9 İyun 2015 14:54
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avropa Oyunları ilk dəfə Azərbaycanda keçirilir. Azərbaycan tarixdə qalacaq böyük bir hadisəyə, Avropanın həyatındakı ən mühüm idman yarışlarından birinə imza atır. Artıq bunun siyasi və tarixi əhəmiyyəti ortadadır. Azərbaycan yeni müstəqillik qazanmış, demokratiya yolunda təzə irəliləyən gənc ölkədir. Avropanın oturuşmuş, tarixi demokratiyası, müstəqillik keçmişi olan ölkələri var. Onları qabaqlayaraq, belə bir tədbirin keçirilməsi Azərbaycana həvalə olunursa, bu ölkəmizin dünyada, konkret olaraq Avropada artan nüfuzunun, gücünün ifadəsidir, təsdiqidir".

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisinin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü, deputat Rafael Hüseynov Bakıda keçiriləcək I Avropa Oyunlarının əhəmiyyətindən danışarkən qeyd edib.

R.Hüseynov bildirib ki, siyasi düşərgəsindən, təmsil olunduğu sosial təbəqədən asılı olmayaraq, hər bir azərbaycanlı I Avropa Oyunlarının Bakıda keçirilməsinə görə, mütləq mənada sevinməlidir: "Bu, böyük bir hadisədir. Məsələn, Bakıda Avrovision musiqi yarışması keçiriləndə onun əks-sədasını xarici ölkələrdə müxtəlif səfərlərim zamanı gördüm və çox sevindim. Avrovision yarışması sayəsində xaricdə Azərbaycanı tanıyan, ona rəğbət bəsləyən ölkə və insanların sayı birə-on artdı. Niyə müxtəlif qüvvələr həm Avrovision yarışması, həm də Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı təxribat törətməyə, bu yarışların əhəmiyyətini kölgə altına almağa çalışırlar? Çünki bilirlər ki, bu, Azərbaycanın özünütəsdiq yolundakı böyük bir hadisədir. Azərbaycanın dünyada tanınması, ölkəmizin mütərəqqi, çox sürətlə inkişaf edən bir ölkə kimi təsəvvürlərdə oturuşması üçün mühüm hadisədir. Bizi istəməyən qüvvələr, əlbəttə ki, bunu arzulamırlar və buna qarşı çıxırlar. Amma bütün maneələrə, çətinliklərə, qurulan tələlərə baxmayaraq, Azərbaycan dövlətinin yüksək təşkilatçılığı, əzmi sayəsində Avrovision yarışması ali səviyyədə keçirildi və orada qazanılmış təcrübə Avropa Oyunlarına hazırlıqda özünü qabarıq formada nümayiş etdirməkdədir. Mən arxada qalan 10 il ərzində dünyanın bir sıra ölkəsində beynəlxalq yarışlara hazırlığın, təşkilatçılığının şahidi olmuşam. Azərbaycanda Avropa Oyunları ilə bağlı aparılan hazırlıq işləri, təşkilatçılıq ən yüksək tərifə layiqdir. Azərbaycan qısa müddət ərzində hazırlıqları, idman qurğularını həm estetik, həm də funksional baxımdan yüksək səviyyədə reallaşdırdı. Bu müddət ərzində böhtanları görürdünüz, filan yer çökür, filan yerdə çat əmələ gəlir və s. deyirdilər. Müxtəlif böhtanlar, qarayaxmalar olurdu. Bunun özü bir göstəricidir. Azərbaycan və Azərbaycan vətəndaşı hər zaman hazır olmalıdır. Bizi istəyən, bizə rəğbət bəsləyən qüvvələr varsa, bizim uğurlarımızı gözü götürməyənlər də az deyil. Ona görə də biz bir olmalıyıq".

Millət vəkili əlavə edib ki, ümumimilli, ümumvətən, ümumdövlət məsələlərində həmrəyliyimizi qorumalıyıq: "Çalışmalıyıq ki, Azərbaycanımızın boyu bir az da ucalsın. Azərbaycanın boyu nə qədər ucalarsa, müxalifətin, iqtidarın, bitərəflərin, hər bir vətəndaşın da boyu ucalacaq. Bu halda xaricdə də bizə hörmət edəcəklər. Ölkədən kənara çıxanda da məhz azərbaycanlı olduğumuz üçün bizə sayğı göstərəcəklər. Avropa Oyunları Azərbaycanın öz tarixində imza atdığı son dərəcə böyük tarixi hadisədir və əlbəttə ki, hər bir azərbaycanlı üçün bir mənəviyyat hadisəsidir".

Ayxan


Müəllif:

Oxşar xəbərlər