27 Avqust 2015 16:11
2 509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kəramət Böyükçöl

Dünyanı gözdən salmaq üçün bizim insanlar ən gözəl vasitədir. İstər musiqi sahəsində, istər ədəbiyyatda, iqtisadiyyatda, siyasətdə, istər də digər məsələlərdə. Bir də görürsən, Azərbaycanda adı it dəftərinin qulağında olmayan bir adam deyir, mən Türkiyədə beynəlxalq mükafata layiq görülmüşəm. Filan-filan işlər görmüşəm. Müğənni də belə deyir, şair də, yazıçı da. Deyən yoxdur, daş o mükafatın başına ki, onu sənə veriblər. Mən dünyanı o qədər gəzib-dolaşmamışam, ancaq gedən-gələn adamların danışığından belə nəticəyə gəlirəm ki, İtaliyada mükafat almaq, uğur qazanmaq Azərbaycandan qat-qat asandır. Türkiyəni lap su yoluna döndəriblər. Adam heç bu barədə danışmaq istəmir. Adam var, mən “Sahil” metrosunun yanında bir bakal pivə içib evə gələnə kimi o, Amerikadan mükafat alıb geri qayıdır. Şəkil-zad çəkdirib özünü reklam edir. Vallah, bir az da bərk dursa, özünü əməlli-başlı bu məmləkətin tarixinə də sala bilər, yəni məsələ o qədər asandır.

O günü biri deyir, məni daha çox Türkiyədə, Fransada oxuyurlar. Kişinin oğlu daha Azərbaycanı bəyənmir. Bu yalana görə əslində, Fransa Azərbaycana müharibə elan etməlidir, Türkiyə ilə gediş-gəlişimiz kəsilməlidir. Mənim filan ixtiram İngiltərədə filan mükafata layiq görülüb. Amerikanın filan universitetin filan fakültəsində məndən dərs deyirlər. Bu, nə yekəbaşlıqdır? O qədər həddini aşıblar ki, əsəbiləşməyə bilmirsən.

Azərbaycan Yazıçılar Birliyində Prezident təqaüdü ala bilməyən şairlər acığa düşüb Türkiyədə beynəlxalq mükafata layiq görülürlər. Hərəsi gündə bir konfransa gedib-gəlir. Təkcə Azərbaycanda yox, elə Türkiyənin özündə də beş-altı gic şair və yazıçılar var, bütün günü Bakıya səfər edirlər. Yəqin onlar da gedib Türkiyədə deyirlər ki, Azərbaycanda belə qarşılandıq, elə qarşılandıq. Qarşılanmaq da nə qarşılanmaq. Yazıçılar Birliyində Fikrət Qoca ilə görüşürlər, ikinci mərtəbəyə qalxıb Qulu Ağsəslə ayaq üstü söhbət edirlər, nə bilim, diplomdan-zaddan düzəldib verirlər əlinə ki, bu da sənin beynəlxalq mükafatın, xoşbəxt ola bilərsən.

Azərbaycandan elə şairlərin, yazıçıların Amerikada kitabı çap olunur, təqdimatı keçirilir, vallah, istər-istəməz düşünürsən ki, elə dünyanın hər yeri potensial Azərbaycandır. Eyni zamanda elə müğənnilərimiz gedib dünyanın elə yerinə çıxır qalırsan mat-məətəl. Dünyanı mənasız eləyən bu cür səy adamlardır. Öz vətənində düz-əməlli hörməti olmayan, oxunmayan bir adam Almaniyanın nəyinə lazımdır? Görünür, yalan ayaq tutur da, yeriyir də. Hər şey saxtalaşıb beləcə. İstedadı, savadı olmayan bir adam prinsipə dursa, Azərbaycanın və hətta dünyanın tanınmış yazıçısı, şairi, müğənnisi ola bilər. Lap dünya sözündən iyrənirsən. Dünya o qədər balacalaşıb ki, insanlarımız günorta yeməyini İtaliyada yeyib işə qayıdır. Getmişkən, bir kitab da çıxartdırır, klip də çəkdirib təqdimat keçirirlər.

Təbii, bunların hamısı süni bir prosesdir, süni inkişafdır. O günü biri yazıçı yolda qabağımı kəsib mənə beynəlxalq əlaqələrindən danışır. Dünyada çıxan kitablarını sadalayır. Kitabların hamısını da çantasına qoyub özü ilə gəzdirir. Baxıram ki, həqiqətən də, Amerikada, Rusiyada, İtaliyada, Almaniyada adamın cild-cild nəşrləri işıq üzü görüb. Pul verib çıxartdırır, burdakı səy nəşriyyatlardan dünyanın hər yerində var. Əslində, evdə arvad-uşağa göstərmək üçün belə şeylər pis deyil, hər halda öyünürsən, qohum-əqrəbanın gözü qarşısında hörmətin artır. Amma bu işlər kütləvi olanda yaxşı ilə pis bir-birinə qarışır. Yaxşıya da, pisə də yol açıqdır.

Sözüm ondadır ki, bu gün Azərbaycanın dünya ilə mədəni əlaqələri əsasən, sarsaq şairlərin, sarsaq yazıçıların, sarsaq müğənnilərin, ümumən sarsaq sənət adamlarının hesabına qurulub. Ciddi adamların demək olar ki, heç biri bu işlərə qarışmır və məşğul da olmur. Yəni dünyada tanınıb-tanınmamaq təəssüf ki, sanballı bir adamın vecinə də deyil. Məsələn, İsa Hüseynov üçün heç vaxt maraqlı olmayıb ki, İngiltərədə onu tanısınlar. Halbuki, Almaniya doğrudan da, İsa müəllimi tanımalıdır.

Bir sözlə, bizim saxtakarlığımız artıq Azərbaycana sığmır, dünyanın işlərinə də barmaq eləməyə başlamışıq. Əslində, məzmunsuz şair və yazıçılarla, müğənnilərlə Türkiyədə, İsveçdə, Rusiyada, Amerikada tanınıb biabır olmaq daha pisdir. Ona görə də, dünyaya bütün pəncərələri bağlamaq lazımdır, qoy mənasız səsimizi eşidən olmasın...


Müəllif: Kəramət Böyükçöl