13 İyun 2014 12:35
1 247
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün dünyanın gözünün Braziliyaya, dünya çempionatına yönəldiyi bir zamanda Türkiyədə yerli futbolsevərləri, xüsusilə “Qalatasaray” azarkeşlərini yaxından maraqlandıran hadisələr yaşanmaqdadır.

Ötən mövsümün gedişatında Fatih Terimi əvəzləyən baş məşqçi Roberto Mançini rəhbərliklə uzun məsləhətləşmələrdən sonra istefa verdi.

İstefanın əsas səbəbi kimi transfer məsələlərində anlaşmazlıqlar göstərilsə də, aydındır ki, həm yerli oyunçuların bəziləri ilə, həm də azarkeşlərlə arası o qədər də yaxşı olmayan Mançininin gedişi labüd idi.
Gəlin, italyan mütəxəssisin klubdan ayrılmasının altında yatan əsas səbəbləri sadalamağa və təhlil eləməyə çalışaq.

-Ard-arda qazanılan çempionluqlardan sonra mövsümü ikinci pillədə bitirmək “Qalatasaray” səviyyəsində bir klub üçün uğursuzluq hesab olunur. Görünür, rəhbərliyin və azarkeşlərin məhz bu mövsümün sonu üçün arzuladıqları 4-cü ulduzun (Türkiyə çempionatında 20-ci dəfə çempion olmaq) qazanılmaması və əzəli rəqib “Fənərbaxça”nın məhz bu futbol ilində çempionluq sayını bərabərləşdirməsi Mançininin gedişinə təsir edən əsas amillərdəndir.

-Komandanın oynadığı futbol da ürəkaçan və ümid verici deyildi. Enişli-yoxuşlu qrafik cızan, bir çox hallarda yersiz xallar itirən və yekunda arada yaranan böyük xal fərqi də italiyan məşqçinin əleyhinə işlədi.

-Mançini “Qalatasaray”la çıxdığı ilk oyundan son oyuna kimi ard-arda cəmi iki oyuna eyni ilk 11-liklə başladı. Qalan bütün oyunlarda heyətdə dəyişiklik eləyən, hər zaman eksperimentlərə meyilli olan məşqçi stabil heyət formalaşdıra bilmədi. Onun xüsusilə oyunun gedişatı zamanı meydandakı taktiki düzülüşləri tez-tez dəyişməsi və oyunçuları alışmadıqları mövqelərdə oynatması da azarkeşlərin və idman ictimaiyyətinin, yumşaq desək, xoşuna gəlmirdi.

-"İnter" və “Mançester Siti”də ulduz oyunçularla işləməyə vərdiş eləmiş və istədiyi zaman istədiyi oyunçunu sərəncamında saxlaya bilən bir məşqçi Türkiyə Super Liqası kimi mütəvazi bir çempionatda və dar büdcəli bir komandada sərbəst hərəkət edə bilmirdi. Üstəlik, legioner limiti, “Qalatasaray”ın UEFA-nın maliyyə kriteriyalarında “ilişməsi” və xəbərdarlıq alması, gələn mövsüm üçün istənilən transferlərin reallaşmamaq ehtimalının yüksək olması Mançinin gedişini labüd edən səbəblərdən idi.
-Azarkeşlərin sevimlisi olan oyunçularla, konkret Səlcuq İnanla yaşadığı problemlər də onu artıq bu kluba könül verən azarkeşlərin gözündən salmışdı. Oyunlarda çox vaxt heç nə ilə yadda qalmayan Ceyhun Gülsalamı davamlı oynatması isə azarkeşlər tərəfindən artıq lağ-lağı və zarafat obyektinə çevrilmişdi.

...Və bütün bu və digər səbəblərin üst-üstə yığılması artıq Mançininin sonunu hazırladı.
Yeni mövsümdən həm Türkiyə birinciliyində, həm də Çempionlar Liqasında daha böyük iddia ilə çıxış eləməyi hədəfləyən komandaya isə kimin baş məşqçi olacağı maraqla gözlənilir. Yerli mətbuata inansaq, rumın mütəxəssis Mirça Luçeskunun şansları daha çoxdur.

Daha əvvəl də “Qalatasaray”da çalışmış Luçesku komandanı Türkiyə çempionu eləmiş, ancaq o vaxtkı rəhbərliklə yaşanan problemlərdən sonra komandanı tərk eləmişdi.

Azarkeşlərin həvəslə gözlədiyi Luçesku xəbərinin təsdiqlənməsinə yalnız bir maneə var, o da Mirçanın hazırda çalışdığı “Şaxtyor”la bir illik müqaviləsinin qalmasıdır.


Müəllif: Zaur Xudiyev