6 May 2015 13:06
1 633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropada xeyli vəkil büroları 3-cü ölkələrdən “təqibdən qurtularaq” Avropaya qaçmış şəxslər üçün siyasi sığınacaqların təşkili xidmətini göstərirlər. Bu işlə məşğul olanların sırasına son dövrlərdə bəzi Avropa QHT-ləri də qatılıblar.


Bu biznes sahəsi xeyli gəlir gətirir. Təbii, bu biznesin həcmini, qaçaq silah, narkotik və insan alverindən gələn gəlirlərlə müqaisə etmək olmaz. Dövriyyə hələ o həddə çatmayıb. Amma bu biznesin çiçəklənmə dövrüdür.

Əgər vəkil xidməti yalnız müştəridən aldığı xidmət haqqı ilə kifayətlənirsə, QHT-lər bəzi dövlət və özəl fondlardan ciddi vəsit cəlb edə bilirlər. Ona görə rəqabətdə QHT-lərin üstünlüyü aşkar görünməkdədir. Hazırda bir qrup QHT Avropada Azərbaycan üçün alternativ “vətəndaş cəmiyyəti” formalaşdırır. Azərbaycanda tanınmayan və heç vaxt insan hüquqları ilə bağlı ciddi fəaliyyəti olmayan, həmçinin QHT-yə məqsədli şəkildə gələn (varlanmaq və Avropada yaşamaq məqsədi) bir qrup artıq formalaşıb və istifadə olunmaqdadırlar. Ən pisi də budur ki, bu qrupa daxli olanları həm də erməni lobbisi öz maraqlarına xidmət etmək üçün cəlb edə bilib.


Siyasi mühacir statusu almaq mexanizmləri və yolları o qədər də mürəkkəb deyil.

Avropaya, xüsusən də Qərbi Avropaya köçərək orada yaşamaq istəyənlərin əksəriyyəti süni surətdə təqib olunmaları ilə bağlı sənədlər və faktlar toplayırlar. Siyasi sığınacaq almaq üçün səndələrin və faktların toplanması külli miqdarda vəsit tələb edir (30.000-40.000 avro). Belə vəsitə malik olmayanlar müxtəlif ictimai və ya siyasi hərəkatlara qoşularaq sonradan qəsdən cinayət əməli və ya çoxsaylı inzibati xətalar törədirlər. Cəza aldıqdan sonra müxtəlif prosedurlardan istifadə edərək (o cümlədən əvf üçün müraciət) 6-8 ay ərzində azadlığa çıxırlar.

Digər hallar üçün hazır strukturlar vardır. Müxalifət partiyalarının birindən ödənişli əsaslarla partiyanın üzvü (ödəniş çox olduqda rəhbər orqanlarda olması barədə də arayış verilə bilər) olmağa dair arayış, insan hüquqlarını müdafiə edən və Avropada yaxşı tanınan bir təşkilat rəhbərindən (insan hüquqları müdafiəçisindən) ödənişlə onun təqib olunması barədə sənəd (əgər “təqibin” dini əqidəsi ilə bağlı olduğunu sübut etmək istəyirsə, onda dini təşkilata bağlı olması barədə arayış) almaq əsas işlərdəndir. Sonrakı mərhələdə mitinqlərin birində iştirak, orda video və foto çəkilişlər (polisin onu saxlamasını əks etdirən fotolar da vacibdir), xəbər saytlarının birində onun təqib olunması ilə (məsələn, gecə evə gedəndə iki nəfər saxlayıb və hədələyib) bağlı yazı və s. Prosesin sürətlənməsi üçün kütləvi tədbir zamanı inzibati xəta törədib 15 sutkayadək inzibati həbs almaq və ya inzibati cərimə olunmaq kimi üsullardan da istifadə edilir. İnzibati həbsdə olan şəxs vəkili vasitəsi ilə mətbuata işgəncəyə məruz qalması barədə yazı ötürür və ya xəstə olduğu halda ona tibbi yardım edilməməsi barədə məlumat yayır.

Avropda sığınacaq aldıqdan bir müddət sonra onların bir çoxu “loyallaşır”. Vətən üçün darıxırlar. Sonra da “təqibdən qurtularaq” Avropaya qaçdıqları sanki yaddan çıxır. Bunun üçün bəzi KİV-lərdə vətənpərvər yazılar da vermək olur.

Təsadüfi deyidir ki, Avropada siyasi mühacir kimi sığınacaq alanlardan əksəriyyəti məzuniyyətlərini Azərbaycanda keçirirlər. Onlar ölkəyə asanlıqala gəlib gedə bilirlər. Bu mühacirlərdən bir qismi vaxtaşırı Azərbaycana gəlir, hətta rəsmi şəxslərlə görüşlər də keçirir. Əslində, siyasi mühacirətin təşkili üzrə Avropada və Azərbaycanda müştərək işləyən təsisatlar da vardır. Onlar ödəniş müqabilində belə mühacirət üçün xidmətlər təşkil edirlər. Heç vaxt siyasi proseslərdə olmayan şəxslər mühacirətə getmək üçün bəzi sənədlər toplamalıdır.

Qeyd etdiyim kimi, siyasi mühacir biznesinə Avropada fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları da cəlb olunmuşdur. People in need, Front Line, Norveç İnsan Hüquqları Evi, Norveç Helsinki Fondu və s. təşkilatlar mühacirlərin yerləşdirilməsi, saxlanılması və digər təminatları üçün iri həcmli qrantlar alarlar.

Son dövrlərdə bəzi QHT rəhbərləri Avropada sığınacaq almaq üçün yuxarıda adları çəkilən təşkilatların xidmətlərindən yararlanırlar. Məsələn, bank hesabları müvəqqəti dondurulan QHT-lərin rəhbərlərinin əksəriyyət hissəsi ölkədədir və onları heç bir təqib gözləmir. Əksinə, onlar yeni hesablar açaraq qrantlar alırlar (əsasən də hökumətdən). Lakin bu fürsətdən yararlanan bir neçə QHT rəhbəri Praqada və s. Avropa şəhərlərində yerləşdirilmişlər.

Digər hissə isə hələ “loyallaşmayıb”. Onlar hələ istifadə üçün yararlıdırlar. Yaralılıq müddətləri bitəndən sonra (bir qayda olaraq intellektual resursları zəif olan adamlar olduğu üçün çox da uzunmüdddətli istifadəyə yararlı sayılmırlar) onlarda da “vətən həsrəti” baş qaldıracaq.

İnsan Hüquqları üzrə İşçi Qrupunun üzvü Sahib Məmmədov


Müəllif: Sahib Məmmədov