“Bakı-2015" Birinci Avropa Oyunlarının Ulduz Elçisi Bəhram Bağırzadə oyunları yaxından izləyir. Hətta azərkeşlik sevdası onu səsindən məhrum edib. Səsi batan Ulduz Elçi ”Gündəlik Teleqraf"a müsahibəsində ölkəmizdə keçirilən Avropa Oyunlarının möhtəşəmliyindən, onun dövlətimizə xeyrindən danışıb.
- Çoxdan gözlənilən Avropa Oyunlarına start verdik. Artıq altı günü arxada qoymuşuq. Bu günlər ərzində çoxlu medallar qazandıq. Yarışları yaxından izləyən biri kimi təəssüratlarınızı, arzularınızı bilmək istərdim.
- Doğru qeyd etdiniz, Birinci Avropa Oyunları başladı və ilk gündən idmançılarımızın qazandığı medallar üzümüzü güldürdü. Çox möhtəşəm açılış mərasimi gerçəkləşdi. Bu mərasimi stadiondan, televiziya ekranından izləyən hər kəs heyran olmuşdu. Bu günlər ərzində güləşçilərimizin, karateçilərimizin qazandıqları medallar, eləcə də digər idman növlərindəki uğurlu çıxışlarımız, Azərbaycanın qadınlardan ibarət yığma komandasının uğurlu çıxışı bir azərbaycanlı kimi məni sevindirir. Həqiqətən, Azərbaycan idmançılarının qələbəsinə sevinirəm. İlk Avropa Oyunlarından öncə də demişdim ki, valideynlər öz övladlarını yarışlara aparmalıdırlar. Gələcəkdə övladlarımız o təəssüratlarla, o xatirələrlə yaşamalıdırlar. Ola bilsin o uşaqlar gələcəkdə Avropa, dünya, olimpiya çempionları olmasınlar, heç peşəkar idmançı da olmaya bilərlər, amma ən azından onlar sağlam vətəndaş olacaqlar. Sağlam vətəndaşlarla gələcəkdə biz uğurlara imza atacağıq. Bu, tərbiyə prosesidir, ona görə mən çox xahiş edirəm valideynlərdən ki, onlar öz övladlarını Avropa Oyunlarına aparsınlar. Bəlkə də gələcəyin idmançıları onların arasından yetişəcək. Və yaxud çoxlarının valideynləri təqaüddədir, yaşlı adamlardırlar. Qoy, övladlar da bilet alıb onlara hədiyyə etsinlər, valideynlərini bu yarışlara aparsınlar. O valideynlər də bilsinlər ki, onlar Azərbaycanın keçirdiyi böyük idman bayramında iştirak etdilər. Artıq oyunların bitməsinə bir neçə gün qalıb. Qalan günlərdə çıxış edəcək idmançılarımızın da uğur əldə etməsini arzulayıram. Onlar da qalib gəlsinlər. Artıq Azərbaycan xalqı qalibdir, biz qələbəyə imza atdıq. Və mən Cənab Prezidentə, “Bakı-2015" İlk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya öz minnətdarlığımı bildirirəm. Doğurdan da onlar bizə bu bayramı bəxş etdilər. İnanın mənə, beş-on ildən sonra Birinci Avropa Oyunlarının əks-sədası olacaq və onun bonuslarını görəcəyik.
- Siz bir valideyn kimi övladlarınızı yarışlara aparırsınız?
- Əlbəttə. Bu, bizim ailə ənənəmizdir. 1975-ci ildə Dövlət Sirkində keçirilən Azərbaycan-Amerika yığmasının güləş yarışına baxmağa getmişdim. Daha doğrusu, ora məni atam aparmışdı. İndi də mən müstəqil Azərbaycanda keçirilən belə bir mötəbər tədbirə övladlarımı aparıram. Onu da deyim ki, oğlum cüdo ilə məşğul olur, qızım isə dama üzrə Azərbaycan çempionudur.
- Əslində hər birimizin bu yarışlarda çıxış edən hər bir idmançıdan gözləntilərimiz var. Amma bütün hallarda daha çox ümid bəslənilən idmançılar olur. Sizin gözləntilərinizi doğrultmayan idmançılarımız oldumu?
- Hamısına ümidimiz var idi. Ümidsiz insan yaşaya bilməz. İnsan o zaman ölür ki, ümidləri tükənir. Bu mənada ümid həmişə var. Güləş idman növü bizim canımızda, qanımızdadır. Bilirsiniz ki, Azərbaycan güləşçiləri istər yunan-roma, istərsə də sərbəst güləşdə birinci yerdədirlər. Arzu edirəm ki, güləşdə daha çox Azərbaycan uşaqları güləşsinlər. Onu deyə bilərəm ki, Avropa Oyunlarında kimə ümid bəsləmişdiksə, hamısı çempion oldu və yaxud ikinci, üçüncü yerə sahib oldular.
- Erməni idmançıya məğlub olan güləşçimiz Həsən Əliyev çox tənqid olundu. Buna Sizin də mövqeyinizə də bilmək istərdim.
- Bu idmandır. Fərqi yoxdur, rəqib ermənidir, yaxud başqa bir millətin üzvüdür. Yenə deyirəm bu, idmandır və burada hər bir şey olur. Mən iki dəfə erməni ilə finala çıxmışam, ikisində də qalib gəlmişəm. Mən o hissləri keçirməmişəm. Bəhram Bağırzadə O uşaq Avropa və dünya çempionudur və bu gün uduzduğuna görə onun üzərinə bu qədər gedilməsi məncə, düzgün deyil. Bunu bilirsiniz kimlər edir, hələ vətən üçün heç nə etməyib. Vətəni üçün nəsə edən adam, bu istər musiqiçi, istər idmançı, istər bərbər, istərssə də nazir olsun, əgər o milləti üçün qulluq edirsə, millətini qabağa aparan peşəkardırsa heç vaxt bu sözləri deməz.
- Bəhrəm bəy, səsiniz oyunlarda batıb?
- Ötən günlərdə Azərbaycanın qadınlardan ibarət yığma komandası Polşa yığması ilə qarşılaşırdı. Çox maraqlı, həyəcanlı oyun oldu. Təsəvvür edin, KVN teatrının üzvləri Tahir, Cabir İmanovla birgə saat yarım bu boğazla oyunlara baxdıq, azərkeşlik etdik, nəticədə səsimiz batdı. Onlara zəng vursanız görəcəksiniz ki, mənim kimi səsləri zorla çıxır. Ondan başqa Mariya Stadnik güləşəndə çox həyəcan keçirirdim. Ümumiyyətlə, mən bir səfir kimi təkcə çimərlik futbolu yox, digər idman növlərinin də oyunlarına gedirəm. Hesab edirəm ki, idmançılar bizim kimi azərkeşləri görəndə daha da məsuliyyətlə yanaşırlar yarışmaya.
- Bütün oyunlara getməyə vaxt çatdıra bilirsinizmi?
- Bəli. Mən bütün işlərimi, çəkilişlərimi, yaradıcılıq işlərimi yekunlaşdırmışam. Bilirdim ki, iyun ayının 12-dən 28-nə kimi Bakıda İlk Avropa Oyunları keçiriləcək. Ona görə də bütün işlərimi bitirdim. Bu gün artıq Azərbaycan və bütün dünya müsəlmanları Ramazan ayına girirlər. Bu müqəddəs ayın gəlişi münasibətilə hamını təbrik edirəm, Allahdan oruc tutanlara səbr diləyirəm, oruc tutmayanlara da Yaradan hidayət versin.
- Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyətini nədə görürsünüz?
- Azərbaycan dünyada tanınır. Başqa sözlə Avropa Oyunları ilə biz bir daha özümüzü tanıdacağıq. Avropa Oyunları ilə əlaqədar olaraq Azərbaycanda çox sayda stadionlar tikilib və bu idman sahəsinə gəlir gətirəcək. Bundan başqa Oyunlarla əlaqədar ölkəmizə əcnəbi vətəndaşlar gəlib, bu turizm sahəsindən də vəsait əldə edəcəyimiz qənaətinə gətirir bizi. Avropa Oyunları Azərbaycanın nüfuzunu daha da artıracaq ki, bu da Qarabağ məsələsinin sülh yolu ilə həll olunmasına kömək olacaq.
Bu yarışların hamısı canlı yayımlanacaq, nə qədər ailələr izləyəcək, idmanımızın zəfərinə şahid olacaqlar və əminəm ki, neçə-neçə valideyn övladlarını idman oyunlarına yazdıracaq, eləcə də neçə-neçə övlad da valideynlərindən bunu xahiş edəcək. Bu oyunlar onları həvəsləndirəcək. Avropa Oyunlarından sonra bizim xalqımız sağlam millət olacaq. Həmişə tövsiyə edirəm ki, sağlam olmaq üçün idmanla məşğul olsunlar. Sağlam bədəndə sağlam ruh olur. Canımız sağlam, möhkəm, ruhumuz yüksək olanda hər şey yaxşı olur.
- Mən bildiyim qədər siz uzun illər üzgüçülüklə məşğul olmusunuz.
- Doğrudur, nəticəm də var. Bakı şəhər çempionatında üzgüçülük üzrə üçüncü yerə çıxmışam. Yadımdadır, idman sevgim 1986-cı ildə Moskvada keçirilən yarışmadan sonra olmuşdu. Onda atamdan xahiş etdim ki, məni üzgüçülüyə yazdırsın. Sonra nəticə də əldə etdim. Bir müddət həndbol, basketbol oynadım. Həndbol üzrə Azərbaycan yığmasında da oynamışam.
- Çimərlik futbolu üzrə Ulduz Elçi idiniz. Elçi kimi öhdənizə düşən bütün işləri gördünüzmü?
- Ulduz Elçi kimi həm Azərbaycan, həm də əcnəbi ölkələrdə promo -aksiyalarda iştirak etmişəm. Məsələn, Avstriya-Sloveniyada Avropa Oyunları ilə bağlı promo-aksiyalar keçirildi. Aksiyalarda insanlara “Bakı-2015", eləcə də Azərbaycanla bağlı suallar verirdim. Suallara düzgün cavab verənlərə Avropa Oyunlarının atributikasını, müxtəlif səpkili kitablar, disklər təqdim edirdim. Azərbaycanda üç-dörd ay ərzində çoxsaylı reklamlara, roliklərə çəkilmişəm, aksiyalarda iştirak etmişəm. Bundan başqa gənclərlə görüşmüşəm, söhbət etmişəm, biletlərin realizəsi ilə məşğul olmuşam. Eləcə də verilişlərdə mütamadi iştirak edirdim. Sosial şəbəkələrdə idmansevərləri yarışlarda iştirak etməyə səsləyirdim.
Nərmin Muradova