdi. Başı da çıxmırdı. Deyirdi, türkəm nə deməkdir?

Anama məsələnin əsl mahiyyətini başa salırdım. O da razılaşırdı. Adi məişət qayğıları ilə yaşayan anama türk olduğunu başa salandan sonra anladım ki, nə o qəzet və jurnalları çıxarıb zorla camaata satanlar türk deyil, nə də cavan uşaqlardan istifadə eləyib gündə bir iclas keçirən partiya sədri. Sən demə, əsl türk anammış.

Bütün bunlara baxmayaraq, mən türkəm. Amma türk olduğumu heç vaxt anqıra-anqıra dilə gətirmirəm. Dünya telefonu çoxdan unudub, Azərbaycanda adamlar bir-birinə vızıv atır, bu gün millətçilik də təxminən, vızıv kimi bir şeydir.

Həm də millətçilik hissləri səni insan kimi çox pis duruma salır. Deyəsən, dördüncü kursa oxuyurdum. Kafelərin birində çay içəndə gördüm ki, yan tərəfdə millətçi Azərbaycan gəncliyinin aparıcı qüvvələri əyləşib mübahisə edirdilər.

Təsəvvür edin, biri o birisinə deyir ki, bəy, sən yaltaqsan! O birisi cavab verir ki, bəy, yaltaq da varsan, əclaf da... Bəy bəyə qarışdı. Üçüncü nəfər qayıtdı ki, bəy, sən şərəfsizsən, biqeyrətsən! Necə oldusa, qəfil bəyin biri o biri bəyi vurdu. Sonra o biri bəy söyüşə keçdi. Üçüncü bəy gül ağzını açanda kafenin sahibi işə qarışdı və hər üç bəyi qovdu. Ara səngiyəndən sonra gedib stulun altında inildəyən bəy sözünün əlindən tutub ayağa qaldırdım, üstünü-başını təmizləyib üzünə soyuq su vurdum...


Müəllif: Kəramət Böyükçöl