30 Mart 2016 14:31
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəmiyyətin inkişafı üçün iki şeyin – düşüncə və imkanın ahənginə ciddi ehtiyac var. Hətta birincinin çatışmazlığı ikinci – düşüncə sayəsində inkişafa qətiyyən mane olmur. Bizim cəmiyyətdə isə ikincinin çatışmazlığı inkişafın yolunda dayanan nəhəng bir qaya parçası boydadır. Nəinki inkişaf, heç dəyişiklik də yoxdur. Çünki inkişaf hər şeyin mürəkkəbə doğru dəyişməsi ilə yanaşı, həm də sadələşməyə doğru ola bilər.

Məsələn, 2016-cı ildə yaşamaqdansa, qırx il geriyə qayıdıb kitaba və mütaliəyə olan marağı yenidən əvvəlki vəziyyətinə qaytarmaq olar. Amma bunu günorta saat on ikidə prospekt boyu küçə işıqlarının sağlı-sollu hələ də yanılı olan cəmiyyətin yaşadığı ölkədə etmək mümkündürmü? Əslində, mümkündür. Əlbəttə, bununçün dəyişməyə doğru ciddi cəhdlərdə bulunmaq lazımdır. İşıqların gündüzün günorta çağı yanılı olması nəticəsində, məsələn, bir rayonun büdcəsinə bir gündə vurduğu zərəri orta məktəblərin birinci siniflərində şagirdlərdən hər gün iyirmi-otuz qəpikdən yığılan kserokopiya xərclərinə yönləndirmək, yaxud balaca bir qəsəbənin ana yollarının işıqlandırılmasına istiqamətləndirmək olar. Məsələnin əmması budur ki, o işıqları söndürməyən insanlar evlərində də, şəxsi həyatlarında da, restoranda da, toyda-yasda da elə düşüncəsiz və israfçıdırlar.

Bizim cəmiyyətin dünya sivilizasiyasından əqli, mədəni, elmi, ədəbi – ümumiyyətlə hərtərəfli nə qədər biabırçı səviyyədə geri qaldığının fərqinə varmaqçün ikicə nümunə yetərlidir: radiolarda yayımlanan watsapp proqramına gələn səsli mesajları eşitmək və açıq restoranlardakı gödənləri görmək. Hər iki halda imkan var – istər canlı efirdə cəmiyyətçün faydalı çıxışlar etməyə, istərsə də, orqanizminin tələb etdiyi və əlbəttə ki, ağız dadına uyğun qədərdə yemək götürməsinə. Amma hər iki halda bunları etməkçün əsas olanı – düşüncəsi yetmir. İmkanı olan (maddi, zaman, söz) insanın israfçı və düşüncəsiz olması hansısa inkişafa səbəb ola bilərmi? Yox. Bu qətiyyən mümkün deyil. Və məhz bu kütləvi reqressiyalara, cəmiyyətin deqradasiyasına səbəb olur.

Cəmiyyətimizin iliyinə kimi işləmiş bu və bu kimi yüzlərlə düşüncəsiz və israfçı əməllərdən necə xilas olmalı? Bunun üçün 5 müqəddəs mərhələni səbrlə keçməyiniz tələb olunur:

1. Xilas olmağı (inkişaf etməyi) həqiqətən də istəmək;

2. İsrafçı və düşüncəsiz insanlara təsiretmə imkanımız yoxdursa, zaman itirmədən onlardan uzaqlaşmaq;

3. Xilasolmaya doğru dəyişmək, hansı ki, hələ bu inkişaf deyil. Və bu zaman mütləq özündən başlamaq. Evindəki arvadına kitab oxutdura bilməyən, düşük və bayağı yerli televiziya proqramlarının ailənin əqli inkişafı üçün zərərli olduğuna inandırmağı bacarmayan kişinin cəmiyyətə “kitab oxuyun” mesajını verməsi səfehlikdir.

4. Özün dəyişdikcə bu dəyişikliyi sözünkeçən, sözünü dinləyən, təsir edə biləcəyin 1-5 nəfərlik (çox yox!) qrupa (ailə, dost, tələbə və ya iş yoldaşı) ötürmək.

5. Təsir etdiyiniz və dəyişməyi bacardığınız insanların qədrini bilmək, onların özəl və seçilmiş olduqlarını hər fürsətdə hiss etdirmək. Və əlbəttə ki, mikroinkişaflardan, makro, meqainkişaflara doğru dəyişdiyini hiss etməyin ifadəolunmaz yüksək həzzini yaşamaq.


Müəllif: Müşfiq XAN