Ölkə kubokunun yarımfinal mərhələsinin ilk qarşılaşmaları gözləniləndən daha maraqlı alındı. Əvvəlcə “Qəbələ” öz meydanında “Xəzər Lənkəran”ı 3-0 hesabı ilə məğlub edərək yaxşı mənada təəccüb yaratdı. Oyundan öncə Syominin yetirmələri qarşılaşmanın favoriti sayılsalar da, hər halda belə böyük hesablı nəticə gözlənilməz idi.
Onsuz da çempionatda işləri qaydasında getməyən və heç bir iddiası qalmayan cənublular gözünü dikdiyi kubokda da beləcə yarı yolda qalası oldular. Bununla da klubun yaranmasının 10-cu ilində azarkeşlərinə və rəhbərliyə heç bir şey hədiyyə eləyə bilməyən lənkəranlılar onilliklərini əliboş qarşılamalı olacaqlar.
Doğrudur, kubok yarışları iki mərhələli oyunlardan ibarət olur, ancaq hər halda evdə, doğma azarkeşlər önündə oynasalar belə, 3 topluq fərqi aradan götürmək mümkünsüz kimi görünür.
“Qəbələ” isə artıq finalda olmağın sevincini yaşaya bilər. Premyer Liqada mükafatçılar sırasına düşmək üçün nəzəri olaraq şansları qalsa da, bölgə təmsilçisi daha etibarlı yol olan kubokdan əlini üzməyəcəyini bir daha sübut elədi.
Mərhələnin digər oyununda isə “Neftçi” “Rəvan”ı qəbul edirdi. Bu oyun daha maraqlı alındı. Oyundan öncə aşkar favorit olan “ağ-qaralar” matç boyu o qədər üstün oyun göstərə bilmədilər. Bir neçə epizodda fərqlənməyə yaxın olan “Neftçi”li futbolçular bu şansların yalnız birindən istifadə eləyə bildi.
“Rəvan” isə 90 dəqiqə boyunca ehtiyatlı oynayaraq əlavə olunmuş dəqiqələrdə istədiyi qolu vura bildi. Bununla da səfərdə vurulan qızıl dəyərindəki qolla hələlik nisbi üstünlüyü əlan alan “uçan aslanlar” cavab oyunu üçün ümidləndilər.
Meydançadakı oyunla bərabər oyundan sonra yaşananlar və mətbuat konfransı da kifayət qədər maraqlı idi.
Xatırladım ki, oyundan sonra oyunçular paltar dəyişmə otağına gedərkən qonaq komandanın futbolçuları “Neftçi” azarkeşləri tərəfindən su şüşələri ilə “atəşə” tutuldular. Buna səbəb cavab qolunun müəllifi Tyaqo de Souzanın qol sevincini qeyd edərkən tərbiyəsiz jestlə rəqib azarkeşləri qıcıqlandırması oldu.
Hadisələrin kökü oyunun ortalarında yaşanan bir insident idi. VİP tribunada əyləşmiş “Neftçi” azarkeşləri ilə həmin vaxt ehtiyat oyunçular skamyasında oturan Tyaqo arasında söz savaşı başladı. Polislərin və mühafizəçilərin müdaxiləsi ilə böyümədən yatırılan qalmaqal Tyaqonun qol vurub sevincini o şəkildə qeyd etməsindən sonra yenidən qızışdı.
Nəticədə hücuma məruz qalan qonaq komandanın bütün futbolçuları oldular.
Oyundan sonra mətbuat konfransında “Rəvan”ın baş məşqçisi oyunçuları haqqında ölçü götürüləcəyi barədə söz verdi.
Böyükağa Hacıyev də həmişə olduğu kimi, yenə maraqlı açıqlamalarla diqqət çəkdi. “Zəif” ləqəbli mütəxəssis növbəti dəfə mayda Azərbaycan futbolunu tərk edəcəyi barədə fikir bildirdi.
Baş məşqçi yarızarafat, yarıciddi onu da qeyd elədi ki, o futboldan getdikdən sonra idman jurnalistləri “acından öləcəklər”.
Əslində Böyükağa bəy haqlıdır. Bu gün ən maraqlı, ən qalmaqallı açıqlamaları məhz o verir və məşqçinin bir açıqlamasından sonra günlərlə müzakirələr aparılır, yazılar yazılır.
Azərbaycan futbolunda onun kimi fikirlərini açıq deyən, şablondan uzaq bir futbol adamı daha yoxdur.
Hər nə qədər ziddiyyətli xarakteri, atmacaları ilə diqqət mərkəzində olsa da, hər halda idman mətbuatı üçün yaxşı mövzu mənbəyidir.
Futbolumuz onsuz bir az daha maraqsız olacaq, ancaq getdiyi yerdə uğur arzulayaq “zəifə”.
Yolunuz açıq olsun, Böyükağa bəy.