14 Aprel 2014 17:55
1 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

<b>Fəzail İbrahimli: "Bununla biz Qərbə də, Kremlə də etirazımızı bildirdik"</b>

Azərbaycanın AŞPA-dakı Nümayəndə Heyətinin üzvü, millət vəkili Fəzail İbrahimli qurumun yaz sessiyasında Rusiya ilə bağlı müzakirə olunan qətnamə, deputatlarımızın tutduğu mövqe və bu kimi məsələlərlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

- Azərbaycan Nümayəndə Heyəti AŞPA-nın yaz sessiyasında Rusiyaya qarşı sanksiyanı nəzərdə tutan qətnamə ilə bağlı bitərəf mövqe nümayiş etdirib. Həmin heyətdə təmsil olunan deputat olaraq bu mövqeni necə qiymətləndirirsiz?
- Azərbaycan qardaş slavyan xalqları, ölkələri arasında gedən qarşıdurmada rol almaq, proseslərə müdaxilə etmək istəmir. Bu, beynəlxaq diqqət cəlb edən məsələdir. Beynəlxalq təşkilatların ikili standartları nəticəsində Azərbaycan torpaqları hələ də erməni işğaıçılarının nəzarətindədir. Necə olur ki, 20 ildir Ermənistana qarşı sanksiya tətbiq etməyən Qərb Rusiyaya qarşı qısa müddətdə qərarlar qəbul edir. Vaxtında erməni aqressivliyinin qarşısı alınsaydı, bu gün belə bir problem yaşanmazdı. Qərb deyir ki, Avropa ailəsiə daxil olan bir dövlət başqa bir dövlətin ərazisinə müdaxilə etməməlidir. Ermənistan da həmin ailənin üzvüdür, Azərbaycanın bir hissəsini işğal edib, amma heç bir təzyiqlə üzləşməyib. Biz Qərbin bu siyasətinə etiraz olaraq səsvermədə bitərəf qaldıq.

- Bildirlir ki, Azərbaycan Nümayəndə Heyətinin qərarı həm Rusiya, həm də Qərb dövlətləri tərəfindən narazılıqla qarşılanıb. Bəzi siyasilər bildirir ki, əgər Azərbaycan özünü Rusiyanın dostu hesab edirsə qətnamənin əleyhinə səs verməli idi. Digərləri isə "Azərbaycan Avropa ailəsinin üzvü olaraq qətnamənin lehinə səs verməli idi", deyə qeyd edirlər. Siz necə hesab edirsiniz, Azərbaycan müzakirələrdə konkret tərəf tuta bilərdimi?
- Bilirsiniz, ölkədə nə qədər politoloq, siyasətçi varsa, bizim qərarımızla bağlı bir o qədər fərqli mövqelər ola bilər. İndi biz bütün qərarlarımızı özlərini ekspert sayanlarla məsləhətləşməli deyilik axı. Biz onların musiqisi ilə oynayası deyilik. Nümayəndə Heyəti məsləhət görüb ki, bitərəf mövqe nümayiş etdirilsin. Heç bir üzvümüz qərara qarşı çıxmadı. Kimsə qarşısına çay qoyub bizim qərarlarımızla bağlı mollalıq etmək istəyəcəksə, bu, mənim üçün xüsusi əhəmiyyət kəsb eləmir. İndi hər yerindən duran özünü politoloq sayır. Onlar dünya siyasətini nə dərəcədə yaxşı bilir, bu sual altındadır.

- Sessiyada sizin qərarınıza rusiyalı və ya avropalı həmkarlarınızın münasibəti necə oldu?
- Qətnamənin müzakirəsində rusiyalı deputatlar iştirak etmirdilər. İclas qurtarandan sonra hər kəs öz işinin dalınca getdi. Avropalı deputatlar bizim qərarımızdan sevinmədilər. Heç ruslar da bizim qərarımızdan sevinmədilər. Biz ona görə bitərəf qalmadıq ki, avropalıların, ya rusların xoşuna gələk. Biz Strasburqda Azərbaycan davasını etdik. Bitərəf qalmaqla Ermənistana təzyiq etməyən Avropaya və işğalçının arxasında dayanan Rusiyaya etirza etdik.

- Ümumiyyətlə, qətnamənin Rusiyaya təsirini necə qiymətləndirirsiz?
- Deyə bilmərəm. Mən AŞPA-nın prezidenti deyiləm ki, qətnamənin təsirini qiymətləndirim. Bu barədə heç nə deyə bilmərəm. Sadəcə Avropa Şurasının gəldiyi qənaət belə oldu ki, Rusiyaya qarşı sanksiya qəbul olunsun və bu cür də etdilər.

- Belə fikirlər səsləndirilir ki, müzakirələrdə iştirak edən Azərbaycan deputatlarının sırasında real müxalifətçilər olsaydı, onlar Rusiyanıb əleyhinə çıxa bilərdilər. Bu fikirlə nə dərəcədə razısız?
- Gülməli yaaşmadı. Səsvermədə iştirak etməsək də, Nümayəndə Heyətində təmsil olunan Fazil Mustafa və mən müxalifəti təmsil edirəm. Müxalifətçi olmaq o demək deyil ki, sən mütləq hakim partiyanın deputatlarının mövqeyinə əks mövqe ortaya qoyasan. Müxalifətçilik dövlət, millət maraqlarına qarşı çıxmaq demək deyil.

- Azərbaycan AŞPA-da Ermənistana qarşı anoloji sanksiyanın tətbiq edilməsi məsələsini qaldıra bilərmi?
- Əlbəttə qaldıra bilərik. Biz AŞPA-da bununla bağlı mövqeyimizi çox kəskin formada ortaya qoyduq. AŞPA bir il öncə Ermənistanı təcavüzkar adlandırıb, amma ona qarşı heç bir sanksiya qəbul etməyib. Bu mənada biz AŞPA-nın Rusiyaya qarşı nə dərəcədə ədalətli olduğunu həzm edə bilmədik. Necə olur ki, Azərbaycanın ərazisi işğal olunanda, bir milyona yaxın sakini qaçqın düşəndə sən buna biganə yanaşırsan, amma başqa bir dövlətin ərazisi digər dövlətə birləşdiriləndə buna təcili sərt reaksiya verirsən? Bu ikili standart nə ilə bağlıdır? Biz Avropa Şurasının bu siyasətinə qarşı etirazımızı bildirdik. Biz Strasburqda dövlətin maraqlarından çıxış edərək bu qərarı verdik. Bu, ölçülüb-biçilmiş qərardır. Biz BMT Baş Məclisində Ukraynanın ərazi bütövlüyünü dəstəkləmişik. Çox təəssüf olsun ki, Ukrayna Dağlıq Qarabağ məsələsində Azərbaycana kifayət qədər dəstək olmayıb. Düzdür, ərazi bütövlüyümüzü tanıyıb, amma Ermənistana qarşı bir qədər loyal mövqe sərgiləyib. Amma Azərbaycan ən kritik məqamda Ukraynaya dəstək durdu. Bu, Azərbaycan dövlətinin, onun rəhbərliyinin cəsarətidir.

- Ümumiyyətlə, Ukraynada baş verənləri necə proqnozlaşdırırsız?
- Bu xəmir hələ çox su aparacaq. Hələ ki, Ukrayna özünü müdafiə ilə məşğuldur. Dövlət kimi tam özünü ələ alandan sonra Ukrayna müstəqil xarici siyasət yürüdə biləcək. Ukrayna ilə bağlı proqnoz vermək üçün gərək ya Amerika, ya Rusiya, ya da Ukraynanın öznün siyasi mətbəxində olasan. Mən onların heç birinin mətbəxində olmadığım üçün Ukrayna ilə bağlı proqnoz verməkdə çətinlik çəkirəm.

Ruslan Xəlil


Müəllif: Ruslan Xəlil

Oxşar xəbərlər