10 İyun 2015 11:07
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əhməd Oruc: “İstərdim ki, milli məsələlərdə hakimiyyət müxalifətə inansın və güvənsin”

Hesab edirəm ki, İlk Avropa Oyunlarının keçirilməsi iqtisadi cəhətdən müəyyən problemlər yaratsa da, bu Azərbaycanı Avropa ölkələri sırasında göstərməyə bir cəhddir”. Bunu Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib. Onun sözlərinə görə, ölkəmiz bu tədbiri uğurla keçirməklə Avropa miqyaslı ciddi tədbirlərə ev sahibliyi edə bilən bir dövlət imici qazana bilər, yəni risk boşuna deyil, bunun bir dividendi də var:

“Mən qürur duyuram, sevinirəm ki, oyunların təşkil edilməsində gənclərimiz könüllü iştirak edirlər. Həqiqətdə təşkil edilmiş olsa da, bu hərəkata sidqi ürəkdən, vətənini sevərək qoşulan gənclər də var. Mən həmin gəncləri milli şurun inkişafı istiqamətində cücərtilər hesab edirəm”.

Hakimiyyət-müxalifət dialoquna toxunan partiya sədri deyib ki, 20 ildir hakimiyyətlə müxalifət məsafədə duraraq bir-birinə qarşı ağır ittihamlar irəli sürür, hətta olmayan şeyləri də bir-birinin ünvanına səsləndirir, gözdənsalma siyasəti yürüdürlər:

“Bunun nəticəsində biz 20 ildə bir qarış da irəli gedə bilmədik. Əksinə, cəmiyyətin inkişaf etməsi üçün lazım olan dəyərlərin olanlarını da itirdik. Hazırki şəraitdə biz sivil dövlət qurmaq istəyiriksə, bu siyasi dialoqdan keçməlidir, biz nəyə görə hansısa avropalı vasitəçinin təkidi ilə oturub danışmalıyıq, gəlin özümüz qarşı-qarşıya oturub danışaq. Siyasi hakimiyyətlə yuxarıda qeyd etdiyim intellektual potensiyalı olan insanlar bir araya gəlsin və vəziyyətdən çıxış yolları araşdırılsın. Mən buna ötən 20 ildəki səhv prosesin alternativ prosesi kimi baxıram. Bəzən deyirlər nəticəsi olmayan dialoqu sürdürməyin nə mənası var? Mən buna cavab olaraq deyirəm ki, biz bu dialoqu pozub getsək belə, biz yenidən bu dialoqa qayıdacağıqsa, bunu niya pozaq? Düzdür, müxalifətin bir qismi deyir ki, bu dialoqdan yalnız hakimiyyət yararlanır, görüntü yaradır. Amma bunlar olsa belə, bizim alternativ yolumuz yoxdur. Çünki alternativ iflasa uğradığımız 20 ildə sürdürülən siyasətdir. Biz istəyirik ki, hakimiyyət və müxalifət müstəqil olaraq bir masa arxasında əyləşib dövlətin, millətin və cəmiyyətin problemlərini çözsün. Milli Şura, Müsavat və ya AXCP israrlı mitinqlər keçirirlər və sonda qətnamə qəbul edilir. O qətnamə yəqin ki, hakimiyyətə ünvanlanır, elə o qətnaməni gətirib bir masa arxasında hakimiyyətlə müzakirə etsinlər və dərhal cavab alsınlar, bu ən rahat variantdı. Mütləq deyil ki, bunu “Məhsul” stadionundan deyəsən və cavab gözləyəsən. Danışıq masası arxasında tələbləri irəli sürüb və dərhal da hakimiyyətin arqumentlərini dinləmək bizcə,daha səmərəli metoddur. Bizim hakimiyyət-müxalifət münasibətinə baxışımız bundan ibarətdir və mən bu prosesi Azərbaycan cəmiyyətinin sivilləşməsinə doğru atılan addım hesab edirik. Çünki hakimiyyət və müxalifətin bir-birini inkar etməsindən yalnız Azərbaycan cəmiyyəti itrir, düşmənlərimiz isə qazanır. Mən istərdim ki, milli məsələlərdə hakimiyyət müxalifətə inansın və güvənsin”.

Partiya sədri sonda qeyd edib ki, İlk Avropa Oyunlar ərəfəsində olmasa da, hakimiyyət seçki öncəsi ya aministiya, ya da əfv fərmanı ilə məhbus məsələsinə son verə bilər.

Cavidan


Müəllif:

Oxşar xəbərlər