5 İyun 2015 11:53
2 091
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyun ayının 12-də "Bakı-2015" İlk Avropa Oyunlarına start veriləcək. İyunun 28-nə kimi davam edəcək Avropa Oyunlarında on altısı olimpiya və dördü qeyri-olimpiya olmaqla, cəmi 20 idman növü təmsil olunacaq. Sənət adamları da yarışları yaxından izləyənlər arasında olacaqlar. Belə ki, onların bəziləri bu yarışların Ulduz Elçisi, bəziləri məşəl daşıyıcısı olublar. Bəs görəsən, onların idmana marağı necədir? İdman həyatlarında hansı yerdə qərarlaşır?

"İdman etməyəndə bədənim ağrayır"

Xalq artisti Mənsum İbrahimov: "Mənim futbola marağım var. "Qarabağ" komandasına azarkeşlik edirəm. Beynəlxalq arenada bu adın daha çox səslənməsini istəyirəm. Çünki bizə bu gün qələbə lazımdır. Avropa Oyunlarında futbol yarışı yoxdur, amma çox maraqlı idman növləri var ki, izləmək, idmançılarımızı dəstəkləmək lazımdır. İdmançılar bayrağımızı ucaldanda çox sevinirəm. Ölkəmi layiqincə təmsil edən bütün idmançılar mənə əzizdir. Onların hamısına Avropa Oyunlarında uğurlar arzu edirəm".

Xalq artisti Həmidə Ömərova: "İdmanla aram çox yaxşıdır. Mən hər səhər bir saat Nitşe sistemi ilə idman edirəm. Və bu sistemi hamıya məsləhət görürəm. Burada yoqa elementləri də var, amma bu sistem sağlamlıq haqda çox gözəl, dolğun sistemdir".

Xalq artisti Sənubər İsgəndərli: "Formada qalmaq üçün idman edirəm. Həftədə üç dəfə üzgüçülüyə, trenajora gedirəm. 1990-cı ildən bu yana idmanla məşğul oluram. İdman etməyəndə bədənim ağrayır".

"Evimin yarısı trenajorlardır"

Əməkdar artisti Kəmalə Müzəffər: "Deyim ki, özümə cavan qalmaq üçün çox qulluq edirəm, doğru olmaz. Sadəcə, iki şeyi mütləq edirəm, dieta saxlayıram və idman edirəm. Ekranda daha gözəl görünmək üçün hər vəchlə çəkimi normada saxlamağa çalışıram. Məni tanıyan insanlar bilirlər ki, çəkimin artmamasına görə günlərlə ac qala bilərəm. Sənətimə görə çox əziyyətlər çəkirəm".

Xalq artisti Firəngiz Mütəllimova: "Mən idmanı çox sevirəm. Beyin əməliyyatından sonra idmana bir az ara vermişəm. Həkim hansı idman növünə icazə verirsə, ancaq onunla məşğul oluram. Evimə gələnlər bilirlər ki, evimin yarısı trenajorlardır. İdman zallarına getməyə vaxtım olmadığına görə boş vaxtlarımda evdə idmanla məşğul oluram. Elə buna görə də formada qalıram. Ümumiyyətlə, aktrisalar üçün idman çox vacibdir. Bizə formada qalmağa yardımçı olur".

"Özüm də idmançıyam"

Aparıcı Kamilə Babayeva: "Mən su idman növlərini çox sevirəm. O yarışları izləmək çox maraqlıdır. Amma hesab edirəm ki, hər birimiz tamaşaçı kimi Avropa Oyunlarında yaxından iştirak etməliyik. Bu oyunlarda müxtəlif idman növləri cəm olub. Məncə, Avropa Oyunlarında təmsil olunan bütün idman növləri üzrə yarışları izləmək lazımdır".

Xalq artisti Samir Cəfərov: "Özüm idmançıyam. Vaxtilə futbol, kikboksinqlə məşğul olmuşam. Amma iş elə gətirdi ki, musiqini seçəsi oldum. İdmançılara ürəkdən uğurlar diləyirəm. Hər bir ölkədə Azərbaycan bayrağı birinci olanda, yüksəklərdə dalğalananda, himnimiz səslənəndə daha qürurverici olur. Mən Avropa Oyunlarında himnimizin tez-tez səslənməsini arzu edirəm. Yarışları izləyəcəm".

"Atıcılığı sevmişəm"

Avropa Oyunlarında atıcılıq idman növü üzrə Ulduz Elçi olan Tünzalə Ağayeva: "Sevinirəm ki, qismətimə Avropa Oyunalrında məhz atıcılıq idman növü üzrə Ulduz Elçi olmaq düşdü. Çünki doğrudan da, idmanın bu növünü həmişə sevmişəm, maraq göstərmişəm. Qəribə səslənsə də, deməliyəm ki, doğrudan da, mən idmanın bu növünü həmişə sevmişəm, maraq göstərmişəm. Bu idman növündən danışarkən ilk növbədə gözümüz önünə atıcılıq üzrə olimpiya və dünya çempionu Zemfira Meftahətdinova gəlir. Mən onu şəxsən tanıyıram və aramızda dostluq münasibətləri var. Biz bir-birimizin uğurlarına sevinən insanlarıq və onun hər qələbəsinə görə qürur duyuram. Ölkəmizdə keçiriləcək Avropa Oyunları bir daha mənə fürsət yaratdı ki, bu idman növü ilə daha yaxından tanış olum. Eyni zamanda, öz tamaşaçılarımı bu idman növünə həvəsləndirim, onlara bir çağırış edim. İdman həm də sağlamlıq, faydalı həyat tərzi, hər zaman formada qalmaq deməkdir. Bu mənada, mən də çağırış edirəm, yaxınlarıma, dostlarıma, onların ailəsinə, eyni zamanda, sevənlərimə, bütün insanlara ki, gəlib Avropa Oyunlarına tamaşa etsinlər, həzz yaşasınlar".

İdman növlərini çox sevdiyini bildirən müğənni Vasif Məhərrəmli bir vaxtlar güləşlə məşğul olduğunu deyib: "Mən 10 il güləşlə məşğul olmuşam. Güləşlə yanaşı, futbol da oynayırdım. İdmançılarımıza uğurlar arzulayıram və qələbə gözləyirəm".

"Karateyə getməyə icazə vermədilər"

Müğənni Samira Allahverdiyeva: "Uşaqlıqda karate ilə məşğul olmaq istəyirdim, amma evdən icazə vermədilər. Bir müddət Eduard Məmmədovdan boks dərsləri almışam. İndi aerobika ilə məşğul oluram. Qaçmağı sevirəm. Ailəmizdə idmana hər zaman sevgi olub. Atam vaxtilə idmanla məşğul olub, xarici ölkədə yaşayan qardaşım xokkeylə məşğuldur. Oğlum taekvando ilə məşğul olur, amma o qədər də həvəs göstərmir".

Xalq artisti Aygün Bayramova: "İdmanı və idman növləri üzrə keçirilən yarışları izləməyi çox sevirəm. Tez-tez idman kanalı ilə yarışları izləyirəm. Avropa Oyunlarında bütün oyunlara baxmağa gedə bilməsəm də, əksəriyyətinə gedəcəm. Basketbol, voleybol oyununu çox sevirəm, bununla yanaşı, güləş, boks idman növünə də marağım var".

"Velosipedim var"

Velosiped idman növü üzrə Avropa Oyunlarının Ulduz Elçisi olan aparıcı, şoumen İlkin Həsəni: "Hər bir insan idmanla məşğul olmalıdır. İdman bədəni sağlam və formada saxlayır. Velosiped idmanı üzrə Elçi olacağımı biləndə çox sevindim. Velosiped sürməyə xüsusi marağım var. Artıq üç ilə yaxındır ki, mənim də velosipedim var. Havalar isti, küləksiz olanda velosiped sürən dostlarımı başıma yığıb gecələr yürüşlər edirik. Velosiped sürmək bədənin sağlamlığına xidmət edir. Bütün hallarda isə bu, elə bir idman növüdür ki, onunla məşğul olarkən həm böyük zövq alırsan, həm də idman edirsən".

Müğənni Abbas Bağırov: "İdmanı çox sevirəm. Avropa Oyunlarında marağımda olan yarışmaları yaxından izləyəcəm. Bunlara üzgüçülük, atletika idman növləri, eləcə də, cüdo daxildir".

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər