24 İyun 2015 11:10
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünən bir sıra məkanlarda oldum, gözəl yarışlara tamaşa etdim”. Bunu Bakı-2015 I Avropa Oyunları Əməliyyatlar Komitəsinin baş direktoru Saymon Kleq deyib.

Bu gün “Hilton” oteldə ənənəvi mətbuat konfransı keçirən baş direktor öncə dünənin yekunları və qarşıda duran planlarla bağlı məlumat verib: “Dünən 12 yarışı 17 min 716 tamaşaçı izləmişdi. Orta hesabla 84 faiz insan Oyunları izləyib. 8 məkanda keçidlər tamamlanıb. Bu da bəzi yarışların başa çatması ilə əlaqədardı. 3x3 basketbol oyunlarını izlədim, möhtəşəm idi. Olimpiya stadionunda artıq bağlanış mərasiminə hazırlıqlar başlayıb. Dünən 1500 idmançı və rəsmi ölkəni tərk edib. Dünən əlavə 5000 bilet satılıb. Bu gün 7 idman növü üzrə yarışlar keçiriləcək ki, 2-ində medallar təqdim olunacaq. 22 mindən çox tamaşaçının gəlməsini gözləyirik. Sabah 30 mindən çox tamaşaçının olacağı proqnozlaşdırılır. Çünki sabah cüdo yarışları start götürəcək”.

Baş direktor qeyd edib ki, Azərbaycanı tərk edən bütün idmançılara xatirə hədiyyəsi verilib: “Təşkilat komitəsi bütün iştirakçılara xatirə medalı təqdim etmişdi. Bu medal onlar üçün çox dəyərli hədiyyədi. Lakin onların apardığı ən böyük xatirə ilk Avropa Oyunlarında iştirak və Azərbaycan haqda təəssüratlardı”.

Saymon Kleq medianın Oyunları işıqlandırmasından razı qaldığını söyləyib: “1288 media qeydiyyatdan keçib. Bu da yüksək göstəricidi. Unutmayaq ki, bu, ilkdi. Yəni hələ ənənə halını almayıb. Mətbuatın dəstəyi Oyunlara marağı daha da artırır. Azərbaycanın gözəl təsvirləri dünyaya bölüşdürülür. Yayım səviyyəsi gözlədiyimizdən də artıqdı”.

Onun sözlərinə görə, deyib ki, bu gün və sabah Fəvvarələr meydanında tədbir olacaq: “Həmin tədbirdə iki dünya çempionu iştirak edəcək. Bu, Olimpiya stadionundakı yarışlardan fərqlənir. Küçə atletikasıdı, Tamaşaçılar lap yaxından izləyə biləcəklər. Bu, çox gözəl təşəbbüsdü. Son iki ildə bir yenilik kimi istifadə olunur. Mən özüm də orda iştirak etməyə çalışacam”.

Kleq bəzi xarici mətbuatın qərəzli yanaşmasına da münasibət bildirib: “Bizim əsas işimiz idmandı. İdman yarışlarının keyfiyyətini heç kim sual altında qoya bilməz. Hamı əlindən gələni edir ki, dünya səviyyəli yarış keçirilsin. Avropa Olimpiya Komitəsi həddən artıq məmnundu. Biz yalnız idmana köklənmək istəyirik. Başqaları kənar işlərlə məşğul ola bilərlər”.


Müəllif: