Səhv eləmirəmsə, 2008-ci il idi. Bakı Dövlət Universitetinin ikinci kursunda oxuyurdum. Mətbuatda ara-sıra yazılarım çap olunurdu. Tez-tez Yazıçılar Birliyinə gedib-gəlirdim. Həmin vaxtlar ayda bir dəfə Axundov kitabxanasında Rəşad Məcidin rəhbərliyi ilə Gənc Ədiblər Məktəbinin görüşləri baş tuturdu. Demək olar ki, o tədbirlərin hamısında iştirak eləyirdim. Mühitdə təzə idim deyə yazı-pozu adamları ilə ünsiyyət qurmaq mənim üçün çox maraqlı idi. Həm də darıxırdım.
Həmin vaxtlar mən Salam Sarvanın təkcə adını eşitmişdim, nə üzünü görmüşdüm, nə də şerlərini oxumuşdum. Amma ətrafımda hamı Salam müəllimdən danışırdı, Gənc Ədiblər Məktəbinin üzvü olan nə qədər yazar var – ağıllısı da, dəlisi də onun şerlərini əzbər bilirdi. Rəsmi tədbirlərdə də o, yada düşürdü, zirzəmi kafelərdəki yeyib-içmək məclislərində də.
Maraq məni götürmüşdü. Düzü, həmin məqamlarda mən elə bilirdim ki, Azərbaycanda atamdan başqa şair yoxdur. Yəni bircə atamın şerlərini əzbər bilirdim, başqa heç kəsi tanımırdım. Ancaq Salam Sarvanın kitablarını əldə elədim və oxuyub təəssüfləndim ki, mən niyə belə bir şairin təkcə adını eşitmişəm.
Mən görmək və oxumaq istədiyim şeirləri tapmışdım. O gündən ərkim çatan insanlardan xahiş elədim ki, mümkündürsə, məni Salam Sarvanla görüşdürsün.
Qəribədir ki, bir dəfə də olsun, üzünü görmədiyim bir insan üçün əməlli-başlı darıxırdım. Mənim belə xasiyyətim var, hərdən Nazim Hikmətdən, Əli Kərimdən də ötrü burnumun ucu göynəyir.
Bakı Slavyan Universitetində ilk dəfə Salam Sarvanı gördüyüm gün olduğu kimi yadımdadır. Deyəsən, görüşümüz Əsəd Cahangir vasitəsilə baş tutmuşdu. Mən indiki kimi onun qarşısında şagird kimi oturmuşdum. Doğrudan, Salam Sarvan mənə dərs deməyib, ancaq elə bilirəm ki, o, mənim ən yaxşı müəllimimdir. Universitetdə oxuduğum dörd il müddətində müəllim sözünü heç kəsə bu qədər ürəklə deyə bilməmişəm. O, danışanda elə bilirdim, dərs deyir. O vaxt da belə idi, indi də belədir.
Bir gün dedilər ki, Salam Sarvanın Yazıçılar Birliyinin Natəvan klubunda gəclərlə görüşü olacaq. Salam müəllimin adı ilə bağlı olan hər şey dəqiq yadımdadır. Bu xəbərə cavan yazarlar çox sevindi. Həmin görüşdən sonra həmişə Salam Sarvan olan yerə can atmağa başladım. Özümün də xəbərim olmadan onun şeirlərinin təbliğatçısına çevrildim. Salam Sarvanın təkcə mənə yox, digər gənclərə də yaradıcı təsirini aydın şəkildə hiss edirdim. Mətbuatda bunu dəfələrlə dilə gətiriblər. Bu təsir az qala ayrıca bir məktəb funksiyasını yerinə yetirirdi. Elə bir məktəb ki, sonunda diplom verilməsə də, öyrəndiyin bir ömür yaddan çıxmır.
Əvvəl qeyd etdiyim kimi, universitetin filologiya fakültəsinin tələbəsi olsam da, bütün günü ədiblərin həyat və yaradıcılığını əzbərləməklə məşğul olsam da, Salam Sarvanın bir şair kimi təqdimatı məni bir ayrı cür silkələyirdi. Çünki ən yüksək fikirlərin hamısı onun haqqında deyilirdi. Danışırdılar ki, Salam 90-cı illər Azərbaycan şerinin yaradıcısı və canlı klassikidir. Yazırdılar ki, bu dövrdə şeir yazan çox idi, ancaq Salamı görməmək, onun tanımamaq mümkünsüz bir şey oldu. Salamın yolunda, üslubunda, tərzindən nə qədər şeirlər yazıldı, ancaq bütün yazılanlar, sadəcə, onun məktəbinin yetirməsi kimi yadda qaldı, ya da heç qalmadı.
Sonralar da fikir verirdim ki, hətta daxildə onu sevməyən, sadəcə, qısqanclıq hissi ilə yaşayan adamlarda da Salam Sarvana qarşı sonsuz rəğbət, hörmət hiss eləyirdim. Çünki başqa cür mümkün deyildi. Çünki Salam haqqında fikir birmənalı idi. Çünki Salam müəllimin şeirlərində və insan kimi xarakterində elə bir güc var ki, bəzən onun yanlış hesab elədiyin bir fikrinə də etiraz bildirə bilmirsən. Nə qədər çalışırsan alınmır. Bu cür münasibəti adətən, cəmiyyətdə ciddi sosial statusa malik insanlara qarşı olur. Yəni nə deyir, başımızı yelləyir və razılaşırıq.
Bir dəfə bir məclisdə kimsə dedi ki, Ramiz Rövşəni dostları çox təbliğ elədilər, ona görə bu qədər qabardı. Bir müddət Salam Sarvanı da eynən o cür təbliğ eləyən, hər yerdə şerlərini haqqında yüksək sözlərlə danışan adamlar vardı. Ancaq Salam Sarvanı dostları yox, oxucuları qabartdı. Elə şairlər tanıyıram ki, özünün də xəbəri olmadan yazdığı şeirləri unudub Salam Sarvanın oxucusuna çevrilib.
Salam Sarvanın ədəbiyyatımızda sonuncu və sevimli şair statusu var. O, şeiri ayağa qaldırmış bir şairdir. Müstəqillik dövründə onun qədər şeirləri dillərdə ayaq açıb yeriyən şairimiz yoxdur. Hamı bilir və görür ki, sosial şəbəkələrdə oxucular onun misralarını boyunbağı kimi boğazlarına dolayırlar. Salam müəllimin şeirləri ətrafında saatlarla danışmaq olar, ancaq bu, mənim işim deyil. Bircə onu bilirəm ki, o, təkcə şair kimi yox, insan kimi də, şəxsiyyət kimi də böyükdür.
Düzü, Salam Sarvanın yaşlı adamlarla oturub-durduğunu, ünsiyyətdə olduğunu demək olar ki, görməmişəm. Həmişə ətrafında cavanlar olub. Bizimlə onun sözü həmişə tutub. Salam Sarvan təxminən, bir il müddətində kult.az saytında baş redaktor oldu. Həmin müddətdə mən də kult.az-da yazırdım. Nə qədər ədalətli bir insan olduğunun şahidiyəm və əlimi ürəyimin üstünə qoyub deyirəm ki, şair, topuğacan palçığa batmış bir cəmiyyətdə, sizin kimi şairlə, sizin kimi şəxsiyyətlə, sizin kimi mənəviyyatını qorumuş insanla yaşadığım üçün çox rahatam.