I Avropa Oyunlarına sayılı günlər qalır. Yarışların keçiriləcəyi məkanlardan biri də Bilgəh çimərliyi olacaq. Həmin məkanla yaxından tanış olmaq üçün deyilən ünvana yollandıq. Burada ilk Avropa Oyunlarının triatlon və şosse velosipedi idmanı üzrə yarışlar təşkil olunacaq.
Bakıdan avtomobillə 30 dəqiqəlik məsafədə Zaqulba şossesinin yaxınlığında yerləşən Bilgəh çimərliyinin yarışların keçiriləcəyi hissəsində hazırlıq işləri artıq yekunlaşmaq üzrədir. Dənizdə və sahil hissədə bütün işlər yüksək səviyyədə həyata keçirilir. Ərazidə tamaşaçılar və media nümayəndələrinin fəaliyyəti üçün oturacaqlar quraşdırılıb.
Qeyd edək ki, triatlon yarışları 13-14 iyun, şosse velosipedi idmanı üzrə zamana görə yarışlar isə 18 iyun tarixlərində baş tutacaq.
Suda üzmək və velosipedlə hərəkət
I Avropa Oyunlarının Bilgəh çimərliyi idman meydançasının əməliyyatlar üzrə baş meneceri Ayxan Məmmədovun sözlərinə görə, meydança 500 azarkeş tutumuna malikdir: "Hazırda çimərlik təmizlənir, beynəlxalq standartlara uyğun olaraq su lazımi keyfiyyətə çatdırılır. İşlər yekunlaşmaq üzrədir. Buraya metronun "Koroğlu" stansiyasından "ekspress avtobuslar" pulsuz işləyəcək. Jurnalistlərin yüksək səviyyədə fəaliyyəti üçün də lazımi şərait yaradılıb. Ərazidə media tribunalar quraşdırılıb. Media nümayəndələri və yayım mərkəzi sürətli internetlə təmin olunacaq".
Ayxan Məmmədov deyir ki, Avropanın 36 ölkəsinin idmançıları triatlon yarışlarında iştirak edəcək: "Üç mərhələdən ibarət olan triatlon yarışının birinci hissəsində iştirakçılar suda qüvvələrini sınayacaqlar. Triatlonçular əvvəlcə 1.5 km məsafə üzməli olacaqlar.
Suda üzdükdən sonra yarışçılar velosipedlə hərəkət edəcəklər. 14 kilometr məsafəni iki təkərli nəqliyyatla qət edəcək iştirakçılar ən sonda ayaqlarını işə salmalı olacaqlar. İdmançılar 3-cü mərhələdə 10 kilometr məsafəni qaçaraq başa vuracaqlar".
60 qadın və 60 kişi triatlonçu
Daha sonra "Bakı-2015" I Avropa Oyunlarının triatlon idman növünün baş meneceri Lukas Matis son tamamlama işləri ilə bağlı daha jurnalistlərə məlumat verib.
Lukas Matisin sözlərinə görə, idmançılar 1500 metr məsafəni üzərək, 40 kilometrlik məsafəni velosipedlə, 10 kilometr məsafəni isə qaçaraq qət edəcəklər: "Atletlərin çoxu iyunun 8-9-da gələcəklər. Onlar Atletlər kəndində yerləşdiriləcəklər. İyunun 13-də qadınlar, 14-də isə kişilər yarışacaqlar. 60 qadın və 60 kişi triatlonçu olacaq.
İdman obyekti yarışçıları qəbul etməyə hazırdır. Oyunlara 2 həftə vaxt qalıb. Həmin günlər yaxınlaşdıqca işlər daha da gərginləşir. Yaxın bir neçə gündə çimərlik yarışlar üçün tam hazır vəziyyətə gətiriləcək.
İndi çimərlikdə qum və suyun daşlardan təmizlənməsi prosesi baş çatmaq üzrədir. Qadınların mübarizəsi iyunun 13-nə, kişilərin isə iyunun 14-nə nəzərdə tutulub. Qaliblər Birinci Avropa Oyunlarının çempionu adını qazanmaqla yanaşı, təmsil etdiyi milli olimpiya komitəsinin 2016-cı il Rio de Janyero Yay Olimpiya Oyunlarında iştirakını təmin etmiş olacaq".
Məlumat üçün bildirək ki, idman obyektinin ətrafında olan özəl istirahət mərkəzlərinin, otellərin fəaliyyətlərini davam etdirəcək. Çimərlik ərazisində avtomobilləri saxlamaq üçün dayanacaq da ayrılıb.
Triatlonun yaranma tarixi
Triatlonun yaranması və idmançılar haqqında oxucularımıza məlumat çatdırırıq.
Triatlon yunanca "3 idman növü" deməkdir. Adından da göründüyü kimi, bu idman özündə 3 növü - qaçış, velosiped və üzgüçülüyü birləşdirir.
Triatlon idmanı ilk dəfə Fransada 1920-ci ildə sınaqdan keçirilib. Birinci qeydə alınan triatlon yarışları 1974-cü ildə Amerikanın San Dieqo şəhərində baş tutub. Bu yarışlar standart trek təlimlərinə alternativ olaraq, yerli trek və sahə klubları tərəfindən təşkil olunub. Həmin yarışda 50-dən az idmançı iştirak edib, lakin kiçik başlanğıcdan sonra ötən 40 il ərzində bu idman növü çox geniş yayılıb.
1989-cu ildə Beynəlxalq Triatlon Federasiyası yaranıb.
İdmançı ilk əvvəl 3.8 km məsafəni üzür, sonra 180 km-i velosipedlə qət edir və 42.195 km-i qaçır. Supertriatlon da var. Buraya 5 km üzgüçülük, 250 km velosipedlə qət etmə və 50 km qaçış daxildir.
Bu idman növü 2000-ci ildən etibarən Olimpiya oyunlarına daxil edilib. Ümumdünya Triatlon İttifaqının (ÜTİ) mənzil-qərargahı Kanadada yerləşir.
Bu yarışın üç elementi arasında sərf olunan vaxt idmançının uğurunu müəyyənləşdirən əsas amildir. Velosipedlərini götürməyə və ya qaçış ayaqqabılarını geymək üçün idmançının sərf etdiyi vaxt qızıl və ya gümüş medal arasındakı fərqə bərabər ola bilər.
Yaradılan yeni federasiya
2013-cü il sentyabrın ilk günlərində Azərbaycanda yeni federasiyanın yaradıldığı elan edilib. Bu barədə İlk Avropa Oyunları ilə bağlı mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov məlumat verib. O bildirib ki, Azərbaycan Triatlon Federasiyası artıq fəaliyyətə başlayıb və beynəlxalq federasiyalarda da qeydiyyatdan keçib.
Onu da qeyd edək ki, Triatlon Federasiyasi Azərbaycan gənclər və idman naziri (AGİN) Azad Rəhimov və Milli Olimpiya Komitəsinin (MOK) təşəbbüsü ilə yaradılıb. Federasiyanın ölkəmizdə təqdimatı zamanı Avropa Triatlon Federasiyasının prezidenti Renato Bertrandi və Beynəlxalq Triatlon Federasiyasının nümayəndələri iştirak ediblər. Avropa Triatlon İttifaqı (ATİ) ilə də əlaqələr qurulub. Bu qurumun da prezidenti olan Bertrandi artıq 2 dəfə Bakıya gəlib.
Qeyd edək ki, Azərbaycan Triatlon Federasiyasının idarə heyətinin sədri Azər Məhərrəmovdur.
Forma və ən məşhur velosiped firması
I Avropa Oyunları üçün Azərbaycan Triatlon Federasiyası dünya şöhrətli "Airstream" firmasının velosipedlərini sifariş verib. "Airstream" triatlon sahəsində ən öndə gedən firmalardandır. Azərbaycan Triatlon Federasiyası yığma komandanın rəsmi geyim formasını da müəyyənləşdirib. Geyim Azərbaycan milli bayrağının rənglərini əks etdirir və bu idman növünün bütün nüansları, eləcə də, atletlərin istəkləri nəzərə alınmaqla hazırlanıb.
İdmançıların nəticələri
2014-cü il fevralın sonlarında Azərbaycanın Triatlon üzrə yığmasının üzvü Rostislav Pevstov Çində keçirilən mötəbər Asiya Kubokunda üzləri güldürüb. 1500 metrlik su məsafəsini idmançı 19 dəqiqə 7 saniyəyə başa vurub. Ardınca isə velodistansiyanı 56 dəqiqə 56 saniyəyə qət edib. Nəhayət, yarışların son mərhələsi - qaçış zolağını 31 dəqiqə 1 saniyə nəticəsilə bitirib.
Ümumi hesablamada Pevtsov 1 saat 48 dəqiqə 41 saniyəylə ikinci yeri tutub.
İlhamə Əbülfət