2 Dekabr 2015 16:47
2 827
12 Punto 14 Punto 16 Punto 18 Punto

2007-ci ildə Bakı Dövlət Universitetinə daxil oldum. Bura ruh yüksəkliyi ilə, yeni arzularla gəldim. I, II kurslarda yazı-pozuyla məşğul olsam da, idmançı görünüşüm həmişə qarşımı kəsirdi. Lakin bu çox uzun çəkmədi.

Ara-sıra çıxan yazılarım diqqətdən qaçmırdı. Dilə, ədəbiyyata olan sevgi hələ orta məktəbdə atamdan keçsə də, universitet müəllimlərim - rəhmətlik İsmayıl Əhmədov, Yaşar Məmmədli, Tofiq Hüseynoğlu məqalələrimi oxuyar və yazmaq səndə alınır deyib məndə elmə həvəs oyadardılar. Amma Tofiq müəllimlə tanışlıqdan sonra hər şey pik nöqtəsinə çatdı. O, məndən yeni-yeni yazılar istəyər, dilə və ədəbiyyata xüsusi həvəs yaradardı. Elə müəlim-şagird doğmalığı da burdan başladı.

İşimin çoxluğuna, yolumun uzaqlığına, mühitin gərginliyinə baxmayaraq yorulmadan yazılar yazırdım. Çətinə düşəndə imdadıma ustad çatar, büdrəyəndə əlimdən tutardı. Bir-birindən maraqlı, mənalı və vüsətli keçən o günlər indi də şirin bir xatirə kimi yada salıram. Yada salıram ki, o gözəl dərslər, məşğələlər, elm və təhsil haqqında maraqlı söhbətlər mənim təxəyyüllümdə böyük dünyaya qapı açdı.

Tofiq müəllim humanizm, mərdlik və nəciblik, müdriklik və həssaslıq kimi aşiqi olduğu əxlaqi fəzilətləri öz tələbələrində, həmçinin məndə də görmək istəyirdi. O, mənim qismimdə tələbələrinin mənəviyyatını həyat eşqi ruhunda kökləməyə çalışırdı. Tez-tez deyərdi: “Gənclik aylı gecələrə bənzər, belə gecələrdə insan yatmaz”. Ustad bunları təlqin etməyə çalışırdı. Müdrik atalar sözləri, dahilərin hikmətli ifadələri, onların həyatından maraqlı hadisələr onun dilindən düşməzdi.

Bir dəfə iş otağına gəlib bizə müraciətlə “Salam, ey yaxşı adamlar” – deyən bir kişinin işinə necə həvəslə kömək etdiyim indi də yadımdadır. Çünki onun müraciətindəki, yaxşı adamlar ifadəsi mənə qədim kitablardakı müraciət formasını xatırlatmışdı. Kişi özü də başdan-ayağa nurlu bir sima, ədəb və mərifət mücəssəməsi idi.

Yadımdadır, yaxın adamları müəllimdən əhvalını soruşanda, adətən, belə cavab verərdi: “Allah deyib durmuşuq”. O, allahsız-insafsız iş tutan adamı görəndə hövsələdən çıxar, qəzəblənərdi. Əlbəttə, ustadla işləmək mənim idealıma uyğun idi. Təkcə mən yox, onun rəhbərliyi altında çalışan işçilər də, Tofiq müəllimin fəaliyyətindən çox razı idilər.

Tofiq müəllim AMEA-nın Dilçilik İnstitutunun direktoru olduğu vaxtlar onunla əlaqə saxlayardım. Ustad kövrək, həssas adam idi. Beləcə, tez-tez onunla görüşər, bəhrələnərdim. Bəli, arzularım böyük, fəaliyyətim geniş idi. Amma sən saydığını say, gör fələk nə sayır. Mənhus əcəl tez tərpəndi! Necə deyərlər, durduğu yerdə ustadı qəflətən yaxaladı...

Müdrik bir kəlamda deyilir: “Ömrün əvvəlində ayrılıq – ölümdür, ömrün sonunda ölüm –ayrılıqdır!” Özü də necə ayrılıq! Birdəfəlik ayrılıq!

Birdən-birə həyat gözümdən düşdü, Molla Pənah Vaqifin “Görmədim” müxəmməsinə bütünlüklə haqq verdim... Hüseyn Cavidin məşhur misrası xəyalımda səsləndikcə, səsləndi: “Nə xəlq olaydı, nə xaliq, nə bu aləm olaydı!”

Ustad, yenə də magistra davam edirəm. İlk gənclik dövründən könül verib sevdiyim işlə məşğulam. O vaxtkı kimi yenə də sevdiyim şairlər, yazıçılar arsındayam, onların ədəbi qəhrəmanları arasındayam.Yenə də sevdiyim dilin –Azərbaycan dilinin ana qucağı kimi isti qucağındayam, onun sevimli mövzularının – isim, sifət, say, əvəzliklərin... sadə və mürəkkəb cümlələrin ... əhatəsindəyəm. Mənə zövq verən, mənə ilham verən, ürəyimi yaşayıb-yaratmaq eşqi ilə dolduran bir aləm...

Bəzən elə bilirəm ki, universitetdəki ustadla keçən aləmdən dünən ayrılmışam. Elə bil dünən idi... Dünən idi... bax beləcə maraq və heyranlıq dolu baxışlarla üz-üzə, göz-gözə durub Azərbaycan dilinin qayda-qanunlarını, incəliklərini şərh etmək, Füzulinin söz möcüzələrindən danışmaq...

Ah, bu anlar bizim üçün necə gözəl, necə unudulmaz anlardır! Elə bil ki, biz nə vaxtdır ki, məhz bu anlar üçün yaşayır və çalışırıq... Adam istəyir ki, bu anlar keçməsin, zaman dayansın:

– Bu saat, bu dəm
Heç yana, heç yerə mən tələsmirəm!

Mən heç vaxt haqqa inamımı itirməmişəm, göylərə asi olmamışam. Bircə indi... Suallar qəlbimi didir. Niyə yaxşı adamlar pis talelərə tuş olurlar? Niyə? Niyə yaxşılıq etdiyin adamlar sonradan sənin üçün yaman adamlara çevrilirlər?

Bilmirəm, M.P.Vaqif bunu “həyatın düsturu” adlandırmışdır. Elə isə nə üçün həyat belə qurulub? Onsuz da sonu ölümdür... Olmazdımı ki “son ucu ölümlü” olan bu şirin dünyada yaxşı adamlar doyunca yaşayaydılar? Olmazdımı ki ustad taqətdən düşənə qədər yaşayaydı? Necə yaxşı olardı!

Nəsimi filmində Nəiminin dediyi kimi: “Gedən cismimdir, ruhum sizinlə qalır” misranın mənasına bürünüb deyirəm, ustad, ruhun şad olsun!


Müəllif: Sərvər Şirin