30 Oktyabr 2015 15:12
1 518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lalə


Fərqanə Qasımova unudulmuş Nəva muğamını mədəniyyətimizə qaytarır...


Unudulmaq - ağır sözdür...


Azərbaycanda Nəva unudulub...


Muğam – sadə musiqi deyil, azərbaycanlının dünyanı, Kainatı qavraması üçün kod, vasitə, QAPIDIR. Əbəs yerə demirlər ki, biz muğamı yaratmamışıq, muğam bizi yaradıb!.. Bəs elə isə idraka doğru açılan 12 qapıdan beşinin bağlanması nə deməkdir?.. Ağlabatan yeganə cavab budur: bir şey o zaman unudular ki, onu xatırlamaq çətin ola...

***


... Fərqanə mərd-mərdanə, Muğam Mərkəzinin səhnəsinə çıxıb, Nəva Dəstgahı oxuyur. Cavan, çəlimsiz, bu gün hələ bir az da xəstəhaldı. İllərlə daldalandığı ustad kölgəsindən uzaqlaşıb, arxayınçılığına cihad elan edib, hətta zalda əyləşmiş Alim Qasımov da narahatdır, qonaqları salamlayarkən elədiyi zarafatlar ab-havadakı gərginliyi azaltmayıb, söhbət ağır, mətləb qəlizdir çünki, Azərbaycanda neçə illərdən bəri ilk dəfədir, unudulmuş Nəva oxunur...


***


... Əsrin əvvəlləri... Dahi bəstəkarımız Üzeyir Hacıbəyov Azərbaycan musiqisinin gələcək müqəddəratı ilə bağlı tarixi qərarlar verir, Şərqdə ilk operanı yaradır. Mədəni tərəqqinin bayraqdarı sayılan Avropa ilə anlaşıqlı ünsiyyət dilinə keçmək üçün musiqimizə not sistemi gəlir. İnkişaf, irəli sıçrayış qurban tələb edir. Klassik muğam ifaçılığında inqilabi dəyişikliklər baş verir – nota köçürülən səslər arasında yarımpərdələr itir... Üzeyir bəy əmindir ki, ölü səslər - notlar arasında itib-batan yarımpərdələr (rusca – “çetvertton”) muğam alətləri sırasında ən mükəmməli sayılan canlı insan səsində hökmən qorunub qalacaq... Amma dahi sənətkarımız bir vacib məqamı nəzərə almır: mədəniyyətdə böyük itkilər unutqanlıq yaradır. Elə buna görədir ki, Avropaya yaxınlaşdıqca, nəinki musiqimizdən, hətta düşüncəmizdən, münasibətlərimizdən belə yarımpərdələr yoxa çıxır...


***


... Fərqanə Nəva oxuyur... muğamın özü kimi yaddaş da çətin, mürəkkəb yol gedir... Bu musiqidəki xırda işləmələr, ritmlər, simvollar başqadır - qulağımıza yatan 7 lada bənzəmir. Ömrünü Şərq musiqisini öyrənməyə həsr edən Nəva aşiqi - Şamil müəllim (İsmayılov) bu məsuliyyətli çıxışda Fərqanəyə sağ “cinahdan” dayaq verib, çoğur ifaçısı kimi səhnədədir, arxada iki iranlı musiqiçi də var, xanəndənin əsas cəngavərləri sayılan kaman, tar da bütün qüvvələri ilə xidmətdədirlər. Ki, unudulmuş muğamımız bütün gözəlliyi, zənginliyi ilə cilvələnib yaddaşda bərpa olunsun... Nəva hisslərdən də, beyindən də xeyli gərgin iş tələb edir...


***


...Belə bir deyim var, səhv sayılsa belə, maraqlı səslənir; deyirlər, musiqi Hindistanda doğulub, Əfqanıstanda yaşayıb, İranda ölüb!.. Sözgəlişi, bəlkə son mənzil İrandır deyə, bu məkanda musiqiyə özəl münasibət, onu hər qayda-qanunu, ədəb-ərkanıyla qorumaq ənənəsi mövcuddur (yeri gəlmişkən, Segah, Dügah, Çahargah və s. – qədim muğamların farsa çevrilmiş adlarıdır). Nəva muğamını öyrənmək üçün ən qiymətli məxəzin adı da İrandan gəlir: Əbülhəsən Xan İqbal Azər! Hərçənd ustad fars deyil, azərbaycanlıdır; vaxtilə misilsiz səsi sayəsində İran hökmdarı Əhməd şahdan Xan rütbəsi alaraq Təbriz şəhərinin valisi təyin edilib, sonra Səttar xan ona “İqbal Azər ” ləqəbi verib, Arazın bu tayında adı dərsliklərə düşmüş bir çox xanəndələrimiz onun məktəbindən bəhrələniblər, Xan Şuşinski isə adını elə ustadından əxz eləyib... Şübhəsiz ki, klassik xanəndələrimiz Nəva oxuyublar, amma çifayda, əldə lent yazıları yoxdur. Məşhur tarzən Bakıxanovun instrumental model yaratmaqla qədim muğamı mədəniyyətdə qorumaq cəhdi də keçərli olmayıb, zamanın inqilabi dəyişikliklərı fonunda mürəkkəb təbiətli Nəva möhtəşəm musiqi binasının dağıntıları altında qalıb, çətin tanınan muzey eksponatına dönüb, canlı muğam olmaqdan çıxıb... Nəva bu gün də İranda məşhurdur, xanəndə adını qazananlar bir “Nəva imtahanı” verər, sənətdə mövqelərini ifa etdikləri Nəvanın səviyyəsi ilə sübuta yetirərlər. Nəvanı farsca o qədər oxuyarlar ki, artıq Azərbaycan üçün yad görkəmə düşər, daha tanınmaz, unudular...


***


... Fərqanə unudulmuş Nəva Dəstgahını oxuyur. Azərbaycanca oxuyur. Azərbaycanlı kimi oxuyur. İllərdir bu layihədə ona dəstək verən musiqiçiləri ilə dəqiq ritmlər axtarır, muğamın əslinə çatmaq üçün araşdırır, dinləyir, müqayisə edir – ifa etdiyi musiqinin elmini öyrənir, hafizələrdən silinmiş yarımpərdələrin bərpasına cəhd edir. Və neçə illik zəhmət bahasına başa gələn konsertindən pulsuz-parasız, xidməti və əməliylə çıxır... Yaddaşdan iraq düşmüş muğamı yaşatmaq üçün bir-iki ifa azdır, sənətdə mükafatı yalnız fədakarlar qazanar. Belə görünür ki, Fərqanə hələ xeyli Nəvanın nazını çəkəcək, mükəmməl simasını, avazını tapacaq, onu yeni zamana daş abidə kimi deyil, canlı, nəfəs alan əsər kimi qaytarmaq üçün gecə-gündüz düşünməli, çalışmalı olacaq, başladığı işin davamı üçün məsləkdaşlarını axtaracaq, ardıcıllarını yetişdirəcək, oxuduqca oxuyacaq, Nəva ilə yaşayacaq!..


***


Amma ki...12 klassik Muğamdan biri olan Nəvanın Azərbaycana qayıdışı yalnız xanəndənin öhdəsinə düşməz. Axı muğam – adi musiqi deyil, sakral mənaları qavramaq üçün verilmiş kod, vasitə, QAPIDIR...
Kainatın idrakına doğru açılmış qapılar qapanmaz...
Unutmaq – hünər sayılmaz...


Müəllif: Lalə