9 May 2015 20:30
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

100 min turist gələcək

Bakıda keçiriləcək “Bakı-2015" I Avropa Oyunlarına hazırlıq davam edir. Vaxt azaldıqca müxtəlif sahələrdə işlərin yekunlaşması lazım gəlir. Ölkəmizə təşrif buyurası xarici turistlərə yüksək xidmət göstərilməli olduğunu nəzərə alaraq Mədəniyyət Nazirliyinin otellərdə apardığı monitorinq işləri başa çatıb.

Otellər turistləri qəbul etməyə hazırdır

Mədəniyyət və Turizm Nazirliyi Turizm İdarəsi rəisinin müavini Vüqar Şıxməmmədovun sözlərinə görə, Bakı şəhərində fəaliyyət göstərən bütün mehmanxanalar oyunlar zamanı gələcək turistləri qəbul etməyə hazırdır: “Aparılan monitorinqlər artıq başa çatıb. Xidmət sahəsində yaranan qısa problemlər, nöqsanlar aşkarlanaraq aradan qaldırılıb.

Oyunlar zamanı ölkəyə gələn qonaqlar potensial turist rolunu oynayacaq. Respublikada fəaliyyət göstərən turizm şirkətlərinə isə tapşırılıb ki, gələn qonaqları ölkəmizlə tanış etmək məqsədi ilə maraqlı turpaketlər təşkil etsinlər. Nazirlik turistlərin müraciət edəcəkləri əyləncə mərkəzlərində xidmət səviyyəsini yoxlamaq üçün monitorinqlər aparıb".

Vüqar Şıxməmmədov qeyd edib ki, paytaxtda fəaliyyət göstərən muzey və qoruqların iş saatı gecə 12:00-a qədər uzadılacaq. Bazar ertəsi istisna olmaqla, hər gün tamaşalar sərgilənəcək. Dövlət Musiqili Teatrı, Akademik Milli Dram Teatrı, Dövlət Gənc Tamaşaçılar Teatrı və Rus Dram Teatrında tamaşalar ingilis dilində sinxron tərcümə ilə nümayiş etdiriləcək.

İlkin hesablamalara görə, təkcə paytaxtın otel və mehmanxanalarında 30 minə qədər yer təşkil olunub.

Milli yeməklər və eksklüziv içkilər

I Avropa Oyunlarına hazırlığın səviyyəsini öyrənmək üçün bir neçə otellə əlaqə saxladıq.

“New Baku Hoteli”-in direktoru Ceyhun Aşurovun sözlərinə görə, onlar I Avropa Oyunlarına hazırlığı başa çatdırıblar: “Bu, əslində gözəl şansdır, biz idman oyunları ilə yanaşı həm də öz turizm imkanlarımızı xarici ölkə təmsilçilərinə göstərəcəyik. Paytaxta gələn qonaqların hamısı idmançı deyil. Bizim də məqsədimiz odur ki, qonaqlara yüksək səviyyəli xidmət göstərək. Onlar da öz ölkələrinə qayıdarkən ailələrinə, dostlarına pozitiv təəssüratlarını çatdırsınlar, bir növ bizim təbliğatçılarımız olsunlar.

Bizim otelin menyularında milli mətbəximizin yeməkləri də daxil edilib. Otelimizdə müsafirlərə İsveç masa təklif olunur. Amma indi səhər yeməyinə bal, qaymaq əlavə etdik. Axşam yeməyində milli mətbəximizə aid dolma, plov, kabab növləri, saçiçi və digər milli xörəkləri təklif edirik. Otelimizdə təqdim olunan musiqilər arasında milli musiqilər də olacaq".

Ceyhun Aşurov bildirib ki, turistlər artıq internet üzərindən qeydiyyatdan keçiblər: “Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsidən (BAOƏK) hələ qeydiyyat almasaq da, internet üzərindən xarici qonaqlar otelimizdə qalmaq üçün qeydiyyatdan keçiblər”.

“JW Marriott Absheron Baku” otelindən bildiriblər ki, Avropa Oyunlarına böyük maraq və məsuliyyətlə hazırlaşırlar: “Neçə vaxtdır hamının həvəslə, şövqlə gözlədiyi böyük miqyaslı tədbir və tarixi hadisə olan Avropa Oyunlarına hazırlığın məsuliyyətini biz də bölüşürük. Fəxr edirik ki, ölkəmiz üçün ciddi əhəmiyyət kəsb edən bu əlamətdar layihədə bizim də iştirak payımız olacaq. Artıq bütün restoranlarımızı istifadəyə vermişik. Onların yeni dizayn və üslubla şəhərimizə təşrif buyuran qonaqların zövqünü oxşayacağına əminik. Onlar bizim 5 yeni restoranımızda yerli və Avropa mətbəxlərindən olan dadlı təamların və eksklüziv içkilərin dadına baxa biləcəklər.

Biz qonaqlarımızın məmnunluğunu qoruyub saxlamaq üçün daim işçilərimizə müvafiq sahədə treninqlər keçir, onlara qonaqpərvərlik sahəsinin incə detallarını öyrədirik. “JW Marriott Absheron Baku” olaraq həmişəki kimi, bu layihədə də üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirəcəyimizə əminik".

“Bu, bizim gündəlik işimizdir”

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayevin sözlərinə görə, I Avropa Oyunları ilə əlaqədar otel və restoranlarda qida standartlarına nəzarətlə bağlı işin həcmi artıb: “Komitənin fəaliyyətinin əsas istiqamətlərindən biri məhz otel və restoranlarda qidaların standartlara uyğun olub-olmamasına nəzarət etməkdən ibarətdir. Biz bu işləri mütəmadi görürük. O demək deyil ki, bu il Azərbaycanda Avropa Oyunları keçiriləcək deyə bu sahədə fəaliyyəti gücləndirmişik. Bu, bizim gündəlik işimizdir”.

Yeni turistlərin ölkəyə cəlbinə şərait yaranacaq

Turizm eksperti Eldar Aslanovun sözlərinə görə, I Avropa Oyunları yeni turistlərin ölkəyə cəlb olunmasında baza rolunu oynayacaq: “Bu cür tədbirlər turist cəlbetmə tədbirləri adlandırılır. Avropa Oyunları təbii ki, turizm sektorunda Azərbaycanın təqdimatı və təbliğatında mühüm fürsət sayılır, bu sahənin inkişafına ciddi təkan verəcəyi qaçılmazdır. I Avropa Oyunlarının hazırlıq səviyyəsinin yüksək təşkil olunub və bu oyunlar Azərbaycanı bütün dünyada tanıdacaq”.

Eldar Aslanov deyir ki, oyunlar müddətində turist axını Azərbaycan iqtisadiyyatına yönəldilən vəsaitlərin həcminin artmasına səbəb olacaq: “Turizmdən əldə olan gəlirlər barədə dəqiq rəqəmlər hesablamalar bitəndən sonra bilinəcək.

2010-2014-ci illəri müqayisə etsək Azərbaycan turizmində kifayət qədər inkişaf var. Məsələn, 2010-cu ildə Azərbaycanda 300 otel vardısa, indi 535 otel fəaliyyət göstərir. Gələn turistlərin sayı təxminən 1.5 milyon idisə, indi 2.5 milyondur. Turizmdən əldə olunan gəlir yarım milyard idisə, indi 2 milyard 440 milyon ümumi turizm dövriyyəsi var. Oyunlar zamanı 100 mindən çox turistin ölkəyə gəlişi gözlənilir".


İlhamə


Müəllif:

Oxşar xəbərlər