İyunun 10-da “Bakı-2015” birinci Avropa Oyunlarının Media Kəndində yerli və əcnəbi jurnalistlər üçün əyləncəli gecə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, 800-dən artıq jurnalistin qatıldığı tədbirdə Azərbaycanın milli musiqi aləti olan tarın və Avropa musiqi alətlərinin ifasında səsləndirilən könül oxşayan musiqi parçaları xarici jurnalistlər tərəfindən hərarətli alqışlarla qarşılanıb.
“Bakı-2015” Əməliyyat Komitəsinin mətbuat əməliyyatları şöbəsinin direktoru Ceyn Pirs birinci Avropa Oyunlarını işıqlandıracaq jurnalistləri salamlayaraq onlara uğurlar arzulayıb.
Gecədə Azərbaycanın milli musiqiləri, o cümlədən “Sarı gəlin” və digər mahnılar səsləndirilib.
Tədbirdə maraqlı məqamlardan biri də yerli və xarici jurnalistlərin “Yallı” rəqsini birgə ifa etmələri olub.
Sonra əyləncə gecəsi öz ahəngi ilə davam edib.