Prorektor İsa Xəlilov: "Universitetdə hələ bir il öncə Avropa Oyunları ilə əlaqədar maarifləndirmə işləri aparılıb"
Məlum olduğu kimi, iyunun 12-də "Bakı-2015" Birinci Avropa Oyunlarına start veriləcək. Yarışlarda 5000 nəfərədək idmançının iştirakı nəzərdə tutulub. Tədbiri işıqlandırmaq üçün Bakıya 2000 nəfərədək əcnəbi jurnalistin gəlişi gözlənilir.
Avropa Oyunları Əməliyyat Komitəsindən verilən məlumata görə, olimpiya oyunlarına dəstək məqsədi ilə ölkəmizdən 12 min əsas heyətdə, 6 min isə ehtiyat heyətdə olan könüllülərin iştirakı nəzərdə tutulub. Könüllərin əsas tərkibi gənclərdən ibarət olacaq.
Ali təhsil müəssisələrinin tələbələrinin bu tədbirə hazırlığı ilə maraqlandıq. Azərbaycan Texniki Universitetin (ATU) Təlim-tərbiyə işləri üzrə prorektoru İsa Xəlilovla bu barədə danışdıq.
Təbliğata bir il öncədən başladıq
Prorektorun sözlərinə görə, universitetdə tələbələr arasında hələ bir il öncə Avropa oyunları ilə əlaqədar maarifləndirmə işləri aparılıb və bu səbəbdən ATU-da tədbirə dəstək üçün qeydiyyatdan keçmiş könüllü tələbələrin sayı 1000-ə yaxındır: "Universitetimizdə ötən ilin yaz aylarında bir neçə dəfə maarifləndirici tədbirlər keçirildi, Tələbə Gənclər Təşkilatı, Gənclər Fondunun xətti ilə söhbətlər aparıldı və könüllülük proqramının nədən ibarət olduğu tələbələrə izah edildi.
Bu fəaliyyətin nəticəsində tələbələr internet üzərindən aktiv şəkildə qeydiyyatdan keçdilər. Hazırda universitetimizin yüzlərlə könüllü tələbəsi müxtəlif qrupların tərkibinə qatılıblar".
Mərasim könüllüləri rəqs edəcək, əməliyyat könüllüləri xidmət göstərəcək
Prorektor dedi ki, ATU-nun tələbələri əməliyyat və mərasim könüllüləri kimi treninqlərdə iştirak edirlər: "Mərasim könüllüləri olan tələbələrimiz oyunların açılış və bağlanış tədbirinə qatılacaqlar. 150-dən artıq tələbəmiz mərasim tədbirlərində təmsil olunur. Onlar müxtəlif rəqslərlə, bədii əyləncəli proqramlarla öz dəstəklərini göstərəcəklər.
Eləcə də, əməliyyat könüllüləri var ki, qonaqların qarşılanması, bələdçilik edilməsi və digər xidmətlərlə yardım göstərəcəklər. İyun ayının 1-dən sonuna qədər bu prosesdə aktiv iştirak edən əməliyyat könüllülərinin sayı kifayət qədər çoxdur.
Amma aprelin 1-dən iyunun sonunadək tədbirlərdə iştirak edən tələbələrimiz də var ki, onlar say-seçmədir. Ümumilikdə 800-dək tələbəmiz qeydiyyatdan keçib".
Prorektor bildirdi ki, istər olimpiya komplekslərində, istər Heydər Əliyev adına İdman Kompleksində, eləcə də, su oyunları ilə bağlı kompleksdə ATU-nun könüllüləri təmsil olunur: "Onlar üzərilərinə düşən vəzifələri yerinə yetirir, Birinci Avropa Oyunlarının uğurla keçməsi üçün əllərindən gələn heç nəyi əsirgəmirlər".
Tədbirlərdə iştirak tələbələrə təşkilatçılıq xüsusiyyətləri öyrədir
İsa Xəlilov bildirdi ki, tələbələrin sosial fəallığı cəmiyyətdə vətəndaş mövqeyinin möhkəmlənməsində ciddi rol oynayır deyə, universitetdə onlarla gərəkli iş aparılır: "Hər bir tələbənin şəxsiyyət kimi inkişafında onun öz ixtisas sahəsi üzrə bilik alması ilə yanaşı, dünyagörüşünün artırılması da vacib amildir. Bu istiqamətdə universitetdə mütəmadi tədbirlər keçiririk. Belə tədbirlərdə iştirak edən tələbələrə təşkilatçılıq xüsusiyyətləri aşılanır.
Məlumdur ki, Avropa oyunlarında mütəxəssislər də iştirak edəcək. Bu mütəxəssislərlə sıx ünsiyyət tələbələrin formalaşmasına, məlumatlanmasına xeyli müsbət təsir göstərəcək. Biz çalışırıq ki, bu proses tələbələrin dərslərinə heç bir maneçilik yaratmasın. Çünki yay olimpiya oyunları ilə bağlı treninqlərin əksəriyyəti həftəsonuna - altıncı, bazar günlərinə, yaxud dərsdən sonraya təyin olunur. Ona görə də bu işlər tələbələrin dərsə davamiyyətinə ciddi təsir göstərməyib".
Tələbələrimizə oyunlar vaxtı avadanlıqlardan istifadə qaydaları öyrədilir
Memarlıq və İnşaat Universitetinin Təlim-tərbiyə işləri üzrə prorektoru Tofiq Qasımovun sözlərinə görə, proseslərə universitetin tələbələri özləri maraq göstərir, Tələbə Gənclər Təşkilatının xətti ilə mütəmadi şəkildə olimpiya oyunları üzrə mütəxəssislərin tələbələrlə görüşləri keçirilir: "Universitetimizdə tələbələrə Avropa Oyunları zamanı lazım olan avadanlıqlardan istifadə qaydaları öyrədilir. Prorektor dedi ki, Memarlıq və İnşaat Universitetində də qeydiyyatdan keçən könüllü tələbələrin sayı 700-800 civarındadır.
Sevil Hilalqızı